Tikintiyə icazə prosedurları sadələşdirilir - ŞAD XƏBƏR
Ölkədə tikintiyə icazə prosedurlarının sadələşdirilməsi, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi və rəqəmsal xidmətlərin təkmilləşdirilməsi istiqamətində yeni mərhələyə başlanılıb.
Day.Az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə tikinti layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb.
Yeni mexanizmin əsas məqsədi icazə proseslərindəki gecikmələri aradan qaldırmaq, şəffaflığı artırmaq və tikinti layihələrinin icrasını sürətləndirməkdir.
Komissiya tikinti layihələrinin hazırlanması, razılaşdırılması və icazə prosedurlarında yaranan problemləri araşdıracaq, aidiyyəti dövlət qurumlarının fəaliyyətini əlaqələndirəcək. Həmçinin qanunvericiliyin tələblərinə əməl edən şirkətlərin müraciətlərinə baxılma müddətlərinin optimallaşdırılması və mövcud çətinliklərin aradan qaldırılması üçün altı ay ərzində təkliflər hazırlanacaq.
Komissiyanın fəaliyyətində vətəndaşların maraqlarının qorunması da əsas istiqamətlərdən biri olacaq. Xüsusilə çoxmənzilli binaların sökülərək yenidən tikilməsi zamanı şirkətlərin öhdəliklərini vaxtında yerinə yetirməsi və layihələrin yarımçıq qalmaması məsələlərinə nəzarət gücləndiriləcək. Dəyişikliklərin tikinti sektorunda idarəetməyə və layihələrin icrasına necə təsir göstərəcəyi komissiyanın fəaliyyəti nəticəsində bəlli olacaq.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре