https://news.day.az/azerinews/1874866.html Azərbaycan ixracatçılarına yeni dəstək: hansı məhsulların daşınma xərcləri qarşılanacaq? Azərbaycanda qeyri-neft-qaz məhsullarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi mexanizminin tətbiqi ilə bağlı yeni qaydalar təsdiqlənib. Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul edilib.

Azərbaycan ixracatçılarına yeni dəstək: hansı məhsulların daşınma xərcləri qarşılanacaq?

Azərbaycanca, 17 ноября 2026 09:49 (UTC +04:00) 232
Azərbaycan ixracatçılarına yeni dəstək:

Azərbaycanda qeyri-neft-qaz məhsullarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi mexanizminin tətbiqi ilə bağlı yeni qaydalar təsdiqlənib.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul edilib.

Belə ki, İqtisadiyyat Nazirliyinin Kollegiyasının 15 oktyabr 2026-cı il tarixli qərarı ilə ixrac daşıma dəstəyinin şamil olunacağı qeyri-neft-qaz məhsullarının və onların ixrac ediləcəyi ölkələrin siyahısı, dəstək məbləğlərinin ödənilməsi üçün müraciət və müraciətlərə baxılması, həmçinin müxtəlif nəqliyyat növlərindən istifadə edilən multimodal daşımalar üzrə dəstəyin hesablanması qaydaları təsdiq edilib.

Qərar Prezidentin 9 iyun 2026-cı il tarixli qeyri-neft-qaz məhsullarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanının icrası məqsədilə qəbul olunub.

Təsdiq edilmiş siyahıya kənd təsərrüfatı və ərzaq məhsulları ilə yanaşı, sənaye, kimya, əczaçılıq, tekstil, tikinti materialları, metallurgiya, maşınqayırma, elektrik avadanlıqları, nəqliyyat vasitələrinin hissələri, mebel və digər hazır məhsullar daxil edilib. Beləliklə, dəstək mexanizmi yalnız ərzaq və kənd təsərrüfatı məhsullarını deyil, geniş çeşiddə qeyri-neft-qaz sənayesi məhsullarını da əhatə edir.

Dəstəyin tətbiq ediləcəyi ixrac istiqamətləri arasında Avropa İttifaqı ölkələri, Böyük Britaniya, ABŞ, Çin, Türkiyə, Hindistan, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Afrika, Cənubi Amerika, Şimali və Mərkəzi Amerika ölkələri, eləcə də Asiya və Okeaniyanın bir sıra dövlətləri yer alıb. Bununla belə, bəzi ölkələrə ixrac zamanı məhsul qrupları üzrə məhdudiyyətlər nəzərdə tutulub. Məsələn, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan və Ukraynaya müəyyən tərəvəz və meyvə məhsullarının (7-ci və 8-ci qruplar) ixracı dəstəkdən istisna edilib.

Qaydalara əsasən, ixrac və daxili daşıma dəstəyi məbləğləri müvafiq rüb ərzində həyata keçirilən daşımalar üzrə həmin rüb başa çatdıqdan sonra ixracatçıların və satıcıların (malgöndərənlərin) müraciəti əsasında ödəniləcək. Müraciətlərə İqtisadiyyat Nazirliyi tərəfindən baxılacaq.

 

İxrac daşıma dəstəyi üçün müraciət edən sahibkarlar ixrac olunan məhsulun 10 rəqəmli XİF MN kodunu, adını, miqdarını və gömrük dəyərini, ixrac gömrük bəyannaməsinin məlumatlarını, məhsulun mənşəyini təsdiq edən sənədi, daşıyıcı və daşınma növü barədə məlumatları təqdim etməlidirlər. Həmçinin daşınma xərclərinin faktiki ödənilməsini təsdiqləyən sənədlər, nəqliyyat sənədləri və xarici alıcının ödənişini təsdiq edən bank sənədi tələb olunur.

Müraciətə əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkarlandıqda, onların aradan qaldırılması üçün ərizəçiyə məlumatın təqdim edildiyi tarixdən 15 gün vaxt veriləcək. Nazirlik müraciətin qeydiyyata alındığı tarixdən etibarən 30 gündən gec olmayaraq dəstəyin ödənilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul etməlidir. Dəstəyin ödənilməsi haqqında qərar qəbul edildikdən sonra vəsait 30 gün ərzində ərizəçinin bank hesabına köçürüləcək.

Dəstəkdən yararlanmaq üçün təqdim edilən məlumatların qeyri-dəqiq və ya təhrif olunmuş olması, ixrac edilən məhsulun və ya onun göndərildiyi ölkənin təsdiq edilmiş siyahıya daxil edilməməsi, eləcə də Nazirlər Kabinetinin müəyyən etdiyi istisna hallar imtina üçün əsas sayılır.

Yeni qaydalarda müxtəlif nəqliyyat növlərindən istifadə edilməklə həyata keçirilən multimodal daşımalar üzrə dəstəyin hesablanma mexanizmi də müəyyənləşdirilib. Bu halda dəstək həm daşınma xərclərinə görə faktiki nağdsız ödənilmiş məbləğ, həm də ixrac olunan məhsulun gömrük dəyəri əsasında hesablanır. Hesablamada istifadə edilən dəstək əmsalları daşınmada xarici avtomobil nəqliyyatı, dəniz, dəmir yolu və hava nəqliyyatının iştirakından, eləcə də hər bir nəqliyyat növü üzrə çəkilmiş xərclərin bölgüsünün sənədlərdə göstərilməsindən asılıdır.

Daşıma xərclərinin nəqliyyat növləri üzrə bölgüsü təqdim edilmədikdə, müəyyən edilmiş istisnalar nəzərə alınmaqla, xərc əsasında hesablanan dəstək əmsalı 0,50, gömrük dəyəri əsasında hesablanan əmsal isə 0,05 təşkil edir. Multimodal daşımalar üzrə ödəniləcək yekun dəstək məbləği isə daşınma xərcləri və gömrük dəyəri əsasında hesablanmış iki məbləğdən daha aşağı olanı əsasında müəyyən edilir.

Qeyd edək ki, qərarın 1-3-cü hissələri 2026-cı il sentyabrın 1-dən tətbiq olunur. Qaydalar 2036-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac və daxili daşımaları əhatə edir və 2036-cı il dekabrın 31-dək qüvvədə olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости