"İnkar etmək ləyaqətsizlikdir"
Day.Az представляет новость на азербайджанском языке
"Bu sistem heç Türkiyədə də yoxdur"
"Azərbaycan" qəzetinin xəbərinə görə, Demokratik seçkinin əsas şərti aşkarlıq, şəffaflıq və obyektivlikdir. Bütün demokratik cəmiyyətlərdə seçicilərin azad seçim hüququna kənar müdaxilələrin minimuma endirilməsi üçün onların gizli səs vermək hüquqları təmin olunmuşdur. Azərbaycanda demokratik seçki ənənələrinin formalaşması dövlət müstəqilliyinin bərpasından sonra əldə etdiyimiz böyük tarixi nailiyyətlərdən biri sayıla bilər. 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası ölkədə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirmiş, prosesin fundamental hüquqi bazası formalaşdırılmışdır.
Azərbaycanda keçirilən hər bir seçki müstəqil dövlətimizin seçki təcrübəsində mühüm irəliləyişlərlə səciyyəvidir. Ötən illərdə keçirilən seçkilər Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsi baxımından böyük uğurlarla yadda qalmış, bu sahədə qazandığımız nailiyyətlər sıx əməkdaşlıq münasibətlərini getdikcə inkişaf etdirdiyimiz aparıcı dövlətlərdə, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında da böyük rəğbətlə qarşılanmışdır. Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilər də azad, demokratik və şəffaf şəraitdə yekunlaşdı. Seçicilərin yüksək mütəşəkkilliyi ilə müşayiət olunan bu seçkilər eyni zamanda ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələ açaraq Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsində mühüm rol oynayacaqdır. 2015-ci il 1 noyabr tarixində keçirilən seçkilərə dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər də tam təsdiqləyir ki, Azərbaycanda vətəndaşların siyasi şüuru və seçki mədəniyyəti kifayət qədər yüksəlmişdir.
Xatırladaq ki, Milli Məclisə keçirilən seçkilərdə 767 namizəd iştirak edib və seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyib. Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit-poll" həyata keçirib. Seçkilər başa çatandan sonra məlum oldu ki, "exit-poll"la MSK-nın həticələri üst-üstə düşür. Seçkilərin beynəlxalq meyarlara uyğun tam demokratik şəraitdə keçirilməsi ilə bağlı beynəlxalq müşahidəçilərin rəyləri də bu baxımdan diqqəti cəlb edir.
"Azərbaycanda seçkilər seçki qanunvericiliyinə və beynəlxalq standartlara uyğun şəkildə keçirilib. Bakıda və bir neçə regionda olan AŞ PA-nın 28 nəfərdən ibarət müşahidə missiyası bu qənaətə gəlmişdir ki, seçkilər şəffaf şəkildə baş tutub". Bu fikirləri Azərbaycanda parlament seçkilərini izləmiş Avropa Şurası Parlament Assambleyası (AŞ PA) müşahidə missiyasının rəhbəri, ispaniyalı parlamentar Jordi Çukla keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, parlament seçkilərinin demokratik keçirilməsi üçün Azərbaycanda sivil baza yaradılıb: "Səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirilib. Səs verənlərin seçki məntəqələrinə girişinə maneə olmayıb. MSK prosesin şəffaflığına töhfə verərək mütəmadi məlumatlar dərc edib. Seçkilərə hazırlıq və səsvermə prosesi peşəkarlıq və texniki cəhətdən yaxşı təşkil olub. Seçici siyahısına bütün seçicilərin adı daxil edilib. Seçki pozuntusunun şahidi olmamışıq. Bir neçə məntəqədə xırda nöqsanlar olubsa da, bununla bağlı MSK-a lazımi tədbirləri görəcək. Yəni kiçik nöqsanlar seçkinin ümumi nəticəsinə təsir etməyib".
J.Çukla vurğulayıb ki, ATƏT-in DTİHB və ATƏT PA-nın Azərbaycana müşahidə missiyası göndərməməsi onlarda təəssüf hissi yaradır: "Lakin seçkilər xalqın iradəsini tam ifadə edib. Polis zorakılığı qeydə alınmayıb, provokasiya baş verməyib. Vətəndaşlar sərbəst şəkildə, heç bir təzyiq olmadan səs veriblər. AŞ PA ilə Azərbaycan arasındakı əməkdaşlıq gələcəkdə daha da gücləndiriləcək".
Avropa Seçkilərin Müşahidəsi Akademiyası (ASMA) missiyasının üzvü, Avstriyanı təmsil edən Volfqanq Qrossruk bildirib ki, Mərkəzi Seçki Komissiyasının seçki məntəqələrində quraşdırdığı veb-kameralar səsvermənin gedişini onlayn müşahidə etməyə imkan yaratdı: "Müşahidələrimiz əsasında deyə bilərik ki, Azərbaycanda seçkilər sakit keçdi. Səsvermə məntəqələrinə sərbəst giriş var idi. Seçicilərin qeydiyyatı ilə bağlı heç bir problem olmadı. Hər dairədə azı 4 nəfər olmaqla 10-dan artıq namizəd mübarizə aparırdı. Səsvermə prosesi beynəlxalq standartlara uyğun, mütəşəkkil keçdi".
Böyük Britaniyanı təmsil edən Maykl Hankok isə səsvermə məntəqələrinin əksəriyyətində xeyli sayda müşahidəçilərin iştirak etdiyini vurğulayıb: "Səsvermə məntəqəsində səslərin sayılması açıq və şəffaf keçdi. Müşahidəçilər səslərin sayılmasını izlədilər və heç bir problem qeydə almadılar. Hər seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərildi". Avropalı müşahidəçilər məntəqələrdə veb-kameraların quraşdırılmasını şəffaflıq nümunəsi kimi dəyərləndirdilər.
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri, Azərbaycan Milli Məclisinə seçkilərdə MDB Parlamentlərarası Assambleyasından beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi Leonid Slutski Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar mətbuat konfransında deyib: "Bütün əvvəlki seçkilərin monitorinqi seçki praktikasının durmadan təkmilləşməsini göstərib. Bizim fikrimizcə, məntəqələrdə seçkilərin keçirilməsi texnologiyaları, səsvermə qutularından başlamış seçki məntəqəsinin təşkilinin bütün mexanikasına qədər, hələ əvvəlki seçkilərdə də, prezident və parlament seçkilərinin keçirilməsinə dair beynəlxalq aləmdə qəbul edilmiş bütün qayda-qanuna müvafiq idi. Bu gün Azərbaycan cəmiyyəti, onun böyük əksəriyyəti dövlət başçısı İlham Heydər oğlu Əliyevin ətrafında sıx birləşib".
O bildirib ki, "Bu gün Azərbaycan dövləti və cəmiyyəti irəliyə doğru və əhalinin mənafeyi baxımından sürətlə inkişaf edir ki, (bu inkişafın əsası dahi Heydər Əliyev tərəfindən qoyulub) bunu hər hansı yolla inkar etməyə, altını üstünə çevirməyə cəhd göstərmək ləyaqətsizlikdir. Bütün bunlar Azərbaycanın deyil, bu siyasəti həyata keçirməyə çalışan beynəlxalq təşkilatların və strukturların nüfuzuna xələl gətirir. Milli Məclisə seçkilər Azərbaycan dövlətinin bugünkü uğurlarının, o cümlədən seçki qanunvericiliyinin səviyyəsinin, onun demokratik seçkilərin beynəlxalq hüquq standartlarına uyğunluğunun tanınmasında növbəti mərhələ olacaq".
L.Slutski fikrini belə yekunlaşdırıb: "Bu gün Azərbaycan dövləti və cəmiyyəti həqiqəti inkar edən istənilən cəhddən güclüdür. Əminəm ki, Azərbaycanın yeni parlamenti demokratik seçiləcək və Rusiya Federasiyasına dost və qardaş ölkədə parlamentarizmin inkişafına xidmətini davam etdirəcək. Ona da əminəm ki, həm Azərbaycan, həm də seçkilərlə bağlı hər hansı çirkin, əsassız böhtan və iftira istənilən beynəlxalq meydanda, sözsüz ki, fiaskoya məhkumdur".
Böyük Britaniyanın Lordlar Palatasının üzvü Deyvis Evans isə beş il əvvəl Azərbaycanda parlament seçkilərində də müşahidəçi kimi iştirak etdiyini deyib. Builki seçkilərin çox yaxşı təşkil olunduğunu bildirən D.Evans qeyd edib ki, səsvermənin şəffaflığı və təhlükəsizliyin yüksək səviyyədə təmini olduqca təqdirəlayiq haldır. Britaniyalı digər müşahidəçi Baronessa Detta Ochr("39")Kateyn vurğulayıb ki, baş çəkdikləri bütün səsvermə məntəqələrində seçkilərə ciddi münasibətin şahidi olublar: "İnsanların təkrar səs verməsinin qarşısını almaq üçün barmaqların mürəkkəbə batırılması çox yaxşı haldır. Hər şey nizam-intizamla həyata keçirilirdi. Seçicilər sərbəst şəkildə məntəqəyə daxil olur, səslərini verirdilər. Müşahidə etdiyim əsas xüsusiyyətlərdən biri həm məntəqə işçilərinin, həm də seçicilərin əksəriyyətinin qadınlardan ibarət olması idi. Azərbaycanda insanlar səsvermədə fəal iştirak edir, onlara verilən bu hüququ yüksək qiymətləndirirdilər. Ölkənizin əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilməlidir".
1 noyabr 2015-ci ildə ölkəmizdə keçirilən parlament seçkilərini müşahidə edən Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver Bakı və Sumqayıt şəhərlərində müşahidə apardıqlarını bildirib. O deyib ki, Azərbaycanda müasir, mədəni və demokratik seçki keçirildi. Bu seçki Qərb dünyası üçün bir nümunədir. Diqqətə çatdırılıb ki, parlament seçkiləri zamanı nizam-intizam yüksək səviyyədə olub. "Bu seçkilər 24 ildir müstəqil olan Azərbaycan üçün böyük uğurdur. Biz insanların ailəvi şəkildə səsverməyə getdiyinin şahidi olduq. Bu da çox sevindiricidir. Seçkidə tətbiq olunan veb-kamera sistemi isə şəffaflığın yeni modelidir. Bu sistem heç Türkiyədə də yoxdur", - deyə A. Suver qeyd edib.
1 noyabr parlament seçkilərinin yekunları göstərdi ki, Azərbaycan xalqı düzgün seçim etməyi bacarır. Xalqımız ölkədəki siyasi qüvvələr arasında azad və tərəddüdsüz, həm də doğru seçim edəcək qədər yetkin və müdrikdir. Bu müdrik seçim həm də obyektiv reallığa, ölkənin son 12 ildə keçdiyi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının yüksək yaşam tərzinə əsaslanır.
Son seçkilərin nəticələrinə nəzərən bir daha təsdiqlənmişdir ki, Azərbaycan cəmiyyəti ulu öndərin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Əminliklə qeyd etmək olar ki, V çağırış Milli Məclisə deputat seçilmiş şəxslər Azərbaycanın inkişafına xidmət edən qanunların qəbulunda bundan sonra da fəallıq və yüksək təşəbbüskarlıq nümayiş etdirəcək, seçicilərinin yüksək etimadını doğruldacaqlar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре