Azərbaycanın müasir dövrdə qazandığı bütün uğurlar birbaşa Prezident İlham Əliyevin uzaqgörən siyasəti və liderliyi ilə bağlıdır

Azər Qarayev,
Politoloq

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan ictimaiyyəti ilə yanaşı, bütün dünyanı maraqlandıran məsələlərə toxundu. Müsahibədə Azərbaycanın daxili işlərindən tutmuş, xarici əlaqələri, gələcək planları, qonşu ölkələrlə münasibətlər, dünya ölkələrindəki proseslər və sair mövzular əhatə olundu.

Müsahibənin əvvəlində dövlətimizin başçısı 2024-cü ilin sosial-iqtisadi yekunları barədə danışıb. Prezident İlham Əliyev ötən ilin iqtisadi inkişaf baxımından yenə də uğurlu il olduğunu qeyd edib. Belə ki, ötən ilin iqtisadi göstəriciləri bunu əyani sübutudur. 2024-cü ildə ümumi daxili məhsul 4 faizdən çox artıb, valyuta ehtiyatlarımız 72 milyard dollara çatıb. Eyni zamanda, xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir, bu isə o deməkdir ki, sözügedən aspektdən ölkəmiz qlobal planda dünya liderləri arasındadır. Xarici borcun ÜDM-nin 10 faizinədək endirilməsi məqsədi artıqlaması ilə reallaşdırılıb və bu, yeni layihələr üçün əlavə maliyyə resurslarının cəlb edilməsinə yeni şərait yaradıb.

Ölkəmizdə yüksək səviyyədə təşkil edilərək keçirilən COP29 tədbirindən danışan dövlətimizin başçısı bu istiqamətdə müxtəlif hədəflərə çatdığımızı və bunun, Azərbaycanın növbəti uğuru olduğunu vurğuladı. Eyni zamanda, Prezident İlham Əliyev COP29-u siyasi motivlər səbəbindən boykot etmək cəhdlərindən də danışdı. Burada, təbii ki, təşəbbüskar Fransa və cənab Makron olub. Məlumdur ki, bu boykot cəhdi tamamilə uğursuz oldu və bu cəhdin arxasında duran Makron məqsədlərinə bu dəfə də nail ola bilmədi. Hətta dövlət başçısının dediyi kimi, o, digər dövlətlərin başçılarına şəxsən zəng edərək, onları Bakıya getməməyə səsləyirmiş. Amma Azərbaycan regionla yanaşı, qlobal müstəvidə də önəmli aktor olduğu üçün həmin o dövlət başçıları Azərbaycana gəlməyi seçdilər. Belə ki, səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi.

Azərbaycanın beynəxalq təşkilatlara üzv olmasına və fəal iştirakına toxunan dövlət başçısı yaxın zamanda ölkəmizin D8 təşkilatına üzv seçilməsi barədə də danışdı. Prezident İlham Əliyev bu əlamətdar hadisəni xüsusi olaraq qeyd edərək, Azərbaycanın D8-də fəal iştirak etməsi və töhfə verməsi üçün artıq bütün lazımi göstərişlərin verildiyini bildirdi. Bu addım Azərbaycanın qlobal iqtisadi və siyasi əlaqələrini daha da genişləndirəcək, eyni zamanda, təşkilatın iqtisadi və diplomatik proseslərində Azərbaycanın iştirakını təmin edəcək. Bu mühüm addım Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirəcək və qlobal müsəlman dünyası ilə əməkdaşlığını gücləndirəcək. Azərbaycan D8 çərçivəsində iqtisadiyyat, enerji və ticarət kimi sahələrdə öz təcrübəsini paylaşaraq, təşkilatın inkişafına töhfə verə bilər.

Müsahibədə bir sıra ölkələr tərəfindən Ermənistana verilən dəstəkdən də söz açılıb. Ermənistan hazırkı geosiyasi proseslər fonunda həm havadarlarını, həm də gələcəyə olan ümidlərini sürətlə itirir. Regionda baş verən dəyişikliklər Ermənistanın onilliklər boyu güvəndiyi xarici dəstəyin zəiflədiyini, hətta tamamilə yox olduğunu göstərir. Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana qarşı çıxışları və ermənipərəst siyasəti beynəlxalq arenada dəstək tapmadı və Fransa öz nüfuzunu daha da itirdi. Bu, Makronun dolayısı ilə Azərbaycanın gücünü və Fransa siyasətinin regionda uğursuzluğunu etiraf etməsi ilə nəticələndi. ABŞ-də də Bayden administrasiyasının sayılı günləri qalıb və onunla əlaqəli olan Soros və Sorosçuların təsiri əhəmiyyətli dərəcədə azalacaq. Bu, Ermənistanın ABŞ-dəki dəstəyinin azalmasına və Ermənistanın Qərbdə daha zəif mövqeyə sahib olmasına səbəb olur. Yeni administrasiyanın daha çox realist və balanslı siyasətlə çıxış edəcəyi gözlənilir, bu isə Ermənistan üçün əlavə dəstək qapılarının bağlanmasını ifadə edir. Bu dəyişikliklər fonunda Ermənistan üçün rasional çıxış yolu yalnız bir istiqamətdədir: Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq. Bu xüsusda, Ermənistan üçün Zəngəzur dəhlizinin açılması qaçılmaz bir geosiyasi reallıqdır. Bu dəhliz yalnız regionda iqtisadi və nəqliyyat əlaqələrini genişləndirmək üçün deyil, həm də Ermənistanın beynəlxalq təcriddən çıxması üçün bir fürsətdir. Ermənistan bu fürsəti dəyərləndirməli və regionda nəqliyyat əlaqələrinin qurulmasına mane olmaqdan əl çəkməlidir. Əks halda, Ermənistan daha da təcrid olunaraq, inkişaf imkanlarını itirəcək. Prezident İlham Əliyevin də müsahibədə vurğuladığı kimi, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq.

Bundan əlavə, Qazax rayonunun dörd kəndinin erməni işğalından azad edilməsindən danışan dövlətimizin başçısı bunun dialoq deyil, monoloq nəticəsində baş verdiyini diqqətə çatdırıb. Azərbaycan bu məsələdə ədalətə nail oldu, ərazilərimizi bərpa etdi. Bir güllə belə atılmadan ərazilərimiz geri qaytarıldı.

"Ermənistanın işğalçı siyasəti hər hansı dialoqu nəzərdə tutmurdu, onlar danışıqlar formatından işğalı davam etdirmək üçün pərdə kimi istifadə edirdilər. Bu yaxınlarda mətbuatda çıxan informasiya - məhz Ermənistanın birinci prezidentinin faşist bəyanatı bizim prinsipcə kifayət qədər çoxdan bildiyimizi bir daha təsdiq edir: Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi. Onlar hesab edirdilər ki, bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirlər.

Beləliklə, ATƏT-in Minsk qrupunun üç həmsədrinin hamısı mənim cavab verdiyim həmin dövrdə birmənalı olaraq işğalçının tərəfində idi. Mən bunu 2004-cü ildən Minsk qrupu çərçivəsində danışıqlar aparan və bu "üçlüklə" çoxlu sayda görüşlər keçirən insan kimi deyirəm. Ona görə də biz, əlbəttə, bu ərazilərin dialoq yolu ilə qaytarılacağını güman etmirdik. Eləcə də ərazi bütövlüyünün təmin edilməsini", - dövlət başçısı bildirdi.

Eyni zamanda, dövlətimizin başçısı qeyd etdi ki, bu ay, bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır. Qeyd edildi ki, qarşı tərəfdən də bu məsələdə etiraz yoxdur.

Ermənistanda gedən silahlanma prosesinə toxunan dövlət başçısı bunun Cənubi Qafqaz üçün yeni təhdid amili olduğunu vurğuladı. Bunun qarşılığında da, təbii ki, Azərbaycan da hərbi büdcəsini artırmaq məcburiyyətində qalır. Həm də nəzərə alınmalıdır ki, Ermənistan silahları ya pulsuz, ya da kreditlə alır. Azərbaycan isə dövlət büdcəsindən buna vəsait ayırır. Halbuki Ermənistanın silahlanma yarışını dayandırması, Azərbaycanda da bu vəsaitlərin digər sosial sahələrə xərclənməsinə gətirib çıxarar. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz.

Qarabağın və Şərqi Zəngəzurun bərpası məsələsindən danışan dövlətimizin başçısı qeyd edib ki, bu, bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Belə ki, 2025-ci ildə bu məqsədlərə 4 milyard manat ayrılacaq. Bu ərazilərə keçmiş məcburi köçkünlər fəal şəkildə köçürülür, burada çox böyük işlər görülür. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada, çalışır və yaşayır. Bundan əlavə, bu il daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaq planlaşdırılır.

Müsahibədə beynəlxalq arenadakı, o cümlədən, Fransadakı vəziyyətə də toxunuldu. Fransanın siyasi sinfi uzun illərdir islamofobiya, ksenofobiya və antisemitizmlə xarakterizə olunur ki, bu da həm daxili cəmiyyətdə, həm də beynəlxalq aləmdə gərginliklərə səbəb olur. Bu yanaşmalar Fransa cəmiyyətində ayrı-seçkiliyi artırır və ölkənin müsəlman dünyası ilə münasibətlərini zəiflədir. Bununla yanaşı, erməni amili Fransa siyasi elitasında qeyri-obyektiv mövqelərin formalaşmasına səbəb olub, xüsusilə də Azərbaycanla bağlı məsələlərdə birtərəfli siyasət aparılıb.

Hazırkı fransız rəhbərliyinin siyasi səriştəsizliyi, xüsusilə də Prezident Emmanuel Makronun fəaliyyəti, həm daxili, həm də xarici siyasətdəki uğursuzluqlar ilə açıq şəkildə görünür. Makronun prezidentliyə gəlişi, siyasi karyerasının nisbətən qısa və təcrübəsiz mərhələsində baş verdiyi üçün, onun idarəetmə üslubu çox vaxt impulsiv və qeyri-mütəşəkkil olub. Bu, ölkənin siyasi sistemində qeyri-sabitlik yaradıb və həm daxili siyasətdə, həm də beynəlxalq arenada Fransa üçün ciddi problemlər doğurub.

Makronun "siyasi təcrübəsi" ondan əvvəlki prezidentlər - məsələn, Fransua Mitteran, Jak Şirak və ya Nikola Sarkozi ilə müqayisədə daha zəifdir. Mitteran və Şirak uzun illər siyasi arenada fəaliyyət göstərmiş, geniş təcrübəyə malik olmuş və qərarlarında daha balanslı davranmışdılar. Makronun dövründə isə Fransa, xüsusilə beynəlxalq siyasətdə, ardıcıl məğlubiyyətlərlə üzləşib. Yaxın Şərqdə təsir gücünün azalması, Afrikada kolonial keçmişi ilə bağlı tənqidlərin artması və daxili siyasətdə geniş etirazlar (sarı jiletlilər hərəkatı kimi) onun idarəetmə bacarığının zəifliyini göstərir. Makronun bəzən intriqaçı və emosional yanaşması ölkənin nüfuzuna mənfi təsir edib və Fransa daha çox qeyri-müəyyən mövqe tutan bir dövlət kimi qavranılıb. Makronun təcrübəsiz və bəzən qeyri-realist yanaşmaları Fransa siyasətində həm daxili, həm də xarici istiqamətlərdə daha dərin böhranlara yol açıb. Bu, onun lider kimi əvvəlki prezidentlərlə müqayisədə daha zəif mövqedə olduğunu göstərir.

Azərbaycan-ABŞ münasibətlərindən danışan Prezident İlham Əliyev Donald Tramp dönəmində iki ölkə arasındakı münasibətlərin səviyyəsindən, getməkdə olan administrasiya ilə yaşanan problemlərdən söz açıb.

Donald Trampın yenidən prezident kürsüsünə tamamilə fərqli və yenilikçi gündəliklə qayıtması Amerika-Azərbaycan münasibətlərinə yeni üfüqlər açmaq potensialına malikdir. Onun birinci prezidentlik dövrü bu münasibətlərin inkişafı ilə yadda qalıb. Heç bir ciddi problem yaşanmayıb, əksinə, tərəflər arasında əməkdaşlıq möhkəmlənib və qarşılıqlı maraqların qorunması prioritet olub. Azərbaycan cəmiyyəti Trampın təbliğ etdiyi dəyərləri, xüsusən ailə və mənəvi dəyərləri, bölüşür. Onun açıq və aydın mesajları, prinsipial mövqeyi Azərbaycan ictimaiyyətində geniş dəstək tapır. Bu, iki ölkə arasında daha dərin mədəni və siyasi anlaşmanın formalaşmasına təkan verir.

Trampın yenidən hakimiyyətə gəlməsi Amerika-Azərbaycan münasibətlərinin inkişafına olan ümidləri də artırır. Azərbaycan və ABŞ-nin iqtisadi, enerji, təhlükəsizlik və mədəni sahələrdə əməkdaşlığı genişləndirmək üçün kifayət qədər potensialı var.

Bayden administrasiyasının dövründə isə vəziyyət fərqli istiqamət aldı. Amerika-Azərbaycan münasibətləri ABŞ-nin Ermənistanla əlaqələrinin təsiri altına düşdü və bunun nəticəsində ciddi problemlər yaşadı. Xüsusilə Qarabağ münaqişəsində Bayden administrasiyasının sərgilədiyi ədalətsiz mövqe, Azərbaycanın hüquqlarını nəzərə almadan birtərəfli yanaşmalar cəmiyyətimizdə böyük narazılıq doğurdu. "907-ci düzəliş"in bərpası kimi addımlar, eləcə də, Bayden administrasiyasının öz verdiyi vədlərə əməl etməməsi ABŞ-yə olan inamı ciddi şəkildə sarsıtdı. Azərbaycan cəmiyyəti Vaşinqtonun bu siyasətini həm məyusluq, həm də narahatlıqla qarşıladı.

Trampın qayıdışı ilə iki ölkə arasındakı münasibətlərin bərpa olunması və inkişaf etdirilməsi üçün yeni imkanlar yaranır. Aydındır ki, bu, təkcə dövlətlərarası əməkdaşlıq deyil, həm də xalqlar arasında ortaq dəyərlərin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. İndi dialoq və səmimi əməkdaşlıq üçün qapılar yenidən açıqdır.

Avropa İttifaqının Cənubi Qafqazda sülh və normallaşma prosesində tutduğu mövqe ciddi suallar doğurur. Normallaşma təşəbbüslərində Ermənistanın tərəfini açıq şəkildə tutması, Aİ-nin vasitəçi kimi obyektivliyini şübhə altına alır. Bunun bariz nümunəsi Avropa İttifaqının qondarma müşahidə missiyasının müddətinin uzadılmasıdır. Bu addım sülh prosesinə inamı artırmaq əvəzinə, etimadı sarsıtdı.

Missiyanın binoklla "nümayişləri", yarıhərbi geyimlərdə poz verməsi və digər bu kimi qeyri-ciddi davranışlar həm Azərbaycan ictimaiyyətində, həm də beynəlxalq səviyyədə tənqidlərə səbəb oldu. Avropa İttifaqının Ermənistanı dəstəkləməsi və qondarma "Sülh fondu" kimi təşəbbüslər vasitəsilə onu silahlandırması davam edərsə, Azərbaycan tərəfindən adekvat addımların atılacağı aydın şəkildə bəyan olunub. Avropa Parlamentinin davranışları, xüsusilə azərbaycanofobiyanın geniş yayılması və rəsmi strukturların birtərəfli yanaşmaları, bu münasibətlərin daha da gərginləşməsinə yol açır.

Müsahibədə Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə və Fransanın müstəmləkçilik siyasətinə də toxunuldu. Müstəmləkəçilik zülmündən əziyyət çəkən xalqlar üçün ədalətli və obyektiv platformaların çatışmazlığı aydındır. Beynəlxalq media bu xalqlara səslərini eşitdirmək üçün imkan yaratmır, əksinə, onları təhdid və ədalətsizliklə üz-üzə qoyur. Artıq bu ədalətsizliklər sistematik hal alıb və geniş miqyasda həyata keçirilir. Fransanın keçmiş müstəmləkələrindəki vəziyyət buna parlaq nümunədir.

Bu gün həmin ərazilərdə əhalinin 70-75 faizi yoxsulluq şəraitində yaşayır. Prezident Emmanuel Makronun bu reallıqları görməzdən gələrək səfərləri zamanı irəli sürdüyü əsassız iddialar haqlı tənqidlərə məruz qalıb. Çünki Fransanın müstəmləkəçilik siyasətinin acı nəticələri hələ də milyonlarla insanın həyatına təsir edir. Bununla bağlı haqlı etirazlar isə qəddarlıqla yatırılır. Son hadisələrdə 13 nəfərin həyatını itirməsi və minlərlə insanın həbs olunması beynəlxalq ictimaiyyətdə narahatlıq yaradır, lakin Qərb dövlətləri bunu görməzdən gəlir. Bu hadisələr, insan hüquqlarına dair verdikləri təntənəli vədlərə baxmayaraq, Qərb dövlətlərinin ikili standartlarını bir daha üzə çıxarır. Azərbaycan, belə ədalətsizliklərlə mübarizə aparan xalqların səsinə səs qatmaqla beynəlxalq münasibətlərdə yeni bir ədalət fəlsəfəsini ortaya qoyur. Bu səbəbdən də Bakı Təşəbbüs Qrupu bu xalqlara təkcə dəstək deyil, həm də qlobal səviyyədə diqqət çəkmək üçün bir platformadır.

Dövlətimizin başçısı qalib və güclü bir dövlətin Prezidenti olmaqdan da danışdı. Prezident İlham Əliyev qeyd etdi ki, bu, böyük məsuliyyət və böyük şərəfdir: "Əlbəttə ki, mən xüsusilə son vaxtlar çox sevinirəm. Son dörd ildir ki, mənim həyatım tam fərqlidir. Hamımızın həyatı fərqlidir, hamımız tamamilə başqa əhvali-ruhiyyə ilə yaşayırıq, oyanırıq, xaricə gedirik. Qalib ölkənin nümayəndəsi kimi, xüsusilə rəhbəri kimi yaşamaq, işləmək, beynəlxalq təmaslarda olmaq tamamilə fərqli hissdir".

Qeyd etmək lazımdır ki, Azərbaycanın müasir dövrdə qazandığı bütün uğurlar birbaşa Prezident İlham Əliyevin uzaqgörən siyasəti və liderliyi ilə bağlıdır. Onun təşəbbüsü ilə ölkə beynəlxalq səviyyədə etibarlı tərəfdaş olaraq tanınır, regional lider mövqeyini möhkəmləndirir və iqtisadi, siyasi, hərbi sahələrdə tarixi nailiyyətlər əldə edir. Prezident Əliyevin strateji yanaşması nəticəsində Qarabağ münaqişəsi həll olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu nailiyyətlər xalqın rifahını artırmağa yönəlmiş daxili, həm də xarici siyasətin uğurlu nəticəsidir.