Azərbaycanda narkotiklərlə mübarizə: 3 ayda 2443 cinayət faktı aşkarlanıb

2026-cı ilin yanvar-mart ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2443 cinayət faktı aşkarlanıb.

Day.Az-ın əldə etdiyi məlumata görə, aşkarlanmış faktların 549-u narkotik vasitələrin qanunsuz satışı, 1889-u qanunsuz əldə edilib saxlanılması, 4-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 1-i isə digər cinayətlərlə bağlı olub.

Əməliyyatlar zamanı qanunsuz dövriyyədən ümumilikdə 2 ton 896 kq 808,712 qram narkotik vasitə və psixotrop maddə, eləcə də 17 ədəd həb götürülüb. Müsadirə edilən maddələrin 2 ton 477 kq 653,24 qramını marixuana, 171 kq 664,846 qramını heroin, 57 kq 520,39 qramını tiryək, 160 kq 241,04 qramını həşiş, 6 kq 536,7 qramını digər narkotik vasitələr, 23 kq 192,496 qramını isə psixotrop maddələr təşkil edib. Bundan başqa, 15 ədəd çətənə bitkisi də aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin ümumi bazar dəyərinin 75 milyon 978 min manat olduğu qiymətləndirilir.

Hesabat dövründə narkotiklərlə bağlı cinayət məsuliyyətinə 1044 nəfər cəlb edilib. Onlardan 13 nəfəri xarici ölkə vətəndaşıdır. Xarici vətəndaşlardan ümumilikdə 112 kq 789,853 qram narkotik vasitə və 17 ədəd həb müsadirə olunub.

Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı 44 fakt aşkarlanıb və bu faktlar üzrə 759 kq 474,815 qram narkotik vasitə dövriyyədən çıxarılıb.

Ümumilikdə, cinayətlərin 54-ü qrup halında törədilib və bu hallar üzrə 625 kq 285,9 qram narkotik vasitə müsadirə edilib. Həmçinin 500 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 454 kq 500,9 qram narkotik vasitə götürülüb.

Müqayisə göstərir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2026-cı ildə aşkarlanmış cinayətlərin ümumi sayı 118 fakt, qanunsuz saxlanma halları 251 fakt, dövriyyədən çıxarılan narkotiklərin çəkisi isə 691 kq 798,93 qram artıb. Bununla yanaşı, qaçaqmalçılıq faktları 14, qrup cinayətləri 2, narkotik bitkilərin kultivasiyası 2, digər cinayətlər 1 fakt azalıb. Məsuliyyətə cəlb edilən şəxslərin sayı 24, xarici vətəndaşların sayı isə 15 nəfər azalıb.

Eyni zamanda digər narkotik vasitələrin çəkisi 14 kq 565,067 qram (69%), psixotrop maddələrin çəkisi isə 32 kq 894,117 qram (58,7%) azalıb.

Müsadirə edilən narkotiklərin 85,5 faizini marixuana təşkil edib. Onun 78,6 faizi xarici ölkə mənşəli, 21,3 faizi isə ölkə ərazisində qanunsuz şəkildə yetişdirilib.

Bundan əlavə, 30 yanvar 2026-cı il tarixində keçirilən tədbir zamanı 25 məhkəmə və istintaq qərarı əsasında ümumilikdə 858 kq 620,899 qram narkotik vasitə, 22 139 ədəd həb, 1056 ampul və 4745 ədəd güclü təsir edən maddə yandırılaraq məhv edilib.

Həmçinin müxtəlif rayon və şəhərlərdə keçirilən tədbirlər zamanı 380 məhkəmə hökmü üzrə ümumilikdə 6 kq 574,623 qram narkotik vasitə və psixotrop maddə, eləcə də 19 ədəd həb məhv olunub.