Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir - Zakir İbrahimov
Qarabağ və Şərqi Zəngəzurda yerləşən qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu "AzerGold" QSC İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, Dövlət Proqramının icrası ilə artıq xüsusilə işğaldan azad edilmiş torpaqlarımızda yeni bir dövr başlayır:
"Ağdərə rayonunun Canyataq kəndinin ərazisində yerləşən Dəmirli mis mədənində istismar işlərinə artıq başlanılıb, Kəlbəcər rayonunda yaxın dövrdə hasilatın başlanması nəzərdə tutulur. Zəngilan rayonunda mövcud ehtiyatlarının müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi, resurs bazasının dəqiqləşdirilməsi və gələcək hasilat üçün zəruri texniki və infrastruktur işləri görülür.
Prezident İlham Əliyevin də bildirdiyi kimi, Qarabağla yanaşı, ətraf rayonlarda da böyük mineral resurs potensialı mövcuddur. Bu səbəbdən ən müasir geoloji texnologiyalar tətbiq edilməklə genişmiqyaslı kəşfiyyat işlərinə start verilib və yeni yataqların müəyyənləşdirilməsi hədəflənir.
Prezident İlham Əliyevin vurğuladığı 3-cü coğrafi istiqamət Naxçıvan Muxtar Respublikasıdır Naxçıvanda həm sovet dövründə, həm də sonrakı illərdə geoloji kəşfiyyat kifayət qədər aparılmayıb. Bu bölgəmiz də yüksək mineral potensiala malikdir və burada geoloji kəşfiyyat işlərinin geniş şəkildə başlanması Dövlət Proqramının mühüm istiqamətlərindən biridir".
Sədr qeyd edib ki, sentyabrın 22-də keçirilmiş müşavirədə bu istiqamətlər üzrə Prezident İlham Əliyev tərəfindən konkret vəzifələr müəyyənləşdirildi:
"Xüsusilə, mövcud yataqların müasir üsullarla yenidən qiymətləndirilməsi, geoloji kəşfiyyat işlərinin genişləndirilməsi, filizdən son məhsula qədər tam istehsal zəncirinin formalaşdırılması və sahəyə özəl investisiyaların cəlb edilməsi əsas istiqamətlər kimi diqqətə çatdırıldı.
Dövlət Proqramının məhz bu dövrdə qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki müasir qlobal iqtisadiyyatda dağ-mədən sənayesinin rolu əhəmiyyətli dərəcədə dəyişib. Yaşıl enerji keçidi, elektrikləşmə, rəqəmsallaşma, yüksək texnologiyaların inkişafı mis, sink, qurğuşun, dəmir və digər metal filizlərinə, eləcə də kritik mineral xammala tələbatı artırır. Eyni zamanda, qlobal təchizat zəncirlərinin dayanıqlılığı və mineral resursların təhlükəsizliyi məsələləri getdikcə daha çox ön plana çıxır. Bu baxımdan, Dövlət Proqramı Azərbaycanın malik olduğu mineral resursların artan qlobal əhəmiyyətindən daha səmərəli istifadə etmək üçün vaxtında atılmış strateji addımdır".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре