Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib - Kamran Əliyev

Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib. Təkcə ötən il ölkəmiz BMT-nin COP29 İqlim Konfransına və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik toplantısına ev sahibliyi etmiş, hüquq-mühafizə orqanlarının ətraf mühit cinayətlərinə qarşı mübarizəsinə dair yüksək səviyyəli sessiya da daxil olmaqla, bir sıra vacib tədbirlər uğurla təşkil olunub.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu bu gün BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - GlobE Network - çərçivəsində 6-cı Plenar İclasa və İdarəetmə Komitəsinin 10-cu Görüşündə Baş Prokuror Kamran Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilmişdir. Təkcə ötən il ölkəmiz BMT-nin COP29 İqlim Konfransına və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik toplantısına ev sahibliyi etmiş, hüquq-mühafizə orqanlarının ətraf mühit cinayətlərinə qarşı mübarizəsinə dair yüksək səviyyəli sessiya da daxil olmaqla, bir sıra vacib tədbirlər uğurla təşkil olunub:
"Azərbaycan GLOBE Şəbəkəsinin fəal üzvü olaraq bu platformanı yüksək qiymətləndirir. Bu şəbəkə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, dürüstlüyün təşviqinə və transmilli korrupsiyaya qarşı birgə mübarizəyə töhfə verir. Bu təşəbbüsün yaranması və inkişafında Səudiyyə Ərəbistanı Krallığının və xüsusilə onun korrupsiyaya qarşı mübarizə orqanı olan "Nazaha" təşkilatının əvəzsiz rolu olub. Biz bu mühüm qlobal təşəbbüsə verdikləri töhfəni və göstərdikləri liderliyi yüksək dəyərləndiririk".
Kamran Əliyev bildirib ki, dünya miqyasında sərhəd tanımayan korrupsiyaya qarşı mübarizə birgə, əlaqələndirilmiş və qətiyyətli yanaşma tələb edən mürəkkəb, lakin zəruri bir çağırış olaraq qalır. Bugünkü plenar sessiya bu qlobal iradənin təzahürüdür:
"Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır. Cəza təqibi ilə yanaşı, institusional islahatlar, ictimai maarifləndirmə, rəqəmsal texnologiyaların tətbiqi və vətəndaş cəmiyyətinin iştirakı ilə birgə geniş tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin müraciətində də qeyd edildiyi kimi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu sahədə əlaqələndirici və aparıcı rola malikdir".
Baş Prokuror qeyd edib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyində şəffaflıq və qanunun aliliyi prinsipləri, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək korrupsiyaya qarşı sıfır tolerantlıq mövqeyi ilə davam etdirilir. Ölkə rəhbərliyinin siyasi iradəsi, konkret hədəfləri və prinsipial mövqeyi bu sahədə əldə etdiyimiz nəticələrin əsas təməlini təşkil edir:
"Eyni zamanda, ölkəmizdə 2012-ci ildə yaradılmış və artıq beynəlxalq səviyyədə tanınan "ASAN xidmət" modeli - vətəndaşlar üçün şəffaf və sürətli xidmət nümunəsi korrupsiyanın qarşısının alınmasında və ictimai idarəçiliyə etimadın gücləndirilməsində mühüm rol oynayır. Bu innovativ yanaşma rəqəmsallaşma və şəffaflıq üzərində qurulmuş uğurlu dövlət siyasətinin göstəricisidir".
Kamran Əliyev qeyd edib ki, 12-ci əsrdə yaşayıb yaratmış dahi Azərbaycan şairi Nizami Gəncəvi "Şərəfnamə" əsərində demişdir: "Dünyanı namusla olur saxlamaq, onunla ucalır dövlət və bayraq":
"Bu dərin və müdrik fikrin işığında anlayırıq ki, korrupsiya təkcə qanunun pozulması deyil. O, cəmiyyətin ruhuna, insanın inamına, gələcək nəsillərin ümidlərinə zərbədir. Məhz buna görə də bu günkü plenar sessiyanın əhəmiyyəti ölçülməzdir. Biz birgə səylərlə daha şəffaf, daha dürüst və sabaha inamla baxan bir dünya qurmağa çalışırıq. Gələcək nəsillərə ədalətli cəmiyyət və aydın sabahlar miras qoymaq üçün bu mübarizədə bir addım da irəli getməliyik.
Sessiyanın işinə uğurlar arzulayıram. Ümidvaram ki, Bakının gözəlliyi, xalqımızın qonaqpərvərliyi və Azərbaycan mədəniyyətinin zənginliyindən həzz alacaqsınız".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре