Azərbaycan ilə Braziliya kənd təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib

2024-cü il sentyabrın 13-də Kuyaba şəhərində imzalanmış "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Federativ Respublikası Hökumətinə bildiriş göndərməlidir.