Seçkimiz bitdi, amma onların oyunu bitməyəcək

Day.Az представляет новость на азербайджанском языке.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçkilərə müşahidə missiyası göndərmədi. Qurum bu barədə dünənki seçkilərdən xeyli əvvəl bəyanat vermişdi.
DTİHB-nin belə mövqe tutacağı barədə hələ ilin əvvəlində yazmışdıq, demişdik ik, Avropa Birliyi və Avropa Şurasının göstərişlərini, habelə nizamnaməsini pozan qurum Azərbaycandakı seçkilərə müşahidəçilər göndərməməklə bağlı təkbaşına qərar vermək niyyətindədir.


Belə də oldu.
DTİHB-ə Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün rəsmi Bakı dəvət yollamışdı. Fəqət qurum bu məsələni ATƏT Parlament Assambleyasının daimi komitəsində müzakirəyə çıxarmadan, ATƏT-in baş katibini məlumatlandırmadan mandatını kobud şəkildə pozdu.
DTİHB-in qərarı qanunsuzluqla yanaşı, volüntarizim də sayıla bilər. Vəzifəsi insan haqlarına və demokratik dəyərlərə riayətlə yanaşı, seçkiləri müşahidə etmək olan qurum bilavasitə səlahiyyət dairəsindəki işindən, daha konkret desək, vəzifəsindən imtina edirsə, həmin imtinanı "Azərbaycanda seçkilərin nəticələri əvvəlcədən məlumdur" tipli idiotik açıqlama ilə əsaslandırmağa çalışırsa, obyektiv olmayan yanaşma və yanlış mövqenin inadla bəlirlənməsi ortadadır.

Rəsmi statistika

Milli Məclisə seçkilərdə 767 namizəd iştirak etdi. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izlədilər.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirdilər.
Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdı.

Müşahidəçilər yalan danışmadılar

"Parlament seçkilərinə insanların marağı kifayət qədər yüksəkdir".
Xorvatiyadan olan müşahidəçi Sabic Mirza belə deyib və daha sonra bildirib: "Məntəqələrdəki müşahidəçilər qaydalara riayət edirlər. Ümumilikdə seçki prosesi normaldır. Biz 6 məntəqəyə baş çəkmişik. Hər şey yaxşıdır, insanlar səsvermədə iştirak edirlər".

Digər müşahidəçilər də analoji fikirdə olublar.
Onların bəzilərinin söylədiklərinə nəzər salaq: 
Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü Sergey Danilenko: "Hər yerdə hər şey yüksək səviyyədə təşkil olunub. Bütün məntəqələrdə müxtəlif partiya və namizədlərin müşahidəçiləri iştirak edirdilər. Yerli müşahidəçilərin hər hansı problemlərlə qarşılaşdıqlarının şahidi olmadıq";
Estoniya parlamentinin müşahidə missiyasının rəhbəri Mixail Korb: "Olduğumuz bütün məntəqələrdə Azərbaycanın müxtəlif partiyalarını təmsil edən cox sayda müşahidəçi var. Bu, seçkilərin açıq və şəffaflığını göstərən müsbət amildir";
Riqa (Latviya) Şəhər Şurasının İctimai işlər, təhlükəsizlik və korrpusiya ilə mübarizə komitənin sədri Dainis Turlais: "Azərbaycanda parlament seçkiləri dünya standartlarına və ölkə qanunvericiliyinə uyğun keçirilir";

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidəçisi, Qazaxıstan parlamentinin deputatı Serikjan Kanayev: "Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil edilib, seçicilər fəallıq nümayiş etdirərək seçki məntəqələrinə gəldilər, istədikləri namizədə azad şəkildə səs verdilər. Səsvermə demokratik keçirildi";
Fransa Milli Assambleyasının deputatı, beynəlxalq müşahidə missiyasının üzvü Tyeri Marianni: "Biz seçkinin yaxşı getdiyini müşahidə etdik. Burada çoxsaylı müşahidəçilərin olduğunu gördük";
ABŞ-dan olan müstəqil müşahidəçi, Texas ştatının sabiq konqresmeni Solomon Ortiz: "Azərbaycanın seçkilərə olan münasibətindən məmnunam. Proses çox şəffaf keçir. Ölkədə xalqın öz liderlərini seçməsi Azərbaycanı güclü dövlət edir. Çox ölkələrin sakinlərinin öz liderlərini seçmək hüququ yoxdur. Azərbaycan sakinlərinin isə belə hüququ var";
MDB-nin müşahidəçilər missiyasının rəhbəri, MDB-nin icraçı katibi Sergey Lebedev: "Azərbaycanda seçki ilə bağlı böyük iş görülüb"


Qırğızıstan Mərkəzi Seçki Komissiyasının üzvü Carkın Papanova: "Təşkilatçılıq çox yüksək səviyyədə həyata keçirilib. Biz 3 seçki dairəsində və 16 seçki məntəqəsində müşahidə aparmışıq. Getdiyimiz bütün yerlərdə şəffaf və demokratik seçki prosesinin şahidi olmuşuq".
Yüzlərlə müşahidəçinin hamısının Azərbaycandakı parlament seçkiləri ilə bağlı mövqelərini sadalamaq istəməzdim. Hacət yox - onların HEÇ BİRİ parlament seçkilərindəki total qanun pozuntuları, saxtakarlıq, namizədlər arasında "qalib"lərin əvvəlcədən müəyyənləşdirilməsi və s. kimi olayların şahidləri olmadıqlarını dedilər.

Sonu əvvəldən bilinən şou

Azərbaycan vətəndaşları siyasi iradələrini, seçimlərini və mövqelərini seçkilərdə azad, kənardan təsirlər olmadan ifadə ediblər. Əgər belədirsə, minlərlə əcnəbi müşahidəçinin seçkiləri izləmələrinə həddən artıq ciddi ehtiyac duyulurmu?
Maraqlı sualdır.
Azərbaycan beynəlxalq təşkilatların, o cümlədən panAvropa qurumlarının üzvüdür, ölkəmiz Qərblə münasibətlərini ən yüksək səviyyədə quraraq sürətlə inkişaf etdirməkdə maraqlıdır və ən nəhayət, Azərbaycan Avropa ölkəsi olduğundan qitənin bütün siyasi-beynəlxalq strukturlarında təmsil olunub.

Buna görə də Avropa Birliyinin və ATƏT-in Azərbaycandakı parlament seçkilərinə müşahidəçilər yollaması qayət normaldır.
Gəlin, proritet məqamları bəribaşdan müəyyənləşdirək: Azərbaycandakı vətəndaşlar seçkilərdə mövqelərini azad ifadə edərək seçimlərini edirlərsə və bu proses ölkənin mövcud qanunvericliyi çərçivəsində gerçəkləşdirilirsə, seçimin sonucu xalqın inamına zidd deyilsə, ölkəmiz üçün seçkilərin ən başlııca qanunilik, normallıq və legitimlik meyarı budur.
Avropa Birliyi və ATƏT-in strukturlarına, ölkəmizin üzv olduğu müxtəlif beynəlxalq təşkilatlara, habelə ən çeşidli qurumlara gəldikdə isə, onların seçkilərimizlə bağlı rəyləri bizlər üçün əhəmiyyət kəsb edir. Nədən ki, beynəlxalq müstəvidəki tərəfdaşlarımızla ümumi dəyərlərimiz var, bu və digər proseslərlə bağlı ortaq meyarları, məqamları arayırıq.
Bu olmadan inkişaf, ölkəmizin dünya birliyində layiqli yer tutması, demokratik institutlara inteqrasiyası mümkün olmazdı və deyil də.
Amma qızıl orta anlamını da unutmayaq.
Azərbaycandakı seçkilərə minlərlə müşahidəçinin göndərilməsi, burada hər seçki məntəqəsində az qala onlarla müşahidəçinin olması paradoks təsiri bağışlayardı.

DTİHB və ölkədəki "radikal müxalifət"in dediklərinə görə, müşahidəçilərin sayının çox olması Azərbaycanda seçki prosesindəki "qanunsuzluqların statistikasının az olmaması" ilə bağlıdır.
Az öncə beynəlxalq müşahidəçilərin mövqelərindən iqtibas gətirdim. Onların hər biri nüfuzlu şəxslər, sanballı siyasətçilərdir və primitiv təzyiqlərlə yalan danışan deyillər.
Moldova, Gürcüstan, Qırğızıstan, Qazaxıstan və ya Belarusdakı seçkilərə Avropanın müvafiq strukturları ən yaxşı halda 170-220 müşahidəçi göndərməklə kifayətlənməyi yetərli biliblərsə, Azərbaycana yollamaq istədiyi müşahidəçilərin sayı dəfələrlə çox idi.
Həmin müşahidəçilərin ölkəmizə gəlişi, yerləşdirilməsi, fəaliyyəti və s. ilə bağlı bütün xərcləri Azərabycan çəkməliydi.
Sayın niyə belə çox nəzərdə tutulmasının "məntiq"i bəlli: DTİHb və bu kimi qurumlar bizə inanmırlar. Onlar hər seçki məntəqəsində bir müşahidəçisinin olmasını istəyirdilər ki, "saxtakarlıqları aşkarlasınlar".
Bu "məntiq"lə hərəkəti davam etdirsək, onda tam transparent, azad və demokratik seçki prosesinin təminatı üçün noyabrın 1-də Azərbaycanda təqribən 5 milyon müşahidəçi olmalıydı: hər seçiciyə bir nəfər hesabı ilə. Axı "bədəməl" seçici DTİHB və qeyri "sayıq" təşkilatların müşahidəçisinin gözündən oğurlanaraq seçki kabinində, yaxud bülletini götürdüyü masanın üstündə "fırıldaq və saxtakarlıq" edə bilərdi.
Bundan başqa, seçki məntəqələri ilə yanaşı, seçicilərin evlərində də kameralar quraşdırılmalıydı: axı orada, o evlərdə səs veriləcək namizədin müəyyənləşdirilməsi ilə bağlı "hakimiyyət nümayəndələrinin təzyiqləri" ola bilərdi.
Siyasi satira və ya antiutopiya romanlarının süjetini xatırladır, deyilmi?

Əfsuslar olsun ki, belə düşüncə tərzi "Azərbaycanda azad və demokratik seçkilərin təminatına yönəlmiş cəhdlər", seçki müşahidəsinin metodologiyasının ən konkret reallaşdırılması kimi qələmə verilir.
DTİHB-in Azərbaycanda keçirilmiş parlament seçkilərinə müşahidəçilər yollamaması, habelə Avropa və ABŞ-dakı bir para siyasətçilərin, media strukturlarının "saxta seçkilər" məcralı açıqlamalarının ölkədəki seçik prosesinin demokratikliyi, yaxud da qeyri-demokratikliyi ilə heç bir əlaqəsi yoxdur.
Məqsəd ötən ilin ortalarında bəlirlənib, hədəf seçilib.
Azərbaycan hakimiyyətini hədəfə alan bu strukturlar və şəxslər ölkəmizdə yaşanan proseslər, baş verən hadisələrdən asılı olmayaraq yalnıh neqativ mövqe tutublar, subyetiv mülahizələrini obyektivlik kimi qələmə verirlər. 
Sifariş belədir, cənablar.
Azərbaycan üçün əsas məsələ isə noyabrın 1-də yaradılmış şərait, seçicilərin proseslə bağlı mövqeləri və ölkədə seçki monitorinqi aparmış müşahidəçilərin rəyidir.
Bizə qərəz nişangahından baxanların nə dedikləri isə önəmli deyil.

Orxan Hun
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.