Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişiklikləri təsdiqləyib

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilən dəyişikliklər təsdiqlənib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb.

Belə ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələr əlavə edilib.

Qanuna əsasən, Azərbaycan Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.

Konstitusiyaya Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə bağlı 3-1-ci maddə əlavə edilib:

I. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş vəzifələri yerinə yetirən icra orqanıdır.

II. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi rəhbərlik edir.

III. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.