Azərbaycanlı aktrisa:

Day.Az представляет новость на азербайджанском языке

Aile.lent.az aktrisa Günəş Mehdizadə ilə müsahibəni təqdim edir.

- Kinoya gəlişiniz necə oldu?

- Uşaqlıqdan hər zaman aktrisa olacağımı deyirdim. Anam isə həkim olmağımı istəyirdi. Qonaqların yanında məndən böyüyəndə nə olmaq istədiyimi soruşanda, anamın ürəyi qırılmasın deyə həkim olacağımı deyirdim. Amma içimdə bilirdim ki, mən həkim yox, aktrisa olacam. Bu cür məqsədyönlü şəkildə məktəbi bitirdim, heç nə düşünmədən sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə verdim və dram-kino aktyorluğu fakültəsinə qəbul oldum. Vaqif İbrahimoğlunun kursunu bitirdim. Atam da bu universitetin məzunu olub, Rza Təhmasibin kursunda oxuyub. Atam universitet illərindən çox danışırdı, bu universitetin fərqli, maraqlı olması dilindən düşmürdü. Dəhlizlə gedəndə bir yerdən musiqi, başqa yerdən monoloq səsi gəldiyini, oranın canlı olduğunu deyirdi. Onun bu cür söhbətləri ilə Mədəniyyət və İncəsənət Universiteti mənim üçün mistik yerə çevrilmişdi. 

- Valideynləriniz aktrisa olmaq istəyinizi necə qarşıladı?

- Məni hər zaman dəstəkləyiblər, uğurlarıma seviniblər, nə kömək lazımdırsa ediblər. Özümü şanslı hesab edirəm ki, nə valideynlərim, nə həyat yoldaşım, nə də onun valideynləri tərəfindən sənətimdə maneə ilə qarşılaşmışam. Hər zaman qarşıma yaxşı, şərəfli, peşəkar insanlar çıxıb. Heç bir yerdən sənətimə qarşı etiraz hiss etməmişəm. Hər zaman baş ucalığı ilə demişəm ki, aktyorluq fakültəsində oxuyuram. Sənətim mənim üçün fəxrdir.

- İnstitutu bitirən kimi ailə qurdunuz, iki övladınız var. Düşünmədiniz ki, tez ailə qurmaq sizi sənətdən uzaq sala bilər?

- 30 yaşım var. 23 yaşında - universiteti bitirən kimi ailə qurdum. Sənətdən uzaq düşmək haqqında düşünmədim. Çünki həyat yoldaşımla universitetə daxil olmazdan əvvəl tanış idik. Universitetə daxil olan gündən bitirənədək yanımda olub. Hər zaman deyir ki, "mən sənin əlindən tutub universitetə apardım". Bütün bu yolların hamısını bir yerdə keçdik. O bilirdi mən hara gedirəm, mən bilirdim o, hara gedir. Yəni bir-birimizi fakt qarşısında qoymadıq ki, "mənim sənətim budur, sən bununla barışmalısan". O, özü də yaradıcı insandır, səs rejissorudur.

- Tanışlığınız necə olub?

- 11-ci sinifdə oxuyurdum. Meydançaların birində çəkiliş edirdilər, mən də təsadüfdən orada idim. Əslində onun bu sahədən olması məni sevindirir. Çünki məqsədim incəsənət sahəsinə getmək idi. Bir-birimizi əvvəldən tanıdıq, bildik ki, kim nə işlə məşğul olur. Ssenarilərə bir yerdə baxırıq, seçirik, bir-birimizdən məsləhət alırıq. Onun istəmədiyi şeyləri "yox, bu olmalıdır", - deyə təkid etmirəm. Sənətimi nə qədər sevsəm də, amalım olmayıb ki, nəyin bahasına olursa-olsun bu sənətdə var olacam, qalacam. Bəlkə də bu, mənim zəifliyimdir, amma mənim üçün ailə daha öndədir.

- Yoldaşınız yaradıcılığınıza nə dərəcədə müdaxilə edir?

- Təklif gələndə əvvəldən danışıqlara bir yerdə gedirik. Şərti şumda kəsirik ki, xırmanda yabalaşmayaq. İlk proseslərdə mənim yanımda olur, sonrakılara artıq müdaxilə etmir. Çəkiliş, çəkiliş meydançalarına gəlmək, nəzarət filan olmur. Əvvəldən layihə, ssenari, rol, kimlərlə çalışacağım haqqında bilir. Bunları bir yerdə danışırıq, müzakirə edirik, gerisi mənə qalır. Çünki onun da öz işləri, qayğıları var. Hər işimin əvvəlində o var, yanımdadır, mənimlədir. İlk mərhələyə qədər müdaxilə edir, ondan sonra artıq müstəqil oluram.

- Sənətlə bağlı konkret qadağaları var?

- İndiyədək deməyib ki, "Günəş, bunu et, onu yox". Çünki mən əvvəlcədən bilirəm hansı obraz mənlikdir, hansı yox. Mənə qadağa qoyacaq səviyyəyə gətirib çatdırmamışam.

- Məsələn, açıq-saçıq səhnələrə çəkilərsiniz?

- Yox. Mənim nəyin bahasına olsursa-olsun parlayım, görünüm kimi bir prinsipim yoxdur. Mənim üçün elə dəyərlər var ki, hamısından öndədir. Ondan ötəsi, ondan yuxarısı yoxdur. Ona görə razılaşmaram. Çünki mən artıq tək deyiləm, məsuliyyət daşıyıram, Azərbaycan çərçivəsində yaşadığımı da bilirəm. Avropada böyüməmişik, oranın suyunu içməmişik ki, müəyyən şeylərə normal baxaq. Mən normal baxsam da, həmyerlim istər-istəməz normal baxmır, nə etsən də ayaqlaşmağa, başqalarının fikri ilə oturub-durmağa məcbursan. Yalnız bu mövzuda belə düşünürəm. Qalan başqa şeylərdə kimin nə deməsi, nə düşünməsi haqqında fikirləşmirəm.

- Belə anlaşılır ki, siz yalnız Azərbaycan mentaliteti çərçivəsində aktrisa olmağı üstün tutursunuz?

- Üstün tutmağa məcburam. Çünki mən azərbaycanlıyam, hər hansı xarici ölkədə böyüməmişəm. Elə şeylər var ki, artıq bizim qanımıza yeriyib, biz onlara normal baxa bilmirik, normal yanaşa bilmirik. Bu ad üstündədir və azərbaycanlı olduğuna görə onu layiqli daşımalısan.

- Xaricə çıxmaq istəyiniz, marağınız var?

- Xaricə çıxmaq, xarici rejissorlarla işləmək, onların meydançalarını, iş proseslərini görmək istərdim. Çünki bu sənətdə bəlli bir təbəqə yoxdur, öyrəndikcə öyrənirsən. Aktyorluq sənətinin texniki tərəfləri o qədərdir ki... Mən hələ onun üçdə birini bilirəm, ya bilmirəm. Avropa aktyorluq, kino işinin texniki tərəflərini çox gözəl bilir. Bizim Mədəniyyət və İncəsənət Universitetində kinoya aid demək olar ki, heç nə keçirilmir. Teatrı gözəl öyrədirlər. Amma adı dram və kino aktyorluğudur. Yeganə Vaqif müəllim idi ki, müəyyən şeyləri danışırdı, aktyorun kim, nə olduğunu analiz edirdi. Nə bəhrələnmişəmsə, ondan bəhrələnmişəm. Kinoda daha çox texnikadır, bunu gözəl bacarmalısan. İstedadsız olsan belə, texniki nüansları etsən, obraz gözəl alınar.

- Əgər xaricə çıxmaq üçün istəyinizin qarşısında duran rol təklif edilsə, hansı addımı atarsınız? Bəzən tanınmaq üçün cəsarət lazım olur.

- Xaricə çıxmaq bir şansdır. Mənə elə gəlir ki, cəsarəti ancaq açıq-saçıq səhnələrlə ölçmək olmaz. Mən soyunmağı cəsarət hesab etmirəm. Cəsarətli səhnədə çəkilmək soyunmaq deyil. Əgər soyunmaqla populyar olacaqsansa, bu populyarlıq tez də yatacaq. Lakin hər hansı güclü psixoloji rolla məşhur ola, insanların beynində həkk oluna bilərsən. Xaricdən də təklif gəlsə, təbii ki, ssenarini oxuyaram. Ssenaridə əsas hadisənin baş verməsidir. Hadisələrlə zəngin ssenari olsa, razılıq verərəm. Yəni bunu da oturub ölçüb-biçərəm. Hər halda xaricdə çəkilib təzədən vətənə qayıdacam. Buradan qaçış yoxdur ki.

- Əgər ailə qurmasaydınız və övladlarınız olmasaydı, yenə belə düşünərdiniz?

- O baxır mənim yaşam tərzimə, çərçivəmə, ətrafıma. İnsan yaşadığı, onu əhatə edən çərçivəyə uyğun davranır. Həyatın hər mərhələsində müəyyən şeylərə insanın baxışı dəyişir. Ailəm, övladlarım, müəyyən öhdəçiliyim olmasaydı, bəlkə də fikirlərim başqa olardı. Onu indi deyə bilmərəm. Çünki insan özünü müəyyən hadisələrdə tanımağa başlayır.

- Övladlarınız dünyaya gələn zaman düşünmədiniz ki, formadan düşərsiniz və ya uşaq saxlamaq sizi bir az geri çəkər? Çünki aktrisa kimi ən tələbatlı vaxtınızda ana olmusunuz.

- Düzdür, mənim üçün çətin idi. Universiteti bitirən kimi ailə qurdum, həmin ili də övladım dünyaya gəldi. Operativ, intensiv həyatım vardı, tamaşalar, premyeralar, kino festivallara gedirdim. Birdən-birə düşdüm başqa həyata, artıq övladım vardı, yenicə ana olmuşdum, evdə uşaqla otururdum. Gizlətməyəcəm, bu, məni bir az depressiyaya salmışdı. Lakin övlad sevgisi üstələdi. Rejissor xanımlardan biri ilə övladlarımız eyni vaxtda dünyaya gəlib. Onun övladı olandan 3 gün sonra çəkiliş meydançasında idi. Ona baxırdım, fikirləşirdim ki, o çəkilişlər, o meydança hər zaman olacaq, amma uşaq bir yaşına kimi hər gün dəyişir, təzə nələrsə öyrənir, hər gün nə bacardığını kəşf edirsən. Bunları ana görməlidir. Çünki onlar bir daha yaşanmır. Meydança, çəkiliş isə həmişə var və olacaq. Formadan düşməyim haqqında isə düşünməmişəm. Bilirdim ki, hər şey düzələcək, qaydasına düşəcək, yenidən qayıdacam kinoya.

- Ailənizə, övladlarınıza görə imtina etdiyiniz layihələr olub?

- Birinci hamiləliyimdə "Aktrisa" filmi çəkilirdi. Kastinqə məni də çağırmışdılar. Lakin vəziyyətimi başa saldım və getmədim. Yaxşı film alınıb. O filmə baxanda bu hadisə yadıma düşür. Öz-özümə deyirəm ki, "orada mən çəkilə bilərdim". İkinci dəfə, qızıma hamilə olanda seriallardan birindən imtina etdim. Bəzən artıq rejissorlar özləri mənim vəziyyətimi bilirdilər və təklif etmirdilər. Amma güclü bir şey də itirməmişəm.

- Tələbəlik illərindən diqqət mərkəzində olmusunuz. Sizə sevgi etiraf edənlər çox idi?

- Müəyyən çərçivədə hisslərini, fikirlərini bildiriblər. Bəlkə də bəziləri fikirləşib, amma dilə gətirməyib. Lakin qeyri-səmimi sözlər deməyiblər. Qadınlar hər zaman yaxşı sözlər eşitmək istəyir. Mənə əsasən yaradıcılığımla bağlı gözəl sözlər deyilib. Bir məsələ də var, mənə rolum haqqında tərif deyəndə düşünürəm ki, bəlkə mən inciməyim, xoş olsun deyə deyirlər. Tərifləri tam əminliklə içimə salmıram. Mənə elə gəlir ki, onun düz dediyini düşünsəm, arxayınlaşaram.

- Məhəbbət etiraflarına da belə şübhə ilə yanaşmısınız?

- O cəsarəti özündə tapıb, məhəbbət etirafı edən olmayıb. Bəlkə kiminsə fikrində olubsa da, o hissi mənim sənətimlə əlaqələndirib deyib. 

- Bəlkə həyat yoldaşınız adaxlınız olduğunu hər zaman bildirib deyə cəsarət edən olmayıb?

- Bizi həmişə birlikdə görürdülər. O vaxt o, telekanalların birində işləyirdi. Onu tanıyan məni tanıyırdı, məni tanıyan onu. Bəlkə də səbəb bu ola bilərdi. Bəlkə də buna görə heç kim özündə cəsarət tapmayıb. Mən universitetə daxil olanda bilinirdi ki, biz nişanlıyıq, bir-birimizi sevirik. İndi də bizi ayrı-ayrı tanıyan az adam var. Biz hər zaman bir yerdəyik.

- Həyat yoldaşınız sizə məhəbbətini etiraf edən ilk insan olduğu üçün həyatınızı onunla qurdunuz, yoxsa hisslər qarşılıqlı olub?

- Mən onu gənc yaşımda tanımışam. Yeniyetmə olsam da, heç vaxt gözüyumulu hərəkət etməmişəm. Nəyinsə sevinci heç vaxt mənim gözümü reallığa bağlamır. Ona görə də açıq beyinlə, müəyyən xüsusiyyətlərini dəyərləndirib sevmişəm. Variantlar hər ikimiz üçün çox olub. Bir sözlə, bizimki gözübağlı sevgi deyildi. 8-9 ildir ailəliyik, 10 ildir bir-birimizi tanıyırıq, indinin özündə də əminəm ki, mən səhv seçim etməmişəm.

- Daha çox hansı xüsusiyyətlərini dəyərləndirirsiniz?

- O, bir insan kimi heç vaxt eqoist olmayıb, tələbəlik illərimi mənim əlimdən almayıb. Bizim aramızda 11 yaş fərq var. Lakin harasa getməyimə icazə vermədiyini xatırlamıram. İndinin özündə də məni nə qədər sevsə də, həyat yoldaşı gözəl xanımdır deyə, məni heç vaxt sıxmayıb. İstər xarici, istər ölkə daxili səfərlər, layihələr olub, heç vaxt etiraz etməyib. Deyib, "Günəş, bu, sənin sənətindir". Sənətimə hörmətlə yanaşıb. Tələbəlik vaxtı qrup yoldaşlarımla gəzməyə, festivallara, kinoteatrlara getmişik. Heç vaxt heç nədə mənim qarşıma sədd qoymayıb. Sadəcə xəbəri olsun yetər. Onun bu xüsusiyyətini dəyərləndirirəm. Mən özüm çox eqosit insanam. Lakin eqoist olmamağı ondan öyrənmişəm.

- Bəs qısqanmır?

- Ağıllı qısqanclıq var. Bəzən insanlar nəyə gəldi qısqanır, adi bir şeyi söz-söhbətə çevirir. O, qısqananda artıq başa düşürəm ki, deməli, həqiqətən nəsə baş verib, vəziyyət pisdir ki, qısqanır. Çünki elə-belə şeyə heç vaxt qısqanmaz, hər şeyi söz etməz. Ona görə də çox qısqanclıqlarını göməmişəm, bunun üçün qısqanmasına şərait yaratmıram. Artıq bir-birimizə alışqanıq. Bilirik ki, kim nəyi sevir, kim nəyi necə etsə, xoşuna gələr və ya xoşlamaz.

- Onu heç vaxt qısqanmamısınız?

- Ümumiyyətlə, qısqanclığı sevmirəm. İnsan qısqananda tam olmur, yarımçıq qalır, acizləşir, cılızlaşır. Çalışıram ki, qısqanmayım. Əsas inam, etibardır. Olan olacaq, onun qarşısı alınmazdır. Oturub fikir edən, güdən, yoxlayan, həyatını, əsəblərini buna sərf edən qadınları, kişiləri başa düşmürəm. Elə olub ki, qısqanmışam. Lakin görmüşəm ki, qısqanmaq insana psixoloji çox pis təsir edir, insanı asılı edir, əzir, bədbinləşdirir. Böyük bir nəsə baş verməlidir ki, mən qısqanım.

- Müsahibələrinizin birində vurğunu olduğunuz kişi haqqında danışmısınız. Söhbət Vaqif İbrahimoğludan gedir. O, sizin xəyalınızdakı kişi obrazı olub?

- Vaqif İbrahimoğlu mənim xəyalımda bir kişi obrazı olmayıb. O, məni yaxşı mənada təəccübləndirən bir kişi olub. Tələbələrin kurs müəllimi seçilən gün evə gələndə atam kimin kursunda olduğumu soruşdu. Vaqif müəllim olduğunu biləndə mənə bir kitab verdi, onun haqqında yazını oxumağımı tapşırdı. Sonra qarşıma çıxanlar kimin kursunda olduğumu soruşurdular. Vaqif İbrahimoğlu deyən kimi kursumu dəyişməyi məsləhət görürdülər. Mən anlamırdım ki, niyə belə deyirlər. Sanki məndə prinsip yarandı ki, yox, mən onun kursuna gedəcəm görüm o kimdir axı, niyə mənə deyirlər, onun kursunu dəyişim?! Məndə əks reaksiya getdi. Başqa şey gözləyib başqa şey görəndə insanın çevrilişi də başqa olur, məhəbbəti daha çox artır. Mən Yuğ Teatrına qədəm basdım, oranın ab-havası mistik gəldi mənə. Özüm yumor hissi olan insanları çox sevirəm. Vaqif müəllimin savadlı, həm də yumor hissinin zəngin olması məni valeh edirdi. Onun hər sözünü tuturdum. Bir də görürsən zarafat edirdi, onu heç kim başa düşmürdü, uşaqlar durub ciddi şəkildə baxırdı. Amma mən bilirdim ki, zarafat edir və gülməkdən uğunub gedirdim. O da başa düşürdü ki, mən onun zarafatını anladım. Ona çox alışmışdım. Teatra girəndə içimdən keçirdi ki, onu qucaqlayım, arada özümü saxlamırdım, onu qucaqlayıb öpürdüm. Onu həqiqətən çox istəmişəm, fikirlərinə, bizdən aktyor yox, ilk növbədə şəxsiyyət yetişdirməsinə vuruldum. O, bizə aktyorluqdan əvvəl şəxsiyyət olmağı öyrədirdi. Ona qarşı məhəbbətim başqa olub. Mənim üçün o cür düşüncəli ikinci bir kişi yoxdur. Bir kişi ilə bu dərəcədə gözəl həmsöhbət olmaq çox maraqlı idi.

- Xəyalınızda ideal kişi olub?

- Yeniyetmə dövrümdə, serialların yeni çıxan vaxtlarında olub (gülür). Onda da o saat fikirləşirdim ki, onunla oynayardım, qəşəng səhnə alınardı.

- Xəyalınızdakı kişi obrazı ilə həyat yoldaşınızın obrazı nə qədər üst-üstə düşür?

- İdeal axtarışında olan insanlar çox səhv yoldadırlar. Mənim yaratdığım obrazda olan xüsusiyyətlər demək olar ki, həyat yoldaşımda var. Düzdür, çatışmayan xüsusiyyətləri də var. Amma mənim çatışmayan xüsusiyyətlərim ondan da çoxdur. Ona görə də keçinə bilirik.

- Məsələn, hansı xüsusiyyətini dəyişmək istərdiniz?

- Tez hirslənəndir. Onu məmnuniyyətlə dəyişərdim. Bir də görürsən söhbətə başlayırsan axırına çatmamışam o, artıq əsəbiləşir. Amma hirsi tez də soyuyur. Özü deyir ki, gərək həmin vaxt ona dəyməyəsən. Hirsi soyuyandan sonra söhbətin davamını aparıram (gülür). Oğlum böyüyür, baxıram ki, onda da atasının bu xüsusiyyəti var. Bir söz deməmiş başlayır əsəbləşməyə. Başqa mənfi xüsusiyyəti yoxdur. Bəlkə də var, xırda, mənim yadımda deyil. Mən səbrli insanam. Çalışıram o anda daha səbrli olum. Çünki ikimiz də hövsələsiz olsaq, münaqişə düşər. Mən də dava sevmirəm. Yeni ailə qurduğumuz vaxtlarda buna daha böyük reaksiya verirdimsə, indi artıq bilirəm ki, xasiyyəti budur. Hər zaman deyirəm ki, insan həyatını kiminsə xasiyyətini dəyişməyə çalışmağa qurban verməməlidir. Reallığı reallıq kimi qəbul edəndə yaşamaq da asan olur.

- Evdə münaqişə daha çox nəyin üstündə düşür?

- Mübahisə tez-tez düşmür. Çalışıram onun xoşuna gəlməyən vəziyyət yaratmayım. Mübahisə ancaq uşaqla bağlı ola bilər.

- Bu 10 ildə həyat yoldaşınızdan ayrılmaq barədə düşünmüsünüz heç?

- Yox. Heç vaxt deməmişəm, "ayrılıram səndən, gedirəm sənətimlə məşğul olam". Heç vaxt da demərəm. Çünki mənim üçün ailə müqəddəsdir. Sənətimi sevirəm, ruhumun qidasıdır. Sənətdən aldığın bəzi şeyləri ailədən almırsan. Amma çəkiliş meydançasından çıxıb, səni heç kimin gözləmədiyi evə qayıtmaq mənim üçün daha dəhşətlidir...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.