Prezident İlham Əliyev: Özbəkistanda Heydər Əliyevin özbək xalqına, Özbəkistana münasibətini çox yaxşı bilirlər
Özbəkistanda Heydər Əliyevin özbək xalqına, Özbəkistana münasibətini çox yaxşı bilirlər.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Özbəkistanda dövlət səfərində olan Prezident İlham Əliyev Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Bu gün biz mənim qardaşım Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanı müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlət kimi görməyə çox şadıq. Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanın müstəqilliyinin, müdafiə qabiliyyətinin, iqtisadi potensialının möhkəmlənməsi, sosial məsələlərin həlli, şəhərsalma sahələrində necə böyük uğurlar qazandığını görmək üçün son 5-6 ilə aid statistik rəqəmlərə baxmaq kifayətdir. Biz bütün bunları görürük və dostlar, qardaşlar kimi bütün bunlara görə sevinirik.
Mən Heydər Əliyevin xatirəsinə belə yüksək münasibətə görə bütün Azərbaycan xalqı adından bir daha, ilk növbədə, Özbəkistan Prezidentinə, qardaş özbək xalqına təşəkkürümü bildirmək istərdim. Biz Azərbaycanda bunu yüksək qiymətləndiririk və heç vaxt unutmayacağıq. Bu, Özbəkistan ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə daha bir töhfədir. Yaşasın Özbəkistan və Azərbaycan birliyi, qardaşlığı!".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре