Yumurtanın qiymətinin 1 qəpiyə düşməsinin maraqlı

Yumurtanın qiymətindəki ucuzlaşmanı bir çoxu maraqla qarşıladı. Qiymətlərin isə nə zamana qədər bu səviyyədə qalacağı isə hər kəsi düşündürən sualdır. 

Mövzu ilə bağlı Day.Az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov deyib ki, ümumilikdə yay dövründə havaların isti keçməsi səbəbindən insanlar heyvandarlıq məhsullarına, xüsusilə yumurta və ətə olan tələbatı azaldırlar.

O, qeyd edib ki, bu tendensiyanı biz əvvəlki illərdə də müşahidə etmişik.

"Bu vəziyyət təxminən avqust ayına qədər davam edir. Avqustdan etibarən isə tələbatın artması ilə yanaşı, təklifin məhdud qalması qiymətlərdə yüksəlişə səbəb olur. Keçən il də oxşar vəziyyət müşahidə olunmuş, yumurtanın qiyməti avqustdan başlayaraq ardıcıl olaraq bir neçə ay - sentyabr, oktyabr, noyabr və dekabr aylarında, hətta növbəti ilin yanvarına qədər artım göstərmişdi.

Ekspert bildirib ki, hazırkı şəraitdə təklifin ciddi şəkildə artacağı gözlənilmir:

"Çünki bu sahədə əsaslı yeniliklər baş verməyib. Eyni zamanda quş yemi əsasən idxal olunur və onun baha başa gəlməsi istehsal xərclərini artırır. Buna görə də qısa müddətli azalmadan sonra avqustun əvvəlindən etibarən qiymətlərdə yenidən artımın başlaması və bir neçə ay davam etməsi ehtimal olunur", - deyə o bildirib.

Nəsimi Ələsgərli