Qızıldan qiymətli ilan zəhəri

Day.Az представляет новость на азербайджанском языке
Vaxtilə SSRİ-də istehsal olunan ilan zəhərinin 70 faizini verən Azərbaycanda hazırda bu sahədə durğunluq hökm sürür
İlan zəhəri öz qiymətliliyi ilə bütün dünyada çox məşhurdur. Çünki bu sahə iqtisadiyyata böyük gəlir gətirmək imkanına malikdir. Azərbaycanda da vaxtilə bu sahə inkişaf edib və gəlir gətirən sektorlardan biri olub. İlan zəhəri istehsalı Zirə qəsəbəsi və Ağsudakı herpetoloji kombinatlarda aparılıb. Amma bu kombinatların fəaliyyəti 90-cı illərin əvvəllərində dayandırılıb.
Gəlirli və faydalı bir sektor olduğu üçün 2009-cu ildə bu kombinatların fəaliyyətinin elmi istiqamətdə bərpası ilə bağlı qərar verildi. Amma hələ ki heç bir nəticə görünmür. Bəs Azərbaycanda zəhərli ilanlar olduğu halda bu sahənin faydalı tərəflərindən niyə yararlanmırıq?
Azərbaycanın əlavə mənbədən gəliri
İqtisadçı alim Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, qeyri-neft sektorunun inkişafı fərqli sektorları əhatə edir. İlan zəhərinin istehsalı da bu sektorlardandır: "İlan zəhərinin istehsalı ilə bağlı SSRİ dövründə Azərbaycanda xüsusi zavodlar fəaliyyət göstərirdi. Təəssüf ki, SSRİ dağıldıqdan sonra bu istiqamətdə marağın və diqqətin azalması ilan zəhəri istehsalının dayandırılmasına səbəb oldu. Bu istehsal bərpa olunsa, Azərbaycana qeyri-neft sektorundan fərqli istiqamətlərdə gəlir əldə etməyə imkan verəcək. İlan zəhərinin qiyməti kifayət qədər yüksəkdir. Bir qram ilan zəhərinin qiyməti bir barel neftin qiymətindən bir neçə dəfə çoxdur. Azərbaycan üçün neftdən asılılığın aradan qaldırılması bu gün əsas məqsədlərdəndir. İlan zəhərinin istehsalının təşkil edilməsi birmənalı şəkildə imkan verəcək ki, Azərbaycan əlavə mənbələrdən gəlir əldə edə bilsin".
V.Bayramov deyir ki, Azərbaycanda yerli dərman istehsalının genişləndirilməsi də nəzərdə tutulub. İlan zəhərindən isə dərman istehsalında geniş istifadə olunur. Bu istehsalın inkişaf etdirilməsinin başqa bir üstünlüyü də məhz dərman istehsalının genişlənməsinə gətirib çıxarmasıdır: "İlan zəhərinin istehsalı kifayət qədər kiçik və spesifik bir sahə kimi qiymətləndirilsə də, böyük əhəmiyyətə malik investisiya istiqamətidir. Bu istiqamətə investisiyanın yatırılması Azərbaycanın qeyri-neft sektorundan gəlir mənbələrinin sayını artırmağa imkan verəcək. Bununla həm digər sektorların inkişafı stimullaşdırılacaq, həm də dərman preparatlarının istehsalı üçün xammal bazası formalaşdırılacaq. Hətta ilan zəhərini ixrac etməklə ölkəyə daxil olan vəsaitlərin, xarici valyutanın həcmini artırmaq mümkündür".
Sahənin bərpası mümkündür
İqtisadçı deyir ki, uzun müddət bu sahədə fəaliyyət dayandırılsa da, yenidən bərpası üçün kadr potensialı ilə bağlı hər hansı problem olmayacaq. Çünki uzun müddət bu sahə Azərbaycanda ənənəvi sektorlardan biri olub. Burada xüsusi xərc tələb edən texnoloji avadanlıqlara da ehtiyac yoxdur: "İlanların saxlanması üçün xüsusi yerlərin inşa edilməsi böyük vəsait tələb etmir. Burada xüsusi innovativ texnologiyalardan istifadə olunmadığı üçün kadr potensialında da hər hansı problemin olacağını düşünmürəm. Mövcud kadr potensialı və tələb olunan investisiya xərcinin az olması bu sektorun inkişafı üçün zəmin yaradır".
V.Bayramov onu da bildirdi ki, bir sıra ölkələrdə bu sektor dövlətin, bəzilərində isə özəl şirkətlərin ixtiyarındadır. Azərbaycanda isə ilkin olaraq dövlətin nəzdində fəaliyyət göstərməsi məqsədəuyğundur: "İlanların qonşu ərazilərə ziyan vurmaması, xüsusi mühafizə altında qorunması kimi məsələlər olduğu üçün bəzi ölkələrdə dövlət nəzarətində olan bir sektordur. Bu sahəni Azərbaycanda dövlət nəzarətində olan istehsal sektoru kimi formalaşdırıb, gələcəkdə özəl şirkətlərin idarə etməsinə vermək mümkündür".
SSRİ-də istehsal olunan ilan zəhərinin 70 fazi
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun aparıcı elmi işçisi, keçmiş "Zootoksinlər" İstehsal, Elmi Araşdırmalar Mərkəzinin direktoru Təvəkkül İsgəndərov da Azərbaycanda bu sahənin inkişafının tərəfdarıdır. O deyir ki, SSRİ-nin vaxtında bu sektor iqtisadiyyatda böyük rola malik olan perspektivli və nadir istehsal sahələrindən biri olub. Dərman hazırlanması üçün ən qiymətli tibbi xammal olaraq yüksək səviyyədə satışı aparılıb: "Hər bir ilan növünün zəhəri ayrı-ayrı xəstəliklərdə istifadə olunur. Kobra ilanının zəhəri sinir-əsəb sistemi ilə bağlı olan xəstəliklərin, gürzə və gürzə kimi ilanların zəhəri ürək-qan-damar sistemi xəstəliklərinin müalicəsində istifadə edilir. Hər bir ilan zəhəri tibbi xammal olaraq dərman istehsalı üçün istifadə olunurdu. SSRİ də təbiətində çoxlu zəhərli ilan növləri yayılan respublikalara ilan zəhərinin istehsalı ilə bağlı tapşırıqlar vermişdi. 1969-cu ildən başlayaraq Azərbaycandan da tələb olundu ki, gürzə ilanları təbiətdən ovlanıb, müvəqqəti olaraq süni surətdə saxlanıb, zəhəri alınıb Estoniyanın Kimya Əczaçılıq Zavoduna göndərilsin. İlan zəhərindən ən yaxşı dərman hazırlayan bir əczaçılıq zavodu idi. Azərbaycanda bu işə başlanıldı və 90-cı ilin əvvəllərinə qədər bu istehsal davam etdi".
T.İsgəndərov deyir ki, SSRİ-də istehsal olunan ilan zəhəri əsasən Estoniyanın Kimya Əczaçılıq Zavoduna satılırdı. SSRİ-nin tibb bazarını təmin etmək üçün Orta Asiya, Rusiya və Azərbaycanda bir yerdə cəmi 5 kiloqramdan bir az çox quru ilan zəhəri istehsal olunurdu. Onun 70 faizini isə Azərbaycan verirdi. Bu isə yüksək göstəricidir: "Bu sahədə ən qabaqcıl texnologiya da bizdə idi. İlanları daha çox müddətə saxlaya bilirdik. Texnologiyalarımıza görə daha çox miqdarda zəhər almaq imkanımız var idi".
İxrac olmadığı üçün istehsal dayanıb
Müsahibimin sözlərinə görə, istehsal olunan zəhər ixrac olunan zaman inkişaf yaxşı gedib. Lakin sonra ixrac dayandırılıb və ilan zəhərinin ölkə daxilində istifadə edilməsi nəzərdə tutulub. Bu addım isə zamanla bu sektorun inkişafını ləngidib: "Estoniyadan əlavə, az miqdarda Riqaya, Minsk əczaçılıq zavodlarına da məhsul göndərmişik. Hətta Bakıda Böyük Şorda dərman istehsal edən əczaçılıq sənayemiz vardı. Az miqdarda onlar da hərdən istifadə edirdilər. 1989-cu ildə Səhiyyə Nazirliyi hökumətə təşəbbüs verdi ki, niyə bizim ilan zəhərimiz Estoniyaya getsin? Özümüz bu zəhərlərdən dərman hazırlaya bilərik. Təşəbbüs qəbul olundu və Estoniyaya zəhər göndərilməsi dayandırıldı. Nazirlik istehsal olunmuş zəhəri özü qəbul edirdi. Amma təəssüf ki, həmin zəhərdən nə dərman hazırlaya bildi, nə də başqa bir bazar tapıb sata bildi. Təbii ki, satılmayan məhsulun istehsalını da davam etdirmək olmaz. Satılmadığına görə, 1989-cu ilin oktyabr ayından etibarən 1995-ci ilə qədər dövlət hesabına istehsal olunan 20 kiloqrama yaxın zəhər yığılıb qaldı. 1995-ci ildə həmin mərkəz ləğv olunmasa da, fəaliyyətini dayandırdı".
Mərkəzin bərpası qərarı kağız üzərində qalıb
T.İsgəndərovun sözlərinə görə, 2009-cu ildə mərkəzin elmi istiqamətdə ilan zəhərindən və başqa bioloji məhsullardan istifadə edib, təcrübələr aparıb yeni istehsal sahələri yaratması üçün bərpası ilə bağlı qərar qəbul edilib. Bu məqsədlə də mərkəz Milli Elmlər Akademiyasının nəzdinə verilib. Lakin bu sahənin bərpası üçün maliyyə yoxdur: "İlanda zəhərdən əlavə tibbi əhəmiyyəti olan çoxlu toxumalar var. İlan zəhərindən olduğu kimi istifadə etmirlər. Onun tərkibindəki komponentləri ayırıb ayrılıqda tətbiq edirlər. Zəhəri fraksiyalara ayırıb satdıqda daha baha qiymətə gəlir. Bütün bunlar hamısı mürəkkəb proseslərdir. Bu sahədə işləmək, araşdırmaları genişləndirmək üçün texnoloji baza olmalıdır. Dövlət tərəfindən maliyyə vəsaiti ayrılmadı, akademiyanın isə bu işləri görmək üçün imkanları məhduddur. Laboratoriya yaradılmalıdır. Maliyyə vəsaiti olmadığı üçün həmin qərar elə kağız üzərində də qalmaqdadır".
Dünya bazarında ilan zəhərinin keyfiyyət rəqabəti
Bazara ilan zəhəri çıxarmaq üçün ona dünya standartlarına uyğun sənədlər hazırlanmasının vacib olduğunu deyən T.İsgəndərov bildirdi ki, bu sənədlərin hazırlanması üçün aparılacaq labarotoriya analizləri də böyük xərc tələb edir: "Bizdəki sənəd isə sovet dövründən qalmadır. Hər məhsul təqdim ediləndə sənədi olmalıdır. İlan zəhərinin də xüsusilə keyfiyyət sertifikatına fikir verilir. Alıcı aldığı məhsulu sertifikatdakı göstəricilərlə tutuşdurur. Əgər uyğun gəlirsə, o məhsulu alır. Amma bizdə o keyfiyyət sertifikatını hazırlamaq mürəkkəb prosesdir. Sənədləri hazırlamaq üçün tələb olunan laborator analizləri aparmaq üçün tələb olunan laboratoriya Azərbaycanda yoxdur. Biz də kənardan laboratoriya tapmalıyıq. Başqa yerdə isə bunları hazırlatdırmaq bizə heç də ucuz başa gəlməyəcək. Əgər biz ilan zəhəri istehsalı ilə məşğul olacağıqsa, o laboratoriya bizə lazım olacaq. O laboratoriyanın yaradılması üçün isə 1-1,5 milyon manat vəsait lazımdır".
T.İsgəndərovun sözlərinə görə, 20-25 il bundan öncə ilə indini müqayisə etdikdə ilan zəhərinin keyfiyyətinə dünya bazarında nəzarət güclənib: "Çünki son illər dünya bazarına elə ilan zəhəri çıxarılır ki, ona ilan zəhərindən başqa nə ad istəsən vermək olar. Rənglənmiş, xarici görünüşünə görə ilan zəhərinə oxşayan cürbəcür üzvi və qeyri-üzvi maddələr, hətta şüşə qırıqları adı ilə dünya bazarına zəhər aparırlar. Bu cür idarəolunmaz hərəkətlər var. İlan zəhərinə güclü tələbat olan ölkələr də artıq məhsulu alarkən daha güclü göstəricilərlə yoxlayıb götürürlər".
Kor-koranə bu işlə məşğul olmaq təbiətə ziyan vurur
Azərbaycanda fərdi şəkildə bu işlə məşğul olanlar haqda da eşitmişik. Müsahibim deyir ki, bu sahədə kor-koranə çalışmaq olmaz: "Bu sahəylə məşğul olub, gizli yolla sərhəddən çıxarmağa çalışanlardan zəhəri müsadirə edirlər. Məhkəmə tibbi ekspertizası belə maddələri bizə göndərib həqiqətən ilan zəhəri olub-olmadığını öyrənmək istəyir. Belə müsadirə olunmuş məhsulların mövcudluğu göstərir ki, Azərbaycanda bu işlə məşğul olanlar var. Kortəbii şəkildə, texnoloji qaydalara əməl etmədən, həm də faunamıza, resurslarımıza ziyan vurduğu üçün belə hallar yolverilməzdir".
T.İsgəndərov onu da bildirdi ki, Azərbaycanda 4 növ zəhərli ilan var. Onlardan ən geniş yayılanı Cənubi Qafqaz gürzəsidir. Digər 3 zəhərli ilan növü isə təbiətdə az sayda olduğu üçün onlardan istifadə də xüsusi diqqət tələb edir. Elə istifadə edilməlidir ki, bu, ilanların nəslinin kəsilməsinə səbəb olmasın.
Bu sektorun inkişafı ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində hər hansı iş aparılıb-aparılmaması ilə də maraqlandıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bu məsələnin nazirliyə aidiyyatının olmadığını bildirdi.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
kaspi.az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре