Yuxuya getmə müddəti sağlamlıq haqqında nə deyir?

Yuxuya dalmaq üçün sərf olunan vaxt insanın ümumi sağlamlıq vəziyyəti barədə mühüm ipucları verə bilər. Mütəxəssislər bildirirlər ki, normal şəraitdə insanın yuxuya getməsi təxminən 10-20 dəqiqə çəkməlidir.

Day.Az xəbər verir ki, bu müddət orqanizmin kifayət qədər istirahət etdiyini və yuxu ritminin normal işlədiyini göstərə bilər.

Əksinə, başı yastığa dəyən kimi yuxuya getmək bəzən ciddi yorğunluğun və ya gizli yuxu pozuntularının əlaməti hesab olunur.

Ekspertlərin sözlərinə görə, davamlı yuxu çatışmazlığı gün ərzində halsızlıq, diqqətin zəifləməsi, əsəbilik və reaksiya sürətinin azalması ilə özünü göstərə bilər. Uzun müddət keyfiyyətsiz yuxu isə piylənmə, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri və digər sağlamlıq problemlərinin yaranma riskini artırır. Digər tərəfdən, yuxuya getmək üçün 30 dəqiqədən artıq vaxt tələb olunması da stress, depressiya, yuxu apnesi, narahat ayaq sindromu və bəzi xroniki xəstəliklərlə əlaqəli ola bilər. Xüsusilə hormonal dəyişikliklər yaşayan qadınlar və yaşlı insanlar bu problemlərlə daha tez-tez üzləşirlər.

Mütəxəssislər yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün yatmazdan əvvəl elektron cihazlardan uzaq durmağı, yataq otağını qaranlıq, sakit və sərin saxlamağı, həmçinin hər gün eyni saatda yatıb oyanmağı tövsiyə edirlər. Əgər yuxuya getməkdə çətinlik üç ay və ya daha uzun müddət ərzində həftədə ən azı üç dəfə təkrarlanırsa, bunun səbəbini müəyyənləşdirmək üçün həkimə müraciət etmək məqsədəuyğundur.