Bakıda daha saatlarla tıxacda qalmayacaqsınız

Day.Az представляет новость на азербайджанском языке

Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək.

BNA-nın ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilib. 

İlkin olaraq, Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib. Burada məqsəd Bakı şəhərində müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, o cümlədən əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır. 

Day.Az xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov azvision.az-a bildirib ki, yaxın bir ay ərzində Bakıda belə zolaqları görə biləcəyik. 

Ekspertin sözlərinə görə, avtobuslar üçün ayrıca zolaqların olacağı küçə və prospektlər eyni istiqamətdə 3 və daha çox hərəkət zolağı olan yollardır: "Bunlar kifayət qədər geniş yollardır. Orada avtobuslar üçün zolağın yaradılması digər zolaqlarda normal hərəkətin qalmasına şərait yaradacaq. Dünyanın bir çox ölkələrində avtobuslar üçün belə yollar var. Burada məqsəd odur ki, tıxac yaransa belə, avtobus tıxacda qalmasın. Bu zolaqların təşkil edilməsi ilə avtobusların ayrıca yolu olacaq və başqa nəqliyyat vasitələri yolu tuta bilməyəcək. Həmin zolağa kimsə daxil olsa 40 manat cərimə olunacaq". 

Ə.Hüseynov qeyd edib ki, sovet dövründə Bakı şəhərində avtobuslar üçün ayrıca zolaqlar olub: "Həmin zolaqlar 2007-ci ilə qədər qalıb. Tramvay və trolleybusların ləğvi ilə eyni vaxtda həmin zolaqlar da ləğv olundu. Buna baxmayaraq "Yol hərəkəti haqqında" qanunda da bu barədə qeyd olunub. Ayrıca zolaqların salınması üçün heç bir hüquqi problem yoxdur. Bu məsələ artıq müzakirə olunub və qərar qəbul olunub ki, adıçəkilən küçə və prospektlərdə bu iş həyata keçirilsin. Bu qərarın icrası üçün texniki işlər görülməlidir. Müvafiq nişanlar qoyulmalı və nişanlanma xətləri çəkiləcək. Ümid edirəm ki, yaxın bir ay ərzində bunları görəcəyik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.