1-ci sinif rus bölməsi bağlanır?

Ağdaş rayonu Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbdə rus bölməsinin açılmaması məsələsi valideynlərin narazılığına səbəb olub. 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, onların sözlərinə görə, hazırda həmin bölmə üzrə qəbul olunan 21 şagirdin gələcəyi qeyri-müəyyən vəziyyətdə qalıb.

Valideynlərdən biri bildirib ki, onlara sinfin formalaşdırılmayacağı deyilib və uşaqların ya başqa məktəblərə yönləndirilməsi, ya da Azərbaycan bölməsinə keçirilməsi təklif olunub. Onun fikrincə, səbəb kimi göstərilən kadr çatışmazlığı real vəziyyəti əks etdirmir.

"Uşaqlar artıq bir ildir rus bölməsi üzrə hazırlıq kurslarına qatılır, imtahan verərək uğur qazanıblar, lakin indi sinfin açılmaması onların təhsil hüququna mənfi təsir edir".

Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsi açıqlama verib. Bildirilib ki, birinci siniflərə qəbul prosesi elektron sistem üzərindən həyata keçirilir və sinif komplektləri bütün mərhələlər yekunlaşdıqdan sonra formalaşdırılır.

Qurumun məlumatına görə, müsahibə mərhələsi müsabiqə xarakteri daşımır, əsas məqsəd şagirdlərin seçilmiş tədris dili üzrə bacarıqlarının qiymətləndirilməsidir. Uğur qazanan şagirdlərin valideynləri 17 iyundan etibarən məktəb və müəllim seçimi edə biləcəklər.

Həmçinin qeyd olunub ki, birinci sinfə qəbul prosesi sentyabr ayına qədər davam edəcək və digər tədris dilləri üzrə də seçim imkanı yaradılacaq. Valideynlərə prosesin rəsmi qaydada izlənilməsi və yalnız rəsmi məlumatlara istinad edilməsi tövsiyə olunub.