Azərbaycanın Daşkənddəki diasporunun üzvləri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın Daşkənddəki diasporunun üzvləri 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı anım mərasimi keçiriblər.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov 20 Yanvar faciəsi haqqında danışıb. O deyib ki, həmin gün mərd oğul və qızlarımız şəhid olsalar da, xalqımız daha da mətinləşdi, onun mübarizə əzmi daha da möhkəmləndi.

Sonra o, Özbəkistandakı diaspor üzvlərinin, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin 1990-cı il 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanatını oxuyub. Bildirilib ki, bəyanat BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, insan hüquqları üzrə ali komissarına, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına və ATƏT-ə göndəriləcək.

Sonra Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi sədrinin birinci müavini Mobil Məmmədov və başqaları 28 il bundan əvvəl zirehli texnika ilə və ən müasir silahlarla silahlanmış keçmiş sovet ordusunun əsgərləri tərəfindən Bakı küçələrində törədilən vəhşiliklər haqqında məlumat verib, 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini qeyd ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.