“AzerGold” həyata keçirəcəyi 4 əsas strateji layihəni təqdim edib
"AzerGold"un Dövlət Proqramı çərçivəsində həyata keçirəcəyi 4 əsas strateji layihə təqdim edilib. Bu layihələr üzrə ümumi investisiya həcmi təxminən 3,63 milyard manat təşkil edir və bu investisiyaların yalnız təxminən 10 faizinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi planlaşdırılır.
Bunu "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının layihəsinə həsr olunmuş müşavirədə bildirib.
Onun sözlərinə görə, ilk layihə "Söyüdlü" qızıl yatağıdır: "Burada ilk istehsal 2028-ci ildə nəzərdə tutulub. Layihənin qızıl resursu 1,03 milyon unsiya qızıldır və kəşfiyyat davam etdirilir, bu rəqəmin artması ehtimalı da var. İqtisadi dəyəri qızılın bugünkü qiyməti ilə 7,5 milyard manat təşkil edir, tələb olunan investisiya 425 milyon manatdır. Bu investisiyanın icrası "AzerGold"un daxili gəliri hesabına və cəlb edəcəyi borc hesabına planlaşdırılır".
Z. İbrahimov bildirib ki, ikinci layihə Naxçıvanda yerləşən "Ortakənd" qızıl yatağıdır: "Burada ilk istehsal 2029-cu ildə nəzərdə tutulub. Qızılın resursu 246 min unsiya təşkil edir və iqtisadi dəyəri 1,8 milyard manatdır. Tələb olunan investisiya 255 milyon manatdır, bu layihənin də icrası "AzerGold"un daxili gəliri hesabına və cəlb ediləcək borc hesabına planlaşdırılır".
Z. İbrahimov qeyd edib ki, "Filizçay" polimetal yatağı dünyadakı digər polimetal yataqları kimi müxtəlif - geoloji və digər amillərə görə ən mürəkkəb yataqlardan biridir: "Bu layihənin tam gücü ilə istismara verilməsi 2031-ci ilin sonuna planlaşdırılır. Yatağın 34 illik istismarı dövründə 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi planlaşdırılır. Layihənin iqtisadi dəyəri 29,7 milyard manat təşkil edir və tələb olunan investisiya təqribən 1 milyard manatdır. Bu layihənin icrası "AzerGold"un daxili gəlirləri hesabına, cəlb ediləcək borc vəsaitləri və Sizin tapşırığınıza uyğun surətdə müxtəlif həcmdə investor vəsaitlərinin cəlb edilməsi hesabına ola bilər".
Onun sözlərinə görə, "Daşkəsən" dəmir filizi layihəsi üzrə ilk istehsal 2030-cu ildə nəzərdə tutulur.
"Layihə üzrə illik nəticədə 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsal gücü yaradılacaq və tələb olunan investisiya 1,95 milyard manatdır. Maliyyələşmə dövlət büdcəsi, borc vəsaitləri və investorun iştirakı hesabına təmin edilir.
Beləliklə, 4 strateji layihə üzrə qeyd etdiyim kimi, təxminən 3,63 milyard manat investisiya tələb olunur və bunun təqribən 10 faizinin dövlət büdcəsindən ayrılması üçün müraciət ediləcək", - deyə o əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре