Xroniki yorğunluq özünü daha çox kimdə büruzə verir

Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.

Bəzən insan özünü halsız, yuxusuz, yorğun hiss edir. İş görməyə belə həvəsi olmur. Nə qədər yatıb-dincəlsən də, bu yorğunluq keçmək bilmir. 6 aydan artıq davam edən bu cür yorğunluq hissi xroniki yorğunluq adlanır. Səbəbli yorğunluğu aradan qaldırmaq olsa da, səbəbsiz yorğunluğu aradan qaldırmağın heç bir yolu yoxdur. Xroniki yorğunluq da səbəbsiz yorğunluqdur.

"Bütün günü yuxulu gəzirəm. Sanki dünyanın bütün işlərini mən görmüşəm. Əlimi qaldırıb bir iş görməyə halım, həvəsim olmur. Elə yatmaq istəyirəm" deyən pediatr Nailə Əliyevanın sözlərinə görə, bu hal artıq 1 ildir ki, davam edir. Dediyinə görə, müxtəlif həkimlərin yanında olub. Müayinələr zamanı ona heç bir probleminin olmadığını deyiblər. "Amma başağrısı, yuxusuzluq və halsızlıq məndən əl çəkmir".

Mütəxəssislər bu dərdin səbəblərini axtarsalar da, bu günə qədər heç bir nəticə əldə edilməyib. Psixoloqların fikrincə, xronki yorğunluq ani olaraq başlayan yorğunluqdur. Yorğunluq, nəzərə çarpan güc itkisinə gətirib çıxarır. Gündəlik həyat fəaliyyətini məhdudlaşdırır. Bunun nəticəsində ev, iş və ictimai əlaqələr ciddi olaraq pozulur.

Boğaz ağrısı, yüngül hərarət, əzələ-oynaq ağrıları, yüngül gecə tərləmələri, başağrısı, linfa vəzilərində həssaslıq xroniki yorğunluğun əlamətləridir.

Xroniki yorğunluq 30 yaşından sonra insanlarda özünü daha çox büruzə edir. Nə qədər qəribə olsa da, bu günə kimi xroniki yorğunluğun müalicəsi tibbə məlum deyil.

Psixoterapevt Nihad Məmmədovun sözlərinə görə, xroniki yorğunluq sindromu müalicəsində ümumi qəbul edilmiş bir dərman yoxdur. Amma bundan ən yaxşı çıxış yolu idman etməkdir. "Xroniki yorğunluq çox zaman depressiya, bipolar xəstəlik, ilişmə və s. vəziyyətlərlə qarışdırıla bilər" deyən həmsöhbətimiz hesab edir ki, bu xəstəlikləri bir-birindən ayırmaq üçün psixiatr müayinəsi şərtdir.

N.Məmmədovun dediyinə görə, xroniki yoğunluğu aradan qaldırmaq üçün stresdən uzaq durmalı, düzgün qidalanmalı, idmanla məşğul olmalı, siqareti və spirtli içikləri tərgitmək lazımdır. "Xroniki yorğunluq təhsilli insanlarda özünü daha çox göstərir. Xəstə ümumiyyətlə, yataqdan çətin qalxır, özünə gələ bilmir, işinə diqqətini cəmləməkdə çətinlik çəkir, bədənində qırıqlıq, əzginlik hiss edir, davamlı olaraq özünü yorğun və istirahət etməmiş hiss edir. Bundan başqa, yüngül hərarət, üşümə, boğaz ağrısı, boyunda şişlik, farengit, açıqlana bilməyən ümumi əzələ zəifliyi, əzələ ağrıları, gəzintili oynaq ağrıları, unutqanlıq, baş ağrıları, duyğu pozuqluğu, hətta depressiya kimi tapıntılar da görülə bilər".

Xroniki yorğunluğa qan azlığı, şəkər xəstəliyi, təzyiq dəyişiklikləri, ürək və damar xəstəlikləri, az su qəbul etmə də səbəb ola bilər. Psixoterapevtin bildirdiyinə görə, xroniki yorğunluqdan əziyyət çəkənlərə vəziyyətlərini başa salmaq, xəstə olduqlarını bildirmək lazımdır. Çünki bu insanlar xəstə olduqlarını qəbul etməkdə çətinlik çəkirlər.

Stres həyatın bir parçasıdır. Ancaq idarə edilə bilinməyən stres başqa xəstəliklərlə yanaşı yorğunluq sindromunun da ən əhəmiyyətli səbəbi ola bilər. Xroniki yorğunluğu aradan qaldırmaq üçün öncə stresə nəzarət etməyi öyrənməliyik. Hər kəsin stresi qəbul edə bilmə gücü var, çox zaman insanlar özləri də bilmədən bu gücü aşırlar. "Nizamlı həyat tərzi, yüngül fiziki məşqlər, sağlam qidalanmaq və ideal çəkini qorumaq da xroniki yorğunluq sindromu və buna bənzər narahatlıqlardan qorunmaq üçün çox vacibdir. Yuxu ritminə nəzarət etmək, rahat bir yuxu yatmaq üçün yatağa girmədən öncə bütün stres yaradan səbəbləri ağıldan çıxarmaq, xoşa gələn mövzular düşünmək və ya xoşladığınız bir filmi seyr etmək, nizamlı bir yuxu yatmaq xronki yorğunluq hissini aradan qalxmasına yardım edir".

N.Məmmədov bildirir ki, bu xəstəlikdən qurtulmaq üçün iş sıxlığını azaldıb, məsuliyyətləri paylaşıb, müvəqqəti olaraq iş mühitindən uzaqlaşmağın faydası var. Onun sözlərinə görə, hətta iş yerində kiçik fiziki dəyişikliklər belə fayda verə bilər. Əgər deyilənlər fayda verməzsə, mütləq həkimlə məsləhətləşmək lazımdır.

/Express/