Musavatın "münəccimliyi" yalan çıxdı
Day.Az представляет новость на азербайджанском языке
Seçkilərin demokratik keçirilməyəcəyini iddia edən partiya rəhbərliyi indi görəsən, beynəlxalq təşkilatların bəyanatlarını necə qəbul edir?
"Azərbaycan" qəzetinin verdiyi xəbərə əsasən beşinci çağırış Milli Məclisə seçkilər artıq başa çatdı. Respublikanın bütün bölgələrini əhatə edən 125 seçki dairəsində keçirilən seçkilər Azərbaycanın gələcək demokratik inkişafı prosesinə öz töhfəsini verəcək. Seçki prosesi beynəlxalq prinsiplərə uyğun aparıldı. Beynəlxalq müşahidəçilər də təsdiq etdilər ki, Azərbaycandakı seçkilərdə bəzi Avropa ölkələri üçün yeniliklər də olub. Belə ki, gözdən əlil olan insanlar üçün də seçkidə iştirak üçün şərait yaradılıb. Onlar da səsvermədən kənarda qalmayıblar. Bütün bunlara Azərbaycanda olan 40 beynəlxalq təşkilatın 503 nümayəndəsi şahidlik edib.
Bakıda və bir neçə regionda olan AŞ PA-nın 28 nəfərdən ibarət müşahidə missiyası isə bəyanat yayaraq Azərbaycandakı seçkilərin beynəlxalq standartlara cavab verdiyini və xalqın iradəsini tam ifadə etdiyini vurğulayıb.
Seçkilərdə 4 təşkilat - "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "exit-poll" keçirib. Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi "exit-poll"u Fransanın "Opinion way" Sosioloji Tədqiqatlar İnstitutu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası isə Amerika Birləşmiş Ştatlarının "AJF&Associates Inc." təşkilatı ilə birgə keçirib.
"RƏY" Monitorinq Mərkəzi 10 seçki dairəsi üzrə 60 seçki məntəqəsində, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsində, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi Fransanın "Opinion way" Sosioloji Tədqiqatlar İnstitutu ilə 118 dairə üzrə 210 məntəqədə "exit-poll"u keçirib.
"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin apardığı "exit-poll"da 165 min respondent iştirak edib. Məlumatın toplanması prosesi normal keçib. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə ABŞ-ın "Arthur J.Finkelstein & Associates" sorğu şirkətinin birgə keçirdiyi "exit-poll" 1053 seçki məntəqəsini əhatə edib. 7000 seçici arasında sorğu aparılıb.
"Exit-poll"ların nəticələri Mərkəzi Seçki Komissiyasının göstərdiyi faiz dərəcələrini bir daha təsdiqlədi. Azərbaycan daha bir siyasi kampaniyadan uğurla çıxdı. Seçkinin nəticələri bir daha göstərdi ki, cəmiyyət bu gün prezident İlham Əliyevin siyasi kursunu birmənalı şəkildə dəstəkləyir və bu siyasi kursu müdafiə edən insanların namizədliyinə səs verdi. Həmçinin siyasi cəmiyyətimiz rəngarəng olduğuna görə artıq ilkin nəticələr göstərir ki, parlamentə 10-a qədər siyasi partiyanın nümayəndələri düşdü.
Amma görünən odur ki, ölkəmizdə seçki kampaniyasının normal məcrada davam etməsi müəyyən dairələri, o cümlədən aqressiv müxalifəti və onun təsir dairəsində olan mətbu orqanları narahat etdi. Ona görə də hər vəchlə bu normal seçki proseslərinə kölgə salmaq üçün müxtəlif yollar axtardılar və seçkidə müxtəlif təxribatlar törətməyə çalışdılar. İnsanları çaşdırmaq, süni surətdə problem tapmaq istədilər. Amma bütün bunların hamısı vaxtında ifşa olundu. Ümumilikdə götürdükdə onların hansısa bir situasiyada Azərbaycandakı seçkiyə kölgə salmaq cəhdləri baş tutmadı.
Seçkilərə 3 gün qalmış guya boykot qərarı verən Müsavat Partiyasının əvvəlcədən etdiyi "münəccimlik" yalan çıxdı. Seçkilərin demokratik keçirilməyəcəyini iddia edən partiya rəhbərliyi indi görəsən, beynəlxalq təşkilatların bəyanatlarını necə qəbul edir?
Təkmil Seçki Məcəlləsinə malik ölkəmizdə şəffaf, ədalətli və demokratik mübarizə əsasında seçkilərin baş tutduğu hər kəsə, ən əsası da Müsavat Partiyasının rəhbərliyinə yaxşı bəllidir. Elə bu səbəbdən də seçkilərə qatılmaqdan çəkinərək əvvəlcədən özlərini "sığortalamaq" yolunu tutdular. Partiya rəhbərliyi hələ "ümumrespublika" adı altında təbliğ etdiyi, sonradan "İsa Qəmbərin seçki mitinqi" donunu geyindirdiyi, son nəticədə isə cəmi 300 nəfərin "tamaşasına" çevrilən mitinq zamanı hər şeyi anladı. Bəlli oldu ki, Müsavat Partiyasına xalqın dəstəyi sıfra bərabərdir. Bunu dərk edən partiya rəhbərliyi çarəni seçkidə iştirakdan imtinada gördü. Amma imtina qəbul edilmədi. Çünki qanunvericiliyə görə, əgər bir siyasi təşkilat seçkilərdə iştirakdan imtina edirsə və öz namizədlərini geri çəkirsə, bununla bağlı müvafiq seçki komissiyasına seçkilərin keçirilməsinə ən azı 10 gün qalmış müraciət ünvanlanmalıdır.
Dünən isə daim Azərbaycana qarşı qərəzli hesabatlar hazırlayan və yalnız bəzi rəqəmlərdə dəyişiklik edərək şablon ifadələrlə ölkəmizin əleyhinə kampaniya aparan "Freedom House" təşkilatı seçkilərlə bağlı məqalə hazırlayıb. Bütün Azərbaycan ictimaiyyətinə bu təşkilatın hansı qüvvələrə xidmət etdiyi yaxşı bəllidir. Antiazərbaycançı şəbəkələrin, erməni lobbisinin maliyyə dəstəyi ilə Azərbaycana qarşı daim ikili standartlar prinsipini həyata keçirən "Freedom House" iddia edib ki, guya budəfəki parlament seçkiləri əvvəlkilərlə müqayisədə daha ağır şəraitdə, müstəqil və müxalifyönlü namizədlər üçün çox çətin şərtlər altında keçirilib. Xatırladaq ki, Azərbaycanda hələ parlament seçkilərinə hazırlıq mərhələsində, sentyabr ayında "Freedom House" seçkilərə kölgə salmağa cəhd göstərən bəyanat qəbul etmişdi. Ancaq seçkilər 40 ölkənin müxtəlif təşkilatlarının 503 müşahidəçisinin, eləcə də AŞ PA-nın 28 nəfərdən ibarət müşahidə missiyasının üzvlərinin gözləri qarşısında keçirildi. Hələ seçkilərə xeyli vaxt qalmış AŞ PA Azərbaycana seçkiöncəsi vəziyyəti öyrənmək üçün öz müşahidə missiyasını göndərmişdi. Həmin missiya ölkədəki seçkiöncəsi vəziyyəti araşdırmış və bəyanat qəbul etmişdir. Seçkilərdən sonra isə bütün təşkilatların yaydıqları bəyanatlarla hər kəs tanışdır. Ancaq "Freedom House" yenə də öz köhnə ampluasında qalaraq qərəzindən əl çəkmək istəmir. Bu vaxta qədər özünü beynalxalq hüquq-müdafiə təşkilatı hesab edən bu təşkilat dəfələrlə Azərbaycan əleyhinə müxtəlif məsələlər üzrə qərəzli, ədalətsiz, fitnəkar bəyanatlar qəbul edib. Son məqalə də digər bəyanatların davamıdır.
Avropanın əksər ölkələrinin nümayəndələrinin şahidliyi ilə Azərbaycanda parlament seçkiləri keçirildi və öz qiymətini aldı. Azərbaycan gənc müstəqil ölkə olmasına baxmayaraq, bu sahədə bir çox dövlətlərə nümunə göstərdi.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре