Azərbaycanda kriptovalyuta mədənçiliyinə maraq artır

Azərbaycanda kriptovalyuta mədənçiliyi (Cryptocurrency mining) prioritet biznes sahələrindən birinə çevrilməkdədir.

Day.Az bildirir ki, bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, hazırda bəzi kiçik büdcəli, lakin perspektiv vəd edən kriptovalyutalar var ki, onları ev şəraitində emal etmək olur:

"Azərbaycanda son zamanlarda bu sahəyə maraq artıb. Burada əsas gəlir həmin kriptovalyutanın bazar dəyəri ilə hazırlanmasına sərf olunan xərclə müqayisə olunur. Hazırda kriptovalyuta bazarının 40 faizini "Bitcoin", 20 faizə yaxınını da "Ferrum Network" tutur. "Bitcoin"in ev şəraitində, belə desək kustar üsullarla hazırlanması qeyri-mümkündür. Amma digər kriptovalyutalar var ki, onları emal etmək mümkündür. Bu sahəyə başlamaq üçün tələb olunan cihazın dəyəri təxminən 10 min dollar civarındadır. Həmçinin mədənçilik üçün enerji xərci də var. Kriptovalyuta emalı böyük enerji istehlakına gətirib çıxarır. Digər tərəfdən bir kriptovalyutanın emalı üçün sərf olunan vaxt da var. Təbii ki, bir kompüterdə bunu limitsiz etmək olmur".

Ekspert bildirib ki, kriptovalyuta mədənçiliyi bazarının sürətlə böyüdüyü bir vaxtda bu, mənfəətli sahədir:

"Bəzən qoyduğun investisiyanı 1-2 il ərazində geri qaytara bilirsən. Xüsusən də nəzərə alsaq ki, hələ bazara təzə girən ucuz kriptovalyutaların qiyməti il ərzində 10-15 dəfə bahalaşa da bilir. Bu baxımdan indiki məqamda çox yaxşı investisiya kimi görünə bilər. Amma nəzərə alaq ki, 2020-ci ildə kriptovalyuta çox bahalaşdı, 2021-ci ilin aprelində demək olar ki, pik həddə idi, hazırda isə həmin bazar pik səviyyədən 30-40 faiz aşağıdadır və bununla əlaqədar risklər də hələ qalır. Xüsusən mərkəzi bankların tənzimləmə tədbirləri buna təsir edən əsas amillərdəndir. Amma ümumilikdə normal bizneslərdə illik gəlirlilik 10-15 faiz ətrafındadırsa, bu sahə indiki məqamda yenə də rentabellidir, gəlirliliyi yüksəkdir və risk etməyə dəyər".