Parisin "qətnamə sancısı"

Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya (Assemblee Nationale) Ermənistanı dəstəkləyən "Azərbaycanın Ermənistana qarşı təcavüzünə son qoyulmasını və Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsini tələb edən 388 saylı qətnaməyə dair vəsatət"i (Proposition de résolution n°388 visant à exiger la fin de l'agression de l'Azerbaïdjan à l'encontre de l'Arménie et à établir une paix durable dans le Caucase du Sud) müzakirə edib.

Müzakirələr qətnamə layihəsinin Assambleyanın iclasında iştirak edən deputatlar tərəfindən yekdilliklə qəbul edilməsi ilə başa çatıb.

Qətnamə layihəsi təqdim edilərkən sənədin aşağıda sadalanan, Fransa və beynəlxalq qanunvericilikdəki qanunlar, sənədlər, qətnamələr və s.-yə əsaslandığı vurğulanıb:

1. Fransa Konstitusiyasının 34.1-ci maddəsi

2. Milli Assambleyanın Nizamnaməsinin 136-cı maddəsi

3. Birləşmiş Millətlər Təşkilatının 26 iyun 1945-ci il tarixli Nizamnaməsi

4. "Hərbi əsirlərlə rəftar haqqında" 12 avqust 1949-cu il tarixli Üçüncü Cenevrə Konvensiyası

5. 4 noyabr 1950-ci il tarixli İnsan Hüquqları üzrə Avropa Konvensiyası

6. "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" 4 yanvar 1969-cu il tarixli Beynəlxalq Konvensiya

7. "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" 16 noyabr 1972-ci il tarixli Konvensiya

8. 21 dekabr 1991-ci il tarixli Alma-Ata Bəyannaməsi

9. 9 noyabr 2020-ci il tarixli, Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat

10.  Milli Assambleyanın 2020-ci il dekabrın 3-də qəbul etdiyi "Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının müdafiəsi haqqında" 520 saylı qətnaməsi

11. Avropa Parlamentinin Ermənistan və Azərbaycan arasında son münaqişədən sonra hərbi əsirlərə dair 20 may 2021-ci il tarixli 2021/2693 saylı qətnaməsi

12. Avropa Parlamentinin "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsinə dair" 10 mart 2022-ci il tarixli 2022/2582 saylı qətnaməsi.

Fransanın Milli Assambleyasında səs çoxluğu təşkil edən və iqtidarda olan "İntibah" fraksiyası, habelə "Demokratik Hərəkat və Tərəfdaş Demokratlar" və "Tərəfdaşlıq Üfüqləri" qruplarının mənsubları tərəfindən hazırlandığı vurğulanan sənədin digər müddəaları arasında Azərbaycana açıq-aşkar qərəz, subyektivizm və düşmənçilik ruhunda olan bəndlər bunlardır:

- Bütün erməni hərbi əsirləri dərhal və heç bir şərtlər olmadan azad olunaraq vətənə qayıtmaları təmin olunmalıdır

- Ermənistanın suveren ərazisinə Azərbaycanın hücumları və işğalı davam edərsə, Azərbaycana qarşı fərdi sanksiyaların tətbiqi ilə bağlı hökumətə müraciət oluna bilər

- Qarabağlı ermənilərin təhlükəsizliyinin təminatı probleminin həlli ilə bağlı Fransa hökuməti vasitəçilik səylərini davam etdirməlidir

- Ermənistanın müdafiə imkanlarının möhkəmləndirilməsi ilə bağlı mümkün prosedurlar nəzərdən keçirilməlidir

- Ermənistanda və hazırda Azərbaycanın nəzarətində olan ərazilərdə erməni mədəni və dini irsinin müdafiəsi ilə bağlı beynəlxalq təşkilatlar bütün zəruri addımları atmalıdır.

... Bunlar prosessual "lirika"dır.

Faktlar isə maraqlıdır

Sənədin müzakirəsi və bilavasitə səsvermə zamanı Milli Assambleyanın zalında fəxri qonaqlar qismində Ermənistanın Fransadakı səfiri ilə səfirliyin əməkdaşları vardı.

Ən "maraqlı" olan isə üç məqamdır:

1. Azərbaycana qarşı yönəlmiş sənəd layihəsinin real, rəsmi vəsatətdə göstərilənlərdən fərqli olaraq gerçək müəllifi Fransa hökumətidir. Daha doğrusu, Fransanın Xarici İşlər Nazirliyi.

2. Qətnamə layihəsi Ermənistanın Fransadakı səfirliyi və "Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurası" (Conseil de coordination des organisations arméniennes de France, CCAF) ilə sıx əməkdaşlıq şəraitində hazırlanıb.

3. Lehinə 256 deputatın səs verdiyi və yekdilliklə qəbul olunmuş sənədi Ermənistan hakimiyyəti ilə müxtəlif ölkələrdəki erməni diaspor təşkilatları, erməni siyasətçilər və analitiklər "Dünya erməniliyinin qələbəsi, Fransa Milli Assambleyasının ermənilərə tam dəstək verməsi" kimi təqdim etsələr də, belə deyil. Doğrudur, Assambleyanın 256 deputatı sənədin lehinə səs verib, layihənin əleyhinə səs vermiş deputat olmayıb. Lakin Fransa Milli Assambleyasının 577 deputatının 321 nəfəri iclasda iştirak etməyiblər.

İki sənəd, fərqli böhtanlar və marazmlar

Noyabrın 15-də Fransa parlamentinin yuxarı palatası olan Senat da analoji qətnamə qəbul etmişdi.


Lakin Senatın qəbul etdiyi qətnamə Azərbaycana münasibətdə Milli Assambleyada təsdiqlənmiş sənəddən daha sərt kontekstə malikdi.

Senat Azərbaycanı Qarabağda "təkrarlanan təcavüzdə" (les agressions répétées) ittiham etdiyi halda, dünənki qətnamədə Azərbaycanın davranışı "müdaxilə və anneksiya" (l'invasion, l'annexion) sözləri ilə ifadə olunmuşdur.

Təmamilə əks yanaşma xarici aktorlara münasibətdə müşahidə edilir. Senatın qəbul etdiyi qətnamədə Rusiyanın Ermənistana yardım etməməsi birincinin Ukrayna münaqişəsi ilə məşğulluğu ilə izah edilir. Milli Assambleyada dünən qəbul edilmiş sənəddə Rusiya üçtərəfli razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməkdə və Ermənistanda 5000-dən artıq hərbçiyə malik olmasına rəğmən "cinayətkar passivlik"də (d'une passivité coupable) və hətta Azərbaycana dolayısı yardım etməkdə ittiham olunur.

Qarabağın tanınmasını Assambleya qətnaməyə birbaşa salmasa da, mətn çərçivəsində 2020-ci il 3 dekabr tarixli 520 saylı qətnaməyə istinad edir. 520 saylı qətnamənin 1-ci bəndinə görə isə Qarabağın tanınması sülh prosesinin reallaşmasının zəruri hissəsi kimi nəzərdən keçirilir. Bununla belə, adıçəkilən qətnamələrin heç birində Qarabağ ermənilərinə münasibətdə "xalq" terminindən istifadə olunmur. Onun əvəzində hər iki sənəddə "əhali" (des populations) sözündən istifadə olunur.

Və ən nəhayət, Senat ölkə hökumətini Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməyə, həmçinin Avropa üzrə tərəfdaşlarla birgə Azərbaycandan neft-qaz idxalına embarqonu tədbiq etməyə çağırdığı halda, MA "fərdi iqtisadi sanksiyaların" (de sanctions économiques personnelles) qəbul edilməsini vacib sayır.

Milli Assambleyanın dünən qəbul etdiyi sənəddə isə sanksiya, iddia edilən "işğala" görə yox, Azərbaycanın gələcək mümkün "hücum-işğal" addımlarına qarşı çəkindirici amil qismində təklif olunur. Həmçinin Senatdan fərqli olaraq dünənki sənəddə Avropa İttifaqı ölkələrinə Azərbaycana qarşı sanksiyalara qoşulmaq barəsində çağırış yoxdur.

Yelisey Sarayının həyasız yalanı

"Fransa parlamenti palatasının Azərbaycana qarşı qərar qəbul etməyə çağıran qətnaməsi Parisin rəsmi perspektivində öz əksini tapmayıb".

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərə bildirib.

"Parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib", - diplomat bildirib.

Onun sözlərinə görə, Fransa hökumətinin mövqeyi hamıya məlumdur. O, xarici işlər naziri Ketrin Kolonnanın "Fransa sülhə nail olmaq fürsətindən istifadə etmək üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməyə davam edəcək" ifadələrini xatırladıb.

Bu açıqlamanın bir adı var - həyasız, primitiv yalan.

Milli Assambleyada "vəsatət" adlanan qətnamə layihəsi müzakirə olunarkən Fransa XİN-nin nümayəndəsi çıxış edərək deputatları sənədin lehinə səs verməyə çağırıb.

Fransanın Prezident Administrasiyasının, yəni Yelisey Sarayının mənsubu isə iclasdan əvvəl üzərində Ermənistan bayrağının şəkli ilə "Ermənistanın yanında dur" ("Stand With Armena") yazılmış döş nişanının paylanmasını görəndə "Təqdir edirəm, gözəl işdir!" deyib. Daha sonra isə həmin şəxs səsvermə prosesini izləyərək daim telefonla danışıb, baş verənlər barədə Yelisey Sarayının xarici işlər departamentinə operativ məlumat verib.

Və sonda...

Yazının əvvəlində Fransanın Milli Assambleyasında qəbul edilmiş "vəsatət"in müəlliflərinin istinad etdiklərin hüquqi-prosessual bazadan bəhs etdik.

Həmin "arqument"lərə bənd-bənd baxaq.

1. Fransa Konstitusiyasının 34.1-ci maddəsinə istinad edən müəlliflər sənədin "hökumətdən müstəqil" şəkildə qəbul olunduğunu göstərmək istəyiblər.

Halbuki sözügedən maddədə deyilir: "Fransa parlamentinin iki palatasında hökumətin ona etimadı azalda biləcəyi və ya ünvanına tələblərin yer aldığı qətnamə layihələri müzakirə oluna bilməz". Yəni qətnamə layihəsinin bilavasitə və birbaşa olaraq Fransa hökumətinin "əsər"i olduğu təsdiqlənir.

2. Milli Assambleyanın Nizamnaməsinin 136-cı maddəsinə istinad olunur, amma bu maddə kobud şəkildə pozulub. Səbəb - müzakirələrdən əvvəl erməni lobbinq qruplarının mənsublarının deputatlara aşkar təsir etmələri, onları ələ almalarıdır. Bununla bağlı çoxsaylı görüntülər Fransa Milli Assambleyasının videomüşahidə kameraları tərəfindən qeydə alınıb və sosial şəbəkələrdə də var.

3. BMT Nizamnaməsinə istinad olunur, lakin sözügedən təşkilatın Təhlükəsizlik Şurasının 822, 853, 974 və 884 saylı qətnamələri "unudulub". Həmin sənədlərdə Azərbaycan ərazisinin 20 faizinin erməni işğalına uğradığı, Ermənistanın işğalçı dövlət olduğu və s. bu kimi məqamlar aşkar göstərilib. Azərbaycan da 44 günlük İkinci Qarabağ Müharibəsi vasitəsilə həmin sənədlərin gecikmiş icrasını təmin edib.

4.  "Hərbi əsirlərlə rəftar haqqında" konvensiyaya istinadə olunur, lakin Azərbaycanda məhkəmə qarşısına çıxarılan və əməllərinə görə cəza alan Ermənistan vətəndaşları hərbi əsir deyillər. Onlar müharibə başa çatandan sonra ələ keçiblər, terror və diversiya aktlarını törədiklərini də etiraf ediblər. Ən başlıcası isə Ermənistanla Azərbaycan arasında elan edilmiş müharibə olmayıb: belədirsə, Azərbaycan ərazisində yaxalanmış istənilən Ermənistan hərbçisi avtomatik, habelə aksiomatik olaraq terrorçu və ya diversant sayılır.

5. İnsan Hüquqları üzrə Avropa Konvensiyası ermənilər tərəfindən 1992-ci ildən bəri ayaqlar altına alınıb, heçə sayılıb. Fransa indi xatırlayıb ki, belə sənəd var və on minlərlə azərbaycanlının qətlə yetirilməsində baiskar olan Ermənistana qarşı son 30 ildə tətbiq olunmayıb?!

6. . "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" bəyannaməyə istinad absurddur. Monoetnik dövlətə çevrilmiş Ermənistanın işğal dönəmində Azərbaycan vətəndaşlarına, əsir və girovlara tətbiq etdiyi işgəncələr, edamlar zooloji irqçiliyin təzahür formasıdır. İndiki dönəmdəsə Ermənistan siyasətçilərinin irqçi və etnosid çağırışlı revanşist bəyanatlarına nəzər salmaq yetər.

7. Qarabağda tarixi və mədəni irs məsələsinə gələk. İşğal dövründə Qarabağda arxeoloji qazıntılar aparmaq məqsədilə Ermənistan hökuməti tarix elmləri doktoru Hamlet Petrosyanın rəhbərliyi ilə komissiya yaradıblar. 2000-ci ildən etibarən daimi fəaliyyət göstərən bu komissiya Dağlıq Qarabağ və ona bitişik ətraf rayonlarda, o cümlədən Xocalı, Xocavənd, Xankəndi, Ağdam, Şuşa, Kəlbəcər və Laçın rayonlarının ərazilərində olan arxeoloji abidələrin dağıdılması ilə məşğul olub.

Ermənilərin viran qoyduqları irs siyahısında Qarabağ xan sarayı, Xan qızı Natəvanın sarayı, Hacı Quluların mülkü, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Saatlı məscidi, Cümə məscidi, Vaqif türbəsi, Bülbülün ev-muzeyi, Çörək muzeyi, habelə 63 məscid, minlərlə mədəniyyət-təhsil obyekti, onlarla muzey və s. var.

Və ən nəhayət, Avropa Parlamentinin qətnamələrinə gəldikdə isə, elə həmin təşkilatın Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin heç biri (!) Ermənistan tərəfindən icra olunmayıb.

... Göründüyü kimi, Fransa Senatı, sonra da Milli Assambleyası hüquqi-prosessual baxımdan tamamilə əsassız, primitiv, sırf siyasi ambisiyalara və rəsmi Parisin geosiyasi məqsədlərinə xidmət edən iki qətnamə qəbul ediblər.

Sənədlərin real çəkisi və dəyəri isə çap olunduqları kağız parçalarından artıq deyil.

Elçin Alıoğlu
Milli.Az