“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir
Qarşıdakı mərhələdə əsas hədəfimiz "AzerGold"u 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manata çatan dövlət şirkətinə çevirməkdir.
Bunu "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının layihəsinə həsr olunmuş müşavirədə bildirib.
O bildirib ki, bu məqsədlə strateji layihələrin maliyyələşdirilməsində daxili gəlir və borc vəsaitləri hesabına, həmçinin özəl investisiyaya üstünlük veriləcək: "Nəticədə əsas məqsədimiz gəlir və məşğulluq göstəricisinə görə "AzerGold"u Azərbaycanın qeyri-neft sənayesinin ən iri şirkətlərindən birinə çevirməkdir.
Qızılın hasilatı 2017-ci illə müqayisədə 2 dəfədən çox artıb. Gəlirlər 3,5 dəfə yüksəlib. Ümumi gəlirlərin 92 faizi ixracdan, 8 faizi isə daxili bazarda satışdan formalaşır. 2019-cu ildən qızıl və gümüş məhsullarının istehsalına başlanılıb və daxili pərakəndə satış əlavə dəyər mənbəyinə çevrilib".
Z. İbrahimov vurğulayıb ki, digər mühüm göstərici EBITDA-dır:
"2017-ci ildə 46 milyon manat olduğu halda, 2025-ci ildə 260 milyon manata çatıb, yəni təxminən 6 dəfə artıb. EBITDA marjası isə orta hesabla 50 faizdən yüksək olub. Eyni zamanda, şirkətin vergi ödənişləri 15 dəfə artıb.
Ən vacib məqamlardan biri ehtiyat bazasının genişləndirilməsidir. Ehtiyatların 6 dəfə artması nəticəsində "Çovdar"da istehsal müddəti 11 il uzadılıb. 2025-ci ildə əldə olunan mənfəətin təqribən 42 milyon manatı səhmdara - dövlətə dividend olaraq ödəniləcək. Bu nəticələr şirkətin mövcud ehtiyatları səmərəli istismar etməklə yanaşı, hasilat dinamikasının qorunmasına və yeni strateji istiqamətlərə investisiyaların genişləndirilməsinə imkan yaradır".
Z. İbrahimovun sözlərinə görə, "AzerGold" birbaşa fəaliyyəti ilə yanaşı, Hasilatın Pay Bölgüsü haqqında Saziş çərçivəsində dövlət təmsilçiliyi istiqamətində də mühüm nəticələr əldə edib.
"2024-cü ilin iyun ayından etibarən həyata keçirilən nəzarət tədbirləri nəticəsində "Azerbaijan International Mining Company Limited" şirkətinin istehsal və maliyyə göstəricilərində də ciddi artım əldə olunub. Qızıl ekvivalentində hasilat 2024-cü ilin ilk yarısındakı 5,3 min unsiyadan 2026-cı ilin ilk yarısında 37,6 min unsiyaya yüksəlib, yəni 7,1 dəfə artıb. Dövlətin mənfəətdən payı isə 2,4 milyon manatdan 37,6 milyon manata çatıb. Bu, 15 dəfədən çox artım deməkdir. Ümumilikdə "AzerGold"un dövlət təmsilçiliyi dövründə cari tarixə dövlətin mənfəətdən payı 77,5 milyon manat təşkil edib. 2026-cı ildə artımın əsas hissəsi işğaldan azad edilmiş Ağdərə rayonunda yerləşən "Dəmirli" mis mədənində hasilatın bərpası hesabına əldə olunub", - deyə o qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре