Medianın İnkişafı Agentliyi Səməd Seyidovun adından yayılan “deep fake” videoya münasibət bildirib

Bəzi sosial şəbəkə hesablarında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun adından "deep fake" texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb.

Medianın İnkişafı Agentliyindən Day.Az-a bildirilib ki, süni intellektin köməyi ilə hazırlanan bu saxta videogörüntü ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir.

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, "deep fake" texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - deyə Medianın İnkişafı Agentliyinin məlumatında bildirilib.