MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə yola düşüb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Day.Az-а verilən məlumata görə, səfər Macarıstan Milli Seçki Bürosunun prezidenti Nagy Attilanın dəvəti əsasında həyata keçirilir.
Bildirilib ki, nümayəndə heyətinin səfərinin məqsədi aprelin 12-də Macarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdir.
Səfər proqramına əsasən, MSK sədri M.Pənahovun həmkarı A.Nagy və digər rəsmi şəxslərlə, habelə seçkilərin müşahidəsinə qatılan müxtəlif ölkələrin ali seçki qurumlarının rəhbərləri ilə görüşlər keçirməsi planlaşdırılır. Görüşlər zamanı seçki idarəçiliyi sahəsində təcrübə mübadiləsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılması nəzərdə tutulur.
MSK nümayəndələri paytaxt Budapeştdə seçkiqabağı hazırlıq prosesi ilə tanış olacaq, həmçinin seçki günü məntəqələrdə səsvermənin gedişini müşahidə edəcək.
Qeyd etmək lazımdır ki, Mərkəzi Seçki Komissiyası Macarıstanda parlament seçkilərinin müşahidəsində ATƏT/DTİHB-nin müşahidə missiyasının tərkibində də təmsil olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре