Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir. Bu vərdiş təkcə qayda pozuntusu deyil, həm də özünüzü və başqalarını bilə-bilə təhlükəyə atmaqdır.

Day.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.

Qeyd edilib ki, bu vərdiş təkcə qayda pozuntusu deyil, həm də özünüzü və başqalarını bilə-bilə təhlükəyə atmaqdır.

Müraciətdə vurğulanır ki, mobil telefondan istifadənin yaratdığı əsas təhlükələr bunlardır:

"Diqqətin yayındırılması - Telefona baxan sürücü yolda baş verənləri vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat vasitələrini nəzərdən qaçırır.

 

Reaksiyanın ləngiməsi - Telefon sürücünün reaksiyasını 2-3 dəfə gecikdirir. Bu isə qəfil əyləc və ya manevr imkanlarını minimuma endirir.

Nəzarətin itməsi - Telefonla məşğul olan sürücü zolaqdan çıxır, təhlükəli manevrlər edir və məsafəni düzgün qiymətləndirmir".

"Hörmətli sürücülər!

Unutmayın: Bir zəng və ya bir mesaj heç vaxt insan həyatından vacib ola bilməz. Sizin məsuliyyətli davranışınız hər kəsin təhlükəsizliyinə təminat verir", - müraciətdə qeyd edilir.