Pilot layihəli təmayül sinfi

Day.Az представляет новость на азербайджанском языке

Müəllimlər bunu təqdirəlayiq yenilik kimi dəyərləndirir 

Ölkəmizdə ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış mühüm addımlardan biri də tam orta təhsil səviyyəsi üzrə təhsilin təmayüllər üzrə təşkilinə başlanılmasıdır. 2009-cu ildə qəbul olunan "Təhsil haqqında" Qanunda təsbit olunan, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə öz əksini tapan bu məsələnin reallaşdırılmasına 2011-ci ildən start verilib və ilkin mərhələdə 5, sonralar isə bu sıraya əlavə olunan 3 məktəbdə eksperiment aparılıb. Təhsil Nazirliyi ötən müddətdə həmin pilot məktəblərdə əldə olunmuş müsbət nəticələri və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsinin xüsusi qeyd olunmasını nəzərə alaraq, yeni dərs ilində sözügedən pilot müəssisələrin şəbəkəsinin daha da genişləndirilməsini zəruri sayıb və bununla əlaqədar xüsusi əmr imzalanıb. 8 iyun 2015-ci il tarixli həmin əmrlə tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiq olunması nəzərdə tutulan yeni pilot ümumi təhsil müəssisələrinin siyahısı və X-XI siniflərin 2015-2016-cı tədris ili üçün tədris planları təsdiq olunub. Əmrdə habelə eksperimentin təşkili ilə bağlı müvafiq strukturlara bir sıra tapşırıqlar verilib.
Bəs pilot məktəblər yeniliyin tətbiqinə nə dərəcədə hazırdırlar? Təhsil Nazirliyinin sözügedən əmrinin icrası yönündə nə kimi işlər görülüb? Heydər Əliyev adına Liseyin 10 "a" sinfində tarix dərsini dinlərkən bu kimi suallara cavab tapmağa çalışdıq. Qeyd edək ki, Liseydə iki istiqamət üzrə - riyaziyyat-iqtisadiyyat və təbiət fənləri istiqamətləri üzrə təmayül sinifləri yaradılıb.
10 "a" təmayül sinfinin tarix dərsində Xürrəmilər hərəkatından danışılır. Ağıllı lövhədə dərsə başlamamışdan öncə "Babək" filmindən fraqmentlər şagirdlərə təqdim olunur. Şagirdlər kadrları diqqətlə izləyib hərəkat haqqında öncədən məlumat alırlar. Müəllimə Şəlalə Rəhimova şagirdlərə "Film haqqında ilk təəssüratlarınızı necə bölüşə bilərsiniz?" - deyə sual ünvanlayır. Şagirdlər əllərini qaldıraraq filmlə bağlı öz təəssüratlarını bölüşürlər. Dərsin məzmununun əsas olduğunu qeyd edən müəllimə interaktiv dərslərin nümunəsi olaraq mövzu ilə bağlı mərhələ-mərhələ müzakirə aparacağını qeyd edir. Beləcə, hərəkatın nəzəri hissəsi ilə bağlı dərsliyə müraciət olunur. Müəllimənin "Ərəblərin işğalı ərəfəsində Azərbaycan hansı dövlətin əsarətində idi?" sualına şagirdlərdən Kamal "Sasanilər dövlətinin" - deyə cavab verir. "Ərəblərin Sasanilərə qarşı ilk yürüşü nə vaxtdan başlayır?" sualına Nihad əlini qaldırır. "633-636-cı illərdə" cavabı sinfi qane edir. 
"Alban hökmdarı Cavanşir haqqında nə bilirsiniz?" sualına şagirdlərdən Cavid "Cavanşir həm Bizans imperiyası, həm ərəblər, həm də Sasanilərlə, Xəzər xaqanlığı ilə diplomatik münasibətlər saxlayırdı. Onun hökmranlığı dövründə alban dövləti öz müstəqilliyini qoruya bildi"-deyə izah verdi.
Müəllimənin növbəti sualları Babək üsyanının nəticələri, Xürrəmilər hərəkatının məğlubolma səbəbləri ilə bağlı oldu. Şagirdlərin verdiyi cavablardan məmnunluq ifadə edən müəllimə hərəkatla bağlı fikirlərini yekunlaşdırdı: "Bu üsyan hər şeydən əvvəl müstəqil dövlətçilik ənənəsini formalaşdırdı. Babək məğlub oldu, amma bu onu sarsıtmadı, Azərbaycanın daxili müstəqilliyi qorundu, Babək xalq qəhrəmanı kimi yadda qaldı. Babəkin cəsarəti digər insanlara ümid verdi, onların mübarizə əzmini qaldırdı və bu təcrübə sonrakı nəsillərə ötürüldü". 
İslamaqədərki Azərbaycan mədəniyyətindən danışan müəllimə ölkədə zərdüştilik, xristianlıq dinlərinin də mövcud olduğunu qeyd etdi. "İslam öz humanistliyi ilə fərqlənərək özünə geniş yer tapdı, milli-mənəvi dəyərlərə yol açdı". "İslam dini və Azərbaycan" mövzusuna toxunan müəllimə bu gün ölkəmizin və xalqımızın İslam dinini qoruyub saxladığını diqqətə çatdırdı. Şagirdlər də İslam dininin əhəmiyyətini öz fikirləri ilə izah edərək bayrağımızdakı yaşıl rəngin İslam dini ilə bağlı olduğunu və Azərbaycanın tolerant ölkə olduğunu qeyd etdilər. 
Azərbaycandakı hərəkatlardan danışan müəllimənin sinfə "Azadlıq hərəkatı nədir?" - deyə ünvanladığı suala Kamalın maraqlı cavabı eşidilir: "Bir xalq ki öz müstəqilliyi uğrunda mübarizə aparır, buna azadlıq hərəkatı deyilir". 
Zəng səsi eşidiləndə müəllimə ev tapşırığını verməklə və keçilən mövzuları təkrar etməyi tapşırmaqla dərsin bitdiyini bildirir. 

Əlaqələndirmə və ümumiləşdirmə aparılmalıdır

Müəllimə Şəlalə Rəhimova artıq bir neçə məktəbdə həyata keçirilən pilot layihəni təqdirəlayiq yenilik kimi dəyərləndirdi. Belə ki, layihə şagirdlərə öz istiqamətlərini müəyyənləşdirmək üçün hansı sahəni seçəcəklərsə yalnız o istiqamətdə hazırlaşmaq imkanı verir. Ş.Rəhimova qeyd etdi ki, layihə hələlik eksperimentdir: "Bu, bizim məktəbimizdə ilk dəfədir ki, həyata keçirilir". Müəllimənin sözlərinə görə, təmayüllü siniflərdə dərs demək üçün müxtəlif interaktiv kurslarda treninqlər keçən, təcrübəsi olan müəllimlər seçiliblər: "Mənim də bu sahədə böyük təcrübəm var, yeniliklərlə, innovasiyalarla bağlı biliklər əldə etmişəm". 
Müəllimə hesab edir ki, təmayül proqramı şagirdlərin əlavə hazırlığına vaxt ayırmaq, mövzunu dərsdə öyrənmək baxımından əhəmiyyətlidir: "Bunu etmək bəlkə də vacibdir. Əgər Azərbaycan tarixinə həftə ərzində 5 saat vaxt ayrılırsa, şagirdə də həmin vaxtda dərsi yaxşı öyrətmək mümkün olur. Bu da onu əlavə hazırlıqdan, repetitor yanına getməkdən xilas edər". 
Müəllimə layihənin mənfi tərəflərinin də olduğunu qeyd etdi. Belə ki, bu çərçivədə şagirdlərə bir qədər səthi biliklər verilir. Məsələn, yalnız 5 saat "Azərbaycan tarixi" ayrılıb: "Bu şagirdlərin həmyaşıdları "Yeni tarix" fənni də keçirlər. Bu layihəyə şagirdlər ikinci qrup profil üzrə yığılıblar. Riyaziyyat sinfi olduqları üçün onlarda "Yeni tarix" keçirilmir. Humanitar siniflərdə isə "Yeni tarix" fənninə bir neçə saat ayrılır". Ş.Rəhimova bildirdi ki, riyaziyyat təmayüllü sinifdə tarix, coğrafiya, ingilis dili, həndəsə-riyaziyyat, idman və hərbi hazırlıq fənləri keçirilir. Bu siniflər üçün humanitar fənlər ixtisara salınıb: "Mən fikirləşirəm ki, "Azərbaycan tarixi" dünya tarixinin tərkib hissəsidir. Yəni bu tarixlə müəyyən qədər bağlılıq olmalı idi. İndi bu iş müəllimin öz yaradıcılığı ilə bağlı qalıb. Müəllimə imkan verilir ki, həmin fənləri də tətbiq edə bilsin. Bunun üçün müəllim yaradıcı olmalıdır. Bu baxımdan mən "Azərbaycan tarixi"nin hansı sahəsini öyrədirəmsə, onu mütləq ümumdünya tarixinin həmin dövrü ilə əlaqələndirirəm. Əvvəlki mərhələlərdə bir fənnə ayrıca 45 dəqiqə sərf olunurdusa, "Azərbaycan tarixi" dərsi ərzində onlara əlavə 5-10 dəqiqə vaxt sərf edirəm. Əvvəllər "Azərbaycan tarixi"nə 68, 103 saat verilirdisə, indi 170 saat ayrılır: "Azərbaycan tarixi"ni baza vaxtından daha mükəmməl öyrənmək üçün şərait yaradılır". Fənlər azaldılıbsa, əksinə, profil üzrə keçirilən fənlərin saatları çoxaldılıb: "Bəzi müəllimlər "Bu, işimizi daha da yüngülləşdirdi" - deyə düşünürlər. Ancaq mənim fikrimcə, mütləq əlaqələndirmə və ümumiləşdirmə aparılmalıdır".

Dərsarası fasilədə söhbətləşdiyim sinfin şagirdi Elxan Həsənli təmayüllü sinifdə keçirilən dərsin əhəmiyyətini qiymətləndirərək "Dərslərdəki sual-cavablarda bütün şagirdlər iştirak edir və suallar çox intellektualdır" - deyə cavab verdi. E.Həsənli həmçinin müəllimənin əlavə vəsaitlərdən istifadə edərək, proqrama daxil olmasa belə, onlara Qədim dünya və Orta əsrlər tarixindən də dərs keçdiyini dedi. Keçirilən dərsi isə ümumilikdə belə xarakterizə etdi: "Növbəti dərsimizin nə barədə olduğunu bilincə bu barədə internetdən məlumat toplayırıq, film və ya videoçarxları izləyirik, tarixdə hansı fərqli cəhətlər varsa, onları öyrənirik. Sonra əldə etdiyimiz məlumatları sinifdə müzakirə edirik. Bilməyən uşaqlar da həmin məlumatları öyrənirlər". E.Həsənli təmayül sinfində keçirilən dərsin əlavə hazırlıq səviyyəsində olduğunu qeyd edir. Belə ki, tədris çərçivəsində qrup üzrə lazım olmayan fənlər keçirilmir. Proqrama daxil olan fənlər isə daha dərindən öyrədilir. 
Pilot layihə hələ eksperiment olduğu üçün müəllimlər də, şagirdlər də tam üstünlüyü haqqında söz deməkdə çətinlik çəkirlər. Amma bütün dünyada özünü doğruldan təmayül siniflərindəki tədrisin bizdə də uğurlu alınacağına ümidlərini gizlətmirlər...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

kaspi.az