Naxçıvan Muxtar Respublikasına yeni təyin edilən səlahiyyətli nümayəndənin

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə C.R.Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Day.Az yeni təyinat alan səlahiyyətli nümayəndənin dosyesini təqdim edir:

Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub.

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə magistratura pillələrini bitirib. 2013-cü ildə Böyük Britaniyanın Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini başa vurmuş, ardınca İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirib.

Ceyhun Cəlilov 2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illərdə isə "BP Caspian" şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb. 1 mart 2021-ci ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin idarə heyəti sədrinin müşaviri, 13 avqust 2021-ci ildə isə idarə heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub.

25 aprel 2024-cü ildə bu vəzifədən azad edilərək Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.