Polis narkotacirlərlə bağlı əməliyyat keçirdi, külli miqdarda narkotik aşkarlandı
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumatlar əsasında yanvarın 8-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb, onlardan ümumilikdə 37 kiloqram 646 qram narkotik vasitə, o cümlədən 25 kiloqram 146 qram tiryək, 7 kiloqramdan artıq heroin və 5,5 kiloqram marixuana götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən D.Həsənov Qaradağ rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 70 qrama yaxın tiryək aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Müşfiqabad qəsəbəsindəki yaşadığı evə baxış zamanı isə oradan əlavə olaraq 20 kiloqramdan artıq tiryək və 1 ədəd elektron tərəzi götürülüb.
Növbəti əməliyyat tədbiri nəticəsində Masallı rayonu ərazisində saxlanılan Ə.Əzimovdan 3 kiloqrama yaxın heroin, 2 kiloqramdan artıq tiryək aşkar edilib. Davam etdirilən tədbirlərlə onun Masallı şəhərindəki yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 3 kiloqramdan artıq heroin, 3 kiloqrama yaxın tiryək və 5 kiloqram 500 qram marixuana götürülüb.
Yasamal rayonu ərazisində keçirilən digər əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Əliyevdən isə 804 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре