“Həyatın haqqını verərək yaşadım”

Day.Az представляет новость на азербайджанском языке.
Levent Kırca: "Gözlərimi həyata əbədi bağlayanda ürəyim rahat olacaq"
Kaspi.az-ın məlumatına görə, Türkiyənin tanınmış teatr və kino aktyoru, son illər siyasi qalmaqallar və "Gəzi parkı" hadisələri ilə gündəmə gələn Levent Kırca oktyabrın 12-də gözlərini həyata əbədi yumub. Uzun müddətdir qaraciyər xərçəngi xəstəliyindən müalicə olunan aktyor ölümündən bir həftə əvvəl "Yaşam Boyu Onur Ödülü"nə layiq görülmüşdü. Ancaq bu mükafatın dadını çıxarmaq ona qismət olmadı. Onun ölümü türk teatr və kino cameəsini sözün əsil mənasında sarsıdıb.
Levent Kırcanın Azərbaycanda da kifayət qədər sevənləri var. O, 1948-ci ildə Türkiyənin Samsun şəhərində dünyaya gəlmişdi. İlk dəfə 1964-cü ildə Ankara Dövlət Teatrında səhnəyə çıxıb və bundan sonra aktyorluq karyerası başlayıb. Bir çox kino və teatr tamaşalarında yaddaqalan obrazlar canlandıran Levent Kırcanı Türkiyə daha çox "Olacaq o qədər" tamaşaları ilə tanıyıb. Televiziya kanallarında yüksək reytinqlə izlənən "Olacaq o qədər" tamaşaları 22 il davam edib. 1998-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən aktyora verilən "Dövlət sənətçisi" titulu daha sonra geri alınıb.
"Beykent" universiteti İncəsənət fakültəsində bir müddət müəllimlik edən Kırca 2009-cu ildə seçkidə iştirak etmişdi. Demokratik Sol Partiyadan (DSP) İstanbulun Üsküdar rayonunun bələdiyyə sədrliyi üçün namizəd olan aktyor seçkidən məğlubiyyətlə ayrılır. 2011-ci ildən "Aydınlıq" qəzetində köşə yazarlığı edir. 2013-cü ildən "Ulusal" telekanalının direktoru olan Levent ölənə qədər bu kanalda idarə heyətinin sədri olub. "Gəzi parkı" hadisələrində xüsusi fəallıq nümayiş etdirən Levent Kırca Ərdoğan rəhbərliyindəki AKP hökumətinə qarşı mövqeyi ilə yadda qalıb. 2014-cü il martın 30-da keçirilən bələdiyyə seçkisində Fəhlə Partiyasından (İP) İstanbul bələdiyyə sədrliyi üçün namizədliyini irəli sürən aktyor 0.2% səs toplayaraq təkrar məğlubiyyətə düçar olur və bu kimi hadisələrdən sonra xəstələnir.
Mərhum aktyor ölümündən 2 həftə əvvəl - Qurban bayramında son dəfə olaraq Türkiyə mətbuatına müsahibə vermişdi. Müsahibəsində ölümdən qorxmadığını, ölümü hər an gözlədiyini demişdi. Həmin müsahibəni təqdim edirik.
- İlk olaraq Qurban bayramınızı təbrik edirik.
- Mən də bütün oxucularınızın bayramını təbrik edirəm. Ancaq heç zaman bu tip bayramları qeyd etmirəm. Çünki mənim üçün həqiqi bayram ölkənin üzünü güldürəcək günlərin gəlməsi ilə başlayacaq. Anaların övlad acısı ilə ağlamadığı, kasıbların rahat yaşaya biləcəyi, sənətə sevgi, hörmət göstərildiyi, qadınların küçələrdə öldürülmədiyi, Atatürkün yox hesab edilmədiyi günlər mənə görə həqiqi bayram günləri olacaq. Bilmirəm, o günləri görmək mənə qismət olacaq, yoxsa yox. Bunun üçün ömrüm yetəcəkmi?
- Sizdə bir niqab vardı.
- Bəli. Behzatın niqabı məndə idi. Mən də onu gənclərdən birinə verdim. Bir də İsmayıl Dümbüllünün niqabı Münir Özkuldaydı. O, bu niqabı Ferhan Şənsoya verdi. Ferhan da mənə zəng edib dedi ki, "Özünü ağır göstər, ayağını yerə bərk daya, sən də bizi tərk edib getmə. Dümbüllünün niqabını sənə verəcəyəm". Mən də ayağımı yerə bərk vermişəm. Həsənin fəsi ilə Dümbüllünün niqabını almadan heç yerə getməyəcəyəm. Ona qədər ayağımı yerə bərk dayayıb, daha çox yaşayacağam.
- Kimin gedəcəyini, kimin qalacağını Allah bilir.
- 65 yaşım var. Ölsəm, gözüm arxada qalmaz. Biz gedərik, təki gənclər yaşasın. Onlara bir şey olmasın. Mənim həyatla olan mübarizəm ortadadır. "Hər kəs mənə dua etsin" kimi sözləri sevmirəm. Allah yazıbsa, ona başqa çarə yoxdur. Olacağa nə çarə?
- Levent Kırca hər zaman dik durdu, qüruru ilə yaşadı.
- Bəli, mən həyatın haqqını verərək yaşadım. Gözlərimi həyata əbədi bağlayanda ürəyim rahat olacaq. Könül rahatlığı olmayanlar ölmək üçün narahatlıq keçirirlər. Mən ölümdən qorxmuram. Ölümdən qorxan insanlar daim çırpınırlar, başqalarını aldadırlar. İnsanları aldadanlar cümhuriyyətə zərər verənlərdir. Türkiyə Cümhuriyyətində həyatını sənətə həsr etmiş bir aktyor olaraq mən öz öhdəmə düşən vəzifəmi icra etdim. Məhz buna görə alnım açıq, könlüm rahatdır. Hazırda ölsəm, heç də kədərlənmərəm. Ölməyə hazır olmaq da insan üçün çox önəmlidir. Yaşadığım bu müddət ərzində alqış aldım, insanların sevgisini qazandım. Ən böyük arzum "Yerli Şarlo" əsərini səhnələşdirməkdir.
- Kaş ki, quruluş verdiyiniz "Olacaq o kadar" proqramını televiziyalarda yenidən görə biləydik.
- Həmin proqram ekranlarda olsaydı, mən bu halımla belə çalışardım. O məni yenidən həyata bağlayardı. 25 illik əfsanəvi proqramım tamaşaçılardan qoparıldı, gizlədildi. Bu mənə çox pis təsir etdi.
- Levent bəy, hazırda sağlamlıq durumunuz necədir?
- 3 kimyaterapiyam qalıb. Dövlət xəstəxanasında müalicə olunuram. Həmkarlarım sağlamlıqları ilə bağlı bir hadisə olanda Amerikaya gedirlər. Ancaq mən vətənimdəyəm. Mən də Atatürk kimi, özümü türk həkimlərinə əmanət etmişəm.
- Bundan əvvəl də xərçəng xəstəliyindən əziyyət çəkirdiniz.
- Elədir. 2000-ci ildə qan xərçənginə tutulmuşdum. Həmin ərəfələr bunu heç kimə demədim, hər kəsdən gizli saxladım. Nəticədə həmin xəstəliyə qalib gəldim. Zənn etdim ki, hər zaman ona qalib gələcəyəm. Ancaq bu dəfə deyəsən gedər olacağam.
- Tutulduğunuz bu xəstəlik yaşadığınız problemlərlə bağlı ola bilərmi?
- Çəkdiyim əziyyətlər, stresslər hamısı üst-üstə gəldi. Nəticədə 3 ayın içərisində xəstəlik bütün bədənimə yayıldı. Ən çox da stress məni bu günə saldı. Bilirsiniz ki, məndən dövlət sənətçisi adımı aldılar. Teatrda mənə verilən yardımı kəsdilər, haqqımda olmazın sözlər dedilər. Anadoluya səfərə getdiyimizdə məni oteldən çıxarıb həbsxanaya apardılar, sorğuya çəkdilər.
- Yəqin ki, sizin çevrəniz də fərqlidir.
- Sən demə, İstanbulun 7 deyil, 8 təpəsi varmış. Hazırda dünyaya 8-ci təpədən baxıram. Bu təpədən baxanda həqiqi dostumu, çevrəmdəki insanları çox dəqiqliklə görə bilirəm. Onları yaxından tanımaq fürsəti əldə etmişəm.
- Həyat yoldaşınız Aslı xanım deyəsən sizi tək qoymur. Onu hər zaman sizin yanınızda görürük.
- Mənim ən böyük xoşbəxtliyim odur. Borclarımı ödəyəndə də, kimyaterapiyamda əlimi tutan da, məni bəsləyib gecələr keşiyimi çəkən də odur. Təsəvvür edin ki, evimin, hətta teatrın kirayəsini məni aldadaraq ödəyib. O mənə dedi ki, səndən kirayə pulu almırlar. Deyirlər ki, sizin ödəməyinizə ehtiyac yoxdur. Ancaq o, bütün kirayə pulunu gizlicə ödəyirmiş. Aslı mənim sevgilim, həyat yoldaşımdan əlavə, həqiqətən də pis günün dostudur.
Qeyd edək ki, aktyorun ikisi ilk həyat yoldaşından, ikisi də aktrisa Oya Başardan olmaqla 4 övladı var. Aktyorun, həmçinin Sankt Peterburq "Mum heykəllər muzeyi"ində heykəli olan yeganə türk olduğu bildirilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре