İşsiz və işaxtaranları gələn il nə gözləyir? – Minlərlə ailəyə dəstək planlaşdırılır
2027-ci ildə İşsizlikdən Sığorta Fondunun (İSF) vəsaiti hesabına 444 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması nəzərdə tutulur.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, gələn il İSF-nin gəlirlərinin cari illə müqayisədə 30,6 milyon manat və ya 12,8 faiz artaraq 268,9 milyon manata çatacağı proqnozlaşdırılır.
Fondun xərcləri isə builki göstəricidən 52,8 milyon manat və ya 19,8 faiz çox olmaqla 319,2 milyon manat təşkil edəcək.
Vəsaitin işsizliyə görə sığorta ödənişləri ilə yanaşı, bir sıra aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Bu tədbirlərə özünüməşğulluq proqramının icrası, peşə hazırlığının təşkili, haqqı ödənilən ictimai işlər, əlavə təhsil, peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi, peşə standartlarının hazırlanması və digər istiqamətlər daxildir.
Bundan əlavə, 2027-ci ildə Fondun vəsaiti hesabına 14,5 min ailə üçün kiçik təsərrüfatların qurulması planlaşdırılır. Bu, işsiz və işaxtaran şəxslərin kiçik biznesə başlamasına dəstək məqsədi daşıyan özünüməşğulluq proqramı çərçivəsində həyata keçiriləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре