"Onların bu seçkilərdən danışmağa haqqı yoxdur"

Day.Az представляет новость на азербайджанском языке

"Hər hansı proseslə bağlı fikir yürütmək, baş verənləri olduğu kimi görmək üçün orada iştirakçı olmaq mütləqdir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu isə Azərbaycanda keçirilən parlament seçkilərində heç müşahidəçi statusunda da iştirak etməyib, seçkiyə hazırlığı, namizədlərin qeydiyyatını, səsvermənin gedişini, səslərin sayılmasını və digər mərhələləri müşahidə etməyib. Belə olan halda onların bu seçkilərdən danışmağa haqları yoxdur". Bu barədə secki-2015.az saytına açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib.

O qeyd edib ki, Büronun prosesin iştirakçısı olmadan, kənardan deyilənlər əsasında seçkiləri barədə rəy bildirməsi qeyri-obyektivliyin, qərəzin, qeyri-ciddiliyin nümunəsidir: "ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu dəvət edilməsinə rəğmən, Azərbaycandakı seçkiləri müşahidəçi statusunda izləməkdən imtina edib. Seçki prosesi başa çatandan sonra isə kənardan ötürülən məlumatlar əsasında bəyanat yayıb. Bu, nə dərəcədə ədalətlidir? Özünə hörmət edən hər hansı nüfuzlu beynəlxalq qurum belə qərəzli, ikili standartlara söykənən davranış nümayiş etdirməz. Bu, bir daha onu göstərir ki, bəzi beynəlxalq qurumların Azərbaycan əleyhinə qərəzli münasibəti vahid mərkəzdən idarə olunur. Azərbaycanın milli və dövlətçilik maraqlarına söykənən siyasəti bəzi Qərb ölkələrini qane etmir. Həmin dairələrin iqtisadi və siyasi maraqları, istəkləri Azərbaycanda təmin olunmadığından onlar ölkəmizə qarşı kampaniyaya başlayıblar. Çox təəssüf ki, bir sıra beynəlxalq qurumlar da bu cür çirkin kampaniyada alətə çevriliblər. Həmin qurumlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.