Ermənilər görüş gözləyir: onlar bu dəfə nə deyəcəklər?

"Azərbaycanın yeni xarici işlər naziri ilə görüşü gözləyirəm. Onunla indiyədək çox sadə səbəblərdən ünsiyyətim olmayıb. Bizim üçün ən mühüm olan məsələ yeni azərbayanlı nazirlə birlikdə gərginliyi azaltmaq üçün çalışmaq, fəaliyyətin yeni mərhələsinə hazırlaşmaqdır". Ermənistanın XİN başçısı Zöhrab Mnasakanyan İrəvandakı "Şant" telekanalının efirində belə deyib. Onun sözlərinə görə, Azərbaycanın yeni XİN başçısı Ceyhun Bayramovla görüşü və danışıqları səbirsizliklə gözləyir.

Mnasakanyanın dediyinə görə, Azərbaycanın XİN rəhbəri ilə son dəfə bu ilin yanvarında görüşü olub.

"Bütün istiqamətlər üzrə yetərincə uzunmüddətli, məzmunlu və dərin fəaliyyətimiz vardı. Yeni mərhələlərə keçməliydik, buna da tam hazır idik. Lakin koronavirus pandemiyası, gerçəkdən də, mane oldu, yeni reallıqlara, yeni inkişaflara, müxtəlif daxili siyasi proseslərə səbəb oldu", - Zöhrab Mnasakanyan söyləyib.

O daha sonra vurğulayıb ki, Azərbaycan "erməniləri və Ermənistanı düşmən kimi göstərmək taktikasından əl çəkməlidir: belə taktika qəbuledilməz və qeyri-effektivdir".

Z.Mnasakanyan daha sonra Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesindəki yeni mərhələyə hazırlıqla bağlı Ermənistanın yeni mövqeyini açıqlayıb.

Ermənistanla qarabağlı ermənilərin "sülh prosesinə sadiqliyini" vurğulayan erməni nazirin dediyinə görə, son üç ildə rəsmi İrəvan üç istiqamət üzrə çalışıb: "İlk əvvəl prioritetləri müəyyənləşdirdik, birtərəfli güzəştlərin yolverilməzliyini və problemin balanslaşdırılmamış həllini vurğuladıq.

İkinci istiqamət danışıqlarda irəliləyişə nail olmaq üçün risklərin azaldılması idi. Üçüncü istiqamətsə Dağlıq Qarabağın danışıqlarda tərəf qismində tanınmasının labüdlüyüdür".

Ermənistanın XİN başçısının dedikləri İrəvanın mövqelərinin daha da aqressivləşməsini göstərir.

Dağlıq Qarabağdakı kriminal və terrorçu xuntanın "tərəf" qismində tanınması tələbini səsləndirən Ermənistan bu çağırışlarının absurd olduğunu bilir. Lakin marazmatik inadından əl çəkmir, "qarabağlı ermənilərin seçim hüququ"ndan bəhs edir.

Dağlıq Qarabağ və erməni işğalında olan digər Azərbaycan ərazilərinin sakinlərinin hüquqlarından danışırıqsa, azərbaycanlı məcburi köçkünlərin movcudluğunu Ermənistan unutmamalıdır. Çünki Dağlıq Qarabağın azərbaycanlı icmasının bilavasitə və birbaşa iştirakı olmayan istənilən prosedur qanunsuzdur.

Beynəlxalq hüquq bunu deyir.

Danışıqlar prosesində irəliləyişdən bəhs ediriksə, bunun qarşısını alan əsas və yeganə maneə işğalçı Ermənistanın tutduğu mövqedir. Nizamlanma prosesində risklərin azaldılması, inam və etimad atmosferinin formalaşması da bilavasitə bu məqamdan asılıdır.

"Ermənistanın düşmən kimi qələmə verilməsi və bu obrazın yaradılması" ifadəsinə gəldikdə isə, Zöhrab Mnaskanyan ən primtiv şəkildə söz oyununa girişib.

Ermənistan Azərbğaycana düşmən kimi baxır və ərazilərimizin işğalını davam etdirməyi arzulayır.

Bundan savayı, torpaqlarımızın 20 faizini işğalda saxlayan ölkəyə necə baxmalıyıq ki?!

Və sonda: koronavirus pandemiyasından bəhrələnməyə çalışan da Tovuz rayonunu atəşə tutan, hücuma keçməyə cəhd göstərən Ermənistan oldu.

Z.Mnasakanyan belə bəsit və yarıtmaz söz oyunlarından əl çəkib, adekvat mövqe tutarsa, danışıqlar davam edə bilər.

Bu, ilkin şərtdir.

Elçin Alıoğlu
Milli.Az