Bayramqabağı hinduşka ətinin qiymətində artım gözlənilir?

Azərbaycanda bayram günləri yaxınlaşdıqca bazarlarda canlanma müşahidə olunur. Bu isə ərzaq məhsullarının qiymətləri ilə bağlı sualların yaranmasına səbəb olur. Bayramqabağı istehlak tələbatının artması, xüsusilə ət bazarına təsir edir. Hinduşka və toyuq ətinə olan tələbin artması isə bu məhsulların qiymətlərinin yüksəlməsi ehtimalını gündəmə gətirir. Bayram süfrələrində ən çox tələb olunan ət növləri hinduşka və toyuq ətidir ki, bu da təbii olaraq bazarda qiymət artımına səbəb ola bilər.

Hinduşka və toyuq ətinin qiyməti nə qədər artacaq və nə vaxta qədər davam edəcək?

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli açıqlamasında bildirib ki, sənaye üsulu ilə intensiv qaydada istehsal olunan toyuq ətinin qiymətində azalma müşahidə edilir.

Onun sözlərinə görə, hinduşka ətinə qış aylarında tələbat çoxalıb, xüsusilə bayram günlərində hinduşkanın satış qiymətində nisbətən artım müşahidə ediləcək:

"Hinduşka əti Azərbaycanda intensiv şəkildə istehsal olunmur. Yəni, sənaye üsulu ilə satış məqsədli istehsal yoxdur. Hazırda hinduşka ətinin 1 kilosu 18-20 manat aralığında satılır, bayram günlərində isə 25 manatadək artım gözlənilir. Qeyd edim ki, bu daimi artım deyil, bayramdan sonra yenidən öz köhnə qiymətinə qayıdacaq".

M.Həsənli vurğulayıb ki, hinduşka əti ölkəmizdə dekabr, yanvar və fevral aylarında əsasən istehlak olunur.

"İl ərzində Azərbaycanda bir nəfər təxminən yarım kiloqram hinduşka əti istehlak edir. Bu səbəbdən ölkə üzrə hinduşka istehsalı daxili tələbatı ödəmək həcmindədir. Adambaşına təxminən 18-20 kiloqram toyuq əti yeyilir. Son aylarda ölkədə iribuynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyi toyuq və quş ətinə tələbatı artırıb. Məsələn 2024-cü ilin göstəricilərinə görə adambaşına 147 ədəd yumurta istehlak edilirdisə, bu il həmin rəqəm 184 ədədə qalxıb. Toyuq əti isə 16 kilo istehlak edilirdisə, bu il 20 kiloyadək artıb. Buna qırmızı ətin bahalığı və dabaq xəstəliyi səbəb olub. Ümumilikdə bir insan Azərbaycanda 34 kiloqram ət yeyirsə, bunun 20 kilosunu toyuq əti təşkil edir. Toyuq əti daha sağlıqlı və ucuzdur",- deyə o əlavə edib.