Naxçıvan şəhər sakinləri ümumxalq səsverməsində yüksək fəallıq nümayiş etdirirlər

Day.Az представляет новость на азербайджанском языке

Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində ümumxalq səsverməsi (referendum) ruh yüksəkliyi və seçici fəallığı şəraitində keçirilir. 4 saylı Naxçıvan şəhər seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində olarkən biz bunun bir daha şahidi olduq.

Məlumat üçün deyək ki, dairə üzrə 37 məntəqədə, ümumilikdə, 44 min 304 seçici var ki, bunlardan da 615 nəfəri ilk dəfə səs vermədə iştirak etmək hüququ qazanıb. Seçicilərin 1 nəfərinin yaşı 100-dən yuxarıdır. Seçki məntəqələrinin hamısı müasir binalarda yerləşir. Dairənin 4-10, 4-12, 4-15, 4-17 və 4-28 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılıb.

Muxtar respublikanın paytaxtında - Naxçıvan şəhərində səsvermə prosesini izləmək, seçicilərin fikirlərini öyrənmək üçün müşahidələrimizə Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yerləşən 9 saylı seçki məntəqəsindən başladıq.

Qaydalara uyğun olaraq, 4-9 saylı məntəqə seçki komissiyasının sədri Namiq Novruzov komissiya üzvləri qarşısında şəffaf qutuların möhürlənməsini həyata keçirdi. Həm daşınan qutu, həm də məntəqədə yerləşən şəffaf qutular ayrı-ayrılıqda möhürləndi. Məntəqədə səsverməyə vaxtında - saatlarımız 8:00-i göstərəndə start verildi. Referendumun ilk saatlarından başlayaraq artıq məntəqəyə seçicilərin axını müşahidə edilirdi. Məntəqədə ilk səs verən Hikmət Muxtarovla həmsöhbət oluruq. O deyir: "Bütün seçkilərdə mən həmişə çalışmışam ki, öz səsvermə hüququmdan istifadə edərək səs verim. Çünki mən belə hesab edirəm ki, keçirilən hər bir seçki ölkəmizin taleyində əhəmiyyətli rol oynayır. Bu mənada Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin ümumxalq səsverməsinə çıxarılması böyük əhəmiyyətə malikdir. Ona görə də səhər ilk işim 4-9 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququmdan istifadə etməklə vətəndaşlıq mövqeyimi bildirməyim oldu. Burada səsvermənin şəffaf və azad keçirilməsi üçün hər cür şərait yaradılıb. Referendumun uğurla başa çatacağına və ölkəmizin gələcəyi üçün faydalı olacağına əminəm".

Müşahidələrimizi Naxçıvan şəhərindəki 17 nömrəli tam orta məktəbdə yerləşən 4-36 saylı seçki məntəqəsində davam etdiririk. Məntəqənin yerləşdiyi binaya yaxınlaşarkən burada seçicilərin çoxluğu və yüksək əhval-ruhiyyə ilə referendumda iştirak etmələri diqqətimizi cəlb etdi. 26 sentyabr - referendum günü həm də ad gününü qeyd edən Arif Qurbanovla rastlaşdıq. Arif Qurbanov bildirdi ki, bu gün həyatının ən yaddaqalan günü olacaq. Sevincini bizimlə bölüşən Arif dedi: "Ad günümün ümumxalq səsverməsinin keçirildiyi günə təsadüf etməsi məni hədsiz dərəcədə sevindirdi. Çünki bu gün muxtar respublikamızda insanlar bayram əhval-ruhiyyəsindədirlər və bu tarix ölkəmizin ictimai-siyasi həyatında əlamətdar gün kimi qalacaq. Həm də bu gün mən ilk dəfə səsvermə hüququmdan istifadə etdim. Yəni, mən də bir vətəndaş kimi mövqeyimi səsvermə yolu ilə bildirdim. Bu mənada 26 sentyabr mənim üçün ikiqat bayramdır".

4-36 saylı məntəqə seçki komissiyasının sədri İsa Məhərrəmovun sözlərinə görə, 1495 seçicinin qeydiyyatda olduğu məntəqədə 24 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edən seçici var. Bu gün onlar fəallıqları ilə seçiliblər.

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin inzibati binasında yerləşən 4-37 saylı seçki məntəqəsində də gənclərin fəallığı diqqətimizi cəlb etdi. Məntəqə seçki komissiyasının sədri Həsən Əliyevdən öyrəndik ki, məntəqədə qeydiyyatda olan 1494 seçicidən 18 nəfəri ilk dəfə səs verən vətəndaşlardır. Seçicilərin hamısı səsvermə prosesində fəallıq nümayiş etdirirlər. Məntəqədə səs verən Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov bizimlə söhbətində hər bir vətəndaşın səsvermədə şəffaf və demokratik şəkildə öz iradəsini bildirməsi üçün yüksək səviyyədə şəraitin yaradıldığını qeyd etdi.

Veb-kamera ilə təchiz olunmuş 4-28 saylı seçki məntəqəsində də olduq. Bu məntəqə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə yerləşir. Məntəqə seçki komissiyasının sədri Arzu Abdullayevdən aldığımız məlumata görə, 1494 seçicinin qeydiyyatda olduğu məntəqədə 18 nəfər ilk dəfə səs vermək hüququna malikdir. Səsvermədə bütün seçicilər həvəslə iştirak edirdilər.

4-28 saylı seçki məntəqəsində səsvermə hüququnda istifadə edən əslən ukraynalı olan Azərbaycan Respublikasının vətəndaşı Zoya Seyidova qeyd etdi ki, həqiqətən də, muxtar respublikada hər seçkidə seçicilərin yüksək fəallığını müşahidə edib. 1983-cü ildə Naxçıvan sakini Mirşücayət Seyidov ilə ailə həyatı quran və o vaxtdan Naxçıvan şəhərində yaşayan Zoya Seyidova dedi: "Bu gün məntəqəyə gələndə seçicilərin fəallığını müşahidə etdim. Bunun əsas səbəbi muxtar respublikada yaradılan demokratik şəraitdir. Digər tərəfdən seçicilərin fəallığı onların siyasi proseslərdən məlumatlı olduğunu göstərir. Mən də yaradılan bu şəraitdən bəhrələnərək Azərbaycan Respublikasının vətəndaşı kimi səsvermə hüququmdan istifadə etdim. Mən məntəqə seçki komissiyasının üzvlərinin biz vətəndaşlara necə hörmətlə yanaşdığını, lazım gələndə qanunvericilik çərçivəsində bizə hər cür köməklik göstərdiklərini gördüm. Bu, çox müsbət haldır".

Müşahidə apardığımız növbəti ünvan "Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyətinin binasında təşkil edilən 4-17 saylı seçki məntəqəsi oldu. Burada da məntəqə seçki komissiyasının işində Yeni Azərbaycan Partiyasının, Böyük Quruluş Partiyasının, Ana Vətən Partiyasının təmsilçiləri və bitərəflər iştirak edirdilər. Bu məntəqədə 1376 seçici qeydiyyatdadır. Səsvermə prosesinə start verildikdən qısa zaman sonra artıq 300-dən çox seçici səsvermə hüququndan istifadə etmişdi.

Məntəqə seçki komissiyasında Ana Vətən Partiyasının təmsilçisi olan Aytac Vəlizadə bildirdi ki, komissiya üzvü olduğu 4-17 saylı seçki məntəqəsində vətəndaşların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb: "Səsvermənin gedişatından razıyıq, proses normal qaydada keçir. Seçici fəallığını xüsusilə qeyd etməliyəm. İnsanlar məntəqəyə gəlir və heç bir müdaxilə olmadan səs verirlər".

1496 nəfər seçicinin qeydiyyatda olduğu Naxçıvan şəhərindəki 8 nömrəli uşaq bağçasının binasında yerləşən 4-20 saylı seçki məntəqəsində seçkilərdə 28 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edib. İlk dəfə səsvermə hüququndan istifadə edən Tahir Gülmalıyev seçki məntəqəsində ona lazımi köməkliyin göstərildiyini və sərbəst şəkildə səsvermədə iştirak etdiyini bildirdi.

AZƏRTAC

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.