Azərbaycanda ilk dəfə beynəlxalq təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün Cambridge beynəlxalq təlimləri keçirilib - FOTO
14-15 noyabr 2026-cı il tarixlərində Azərbaycanda dünyanın bir sıra nüfuzlu beynəlxalq təhsil qurumlarının rəsmi nümayəndəsi olan "BookshelfIM" MMC və ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbinin birgə əməkdaşlığı çərçivəsində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təhsil müəssisələrinin müəllim heyəti üçün ilk dəfə olaraq "Cambridge University Press & Assessment" tərəfindən beynəlxalq peşəkar inkişaf təlimləri təşkil olunub.
İngilis dili, Riyaziyyat və Təbiət elmləri fənlərini əhatə edən təlimlərin əsas məqsədi ibtidai təhsil pilləsində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin beynəlxalq təhsil standartlarına uyğun pedaqoji bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də müasir təlim və qiymətləndirmə metodlarının tədris prosesinə tətbiqinə dəstək göstərmək olub.
Təlim proqramı bir neçə mühüm istiqaməti əhatə edib. Bunlara ibtidai təhsil pilləsində qiymətləndirmə prosesinə vahid yanaşmanın tətbiqi, müəllimlər və siniflər arasında qiymətləndirmə meyarlarının uyğunlaşdırılması, şagirdlərlə effektiv və inkişafyönümlü əks-əlaqənin qurulması, diferensiallaşdırılmış təlim strategiyalarının tətbiqi, eləcə də hər bir şagirdin fərdi potensialına və təlim ehtiyaclarına uyğun dəstək mexanizmlərinin hazırlanması daxil olub.
Bununla yanaşı, iştirakçılar şagirdlərin bilik və bacarıq səviyyələrinin, təlim nailiyyətlərinin və fərdi inkişaf dinamikasının düzgün qiymətləndirilməsi, əldə olunan məlumatların müəllimlər arasında səmərəli mübadiləsi, tədris prosesinin planlaşdırılmasında istifadəsi və müxtəlif təhsil pillələri arasında təlim ardıcıllığının təmin edilməsi istiqamətində beynəlxalq təcrübə ilə tanış olublar.
Təlimlərin mühüm istiqamətlərindən biri də "Cambridge GO" elektron tədris platformasının təqdimatı olub. İştirakçılara İngilis dili, Riyaziyyat və Təbiət elmləri üzrə Cambridge rəqəmsal resurslarından istifadə imkanları, onların dərs prosesinə inteqrasiyası və təlim nəticələrinin yaxşılaşdırılmasında tətbiqi barədə praktiki biliklər verilib.
Təlimlərdə Azərbaycanın aparıcı beynəlxalq və özəl təhsil müəssisələrini təmsil edən müəllimlər iştirak ediblər. İştirakçılar arasında "Azerbaijan British College", "ADA School", "Baku Oxford School", "Bumblebee Preschool & Montessori", "Evrika" Beynəlxalq Elm və Texnologiya Liseyi, "Kaspi" Liseyi, "Landau School", "Modern Innovations Lyceum", Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Cambridge School" Beynəlxalq Məktəbi, "Zirvə" Liseyi və "XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi"nin müəllim heyəti yer alıb.
"Cambridge University Press & Assessment"in peşəkar təlimçiləri tərəfindən aparılan məşğələlər interaktiv və praktiki yanaşma əsasında təşkil olunub. Təlimlər müəllimlərə beynəlxalq pedaqoji təcrübəni öyrənmək, müasir qiymətləndirmə və tədris metodlarını mənimsəmək, eləcə də fənlər üzrə təlim keyfiyyətinin artırılmasına xidmət edən yeni yanaşmaları öz peşəkar fəaliyyətlərində tətbiq etmək imkanı yaradıb.
Tədbirin sonunda təlimlərdə iştirak edən bütün müəllimlər "Cambridge Professional Development Qualifications" proqramı üzrə rəsmi qeydiyyata alınıb və iştiraklarını təsdiq edən müvafiq sertifikatlarla təltif olunublar.
Bu təşəbbüs Azərbaycanın beynəlxalq təhsil məkanına inteqrasiyası, qabaqcıl pedaqoji təcrübənin ölkəmizdə yayılması və müəllimlərin davamlı peşəkar inkişafının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, müxtəlif beynəlxalq təhsil müəssisələrinin müəllimləri arasında təcrübə mübadiləsinin genişləndirilməsinə, vahid keyfiyyət standartlarının təşviqinə və ibtidai təhsildə daha yüksək akademik nəticələrin əldə olunmasına töhfə verir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре