https://news.day.az/azerinews/1876812.html TRIPP Azərbaycanın yaratdığı yeni reallıqların nəticəsidir - Azər Qarayev 2026-cı il noyabrın 23-də Ermənistanda TRIPP layihəsinin praktiki icrasına başlanılması Cənubi Qafqazda formalaşan yeni siyasi və iqtisadi reallıqların növbəti təzahürüdür.

TRIPP Azərbaycanın yaratdığı yeni reallıqların nəticəsidir - Azər Qarayev

Azərbaycanca, 24 ноября 2026 17:25 (UTC +04:00) 140
TRIPP Azərbaycanın yaratdığı yeni reallıqların nəticəsidir

2026-cı il noyabrın 23-də Ermənistanda TRIPP layihəsinin praktiki icrasına başlanılması Cənubi Qafqazda formalaşan yeni siyasi və iqtisadi reallıqların növbəti təzahürüdür. Uzun illər münaqişə, qarşıdurma və bağlı kommunikasiyalarla xarakterizə olunan regionda indi yeni nəqliyyat və logistika əlaqələrinin yaradılması istiqamətində konkret addımlar atılır. Bu prosesin mərkəzində isə Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, eləcə də Ermənistanla sülh gündəliyinin irəli aparılması dayanır.

Day.Az xəbər verir ki, bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"TRIPP-in Ermənistan ərazisində praktiki mərhələyə keçməsi ilk növbədə, Azərbaycanın illər ərzində qarşıya qoyduğu strateji hədəflərin reallaşması kontekstində qiymətləndirilməlidir. Çünki bu gün müzakirə olunan nəqliyyat bağlantısının yaranması üçün əsas siyasi zəmin məhz Azərbaycanın yaratdığı yeni reallıqlar nəticəsində formalaşıb. Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 23-də layihənin praktiki mərhələsinin başlandığını elan edərkən 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitin əhəmiyyətini xüsusi vurğulayıb. Onun sözlərinə görə, həmin sammit Cənubi Qafqazın transformasiyasında dönüş nöqtəsi olub. Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamənin uzun illər davam edən münaqişənin səhifəsini çevirmək və davamlı sülhə yol açmaq baxımından əhəmiyyətini qeyd edib. Bu açıqlama özü də mühüm siyasi məqamdır. Ermənistan rəhbərliyi TRIPP-in başlanmasını bilavasitə Azərbaycanla sülh prosesində əldə edilmiş irəliləyişlə əlaqələndirir. Deməli, bu gün Ermənistanın öz ərazisində həyata keçirməyə başladığı layihənin siyasi təməlində Bakı ilə İrəvan arasında formalaşmış yeni münasibətlər dayanır", - o bildirib.

Onun sözlərinə görə, məsələnin mahiyyətini anlamaq üçün regionda son illərdə baş verən proseslərə nəzər salmaq kifayətdir. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bununla da Cənubi Qafqazda onilliklər ərzində mövcud olmuş status-kvo dəyişdi.

"Məhz bundan sonra regionda kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və davamlı sülhün təmin olunması üçün real imkanlar yarandı. Azərbaycan müharibədən sonrakı dövrdə də öz mövqeyini ardıcıl şəkildə ortaya qoydu: regionda davamlı sülhün təmin olunması, nəqliyyat əlaqələrinin bərpası və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının yaradılması. Bakının bu məsələdə mövqeyi dəyişməz olaraq qalırdı. Azərbaycan öz ərazisində bütün zəruri infrastruktur işlərini həyata keçirir, Şərqi Zəngəzurda və Naxçıvanda nəqliyyat imkanlarını genişləndirir, Zəngəzur dəhlizinin reallaşdırılması üçün praktiki addımlar atırdı. Ermənistanla bağlı məsələlərdə isə siyasi razılaşma və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi əsas şərt kimi irəli sürülürdü.

Bununla bağlı diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan öz ərazisində Zəngəzur dəhlizinin infrastrukturunun yaradılması istiqamətində artıq böyük həcmdə iş görüb. Horadiz-Ağbənd avtomobil yolunun tikintisi 2026-cı ilin oktyabrında başa çatdırılıb. Dəmir yolu xəttinin tikintisi isə yekun mərhələyə yaxınlaşır. 2026-cı ilin sentyabrında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dəmir yolu layihəsinin 75 faizinin, avtomobil yolu layihəsinin isə təxminən 95 faizinin tamamlandığını açıqlamışdı. Naxçıvanda dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində də işlər aparılır. Yəni Azərbaycan öz üzərinə düşən infrastruktur öhdəliklərini ardıcıl şəkildə yerinə yetirir. Ölkəmiz illər əvvəl müəyyənləşdirdiyi strateji nəqliyyat xəttinin reallaşdırılması üçün həm siyasi, həm də praktiki müstəvidə fəaliyyət göstərir. Ermənistan ərazisindən keçəcək hissənin icrasına başlanması isə bu prosesin digər tərəfinin də praktiki mərhələyə keçdiyini göstərir", - o bildirib.

A.Qarayev qeyd edib ki, TRIPP layihəsinin əhəmiyyəti yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması ilə məhdudlaşmır. Təxminən 43 kilometrlik marşrutun dəmir yolu, avtomobil yolu, enerji və kommunikasiya xətlərini əhatə etməsi nəzərdə tutulur. Bu bağlantı Azərbaycanın Türkiyəyə və Avropaya çıxış imkanlarını genişləndirməklə yanaşı, Orta Dəhlizin də əlavə imkanlar qazanmasına şərait yaradacaq.

"Ermənistan üçün də bu layihə yeni iqtisadi imkanlar deməkdir. Paşinyanın özünün də etiraf etdiyi kimi, TRIPP ölkəsinin müstəqillik əldə etməsindən sonra ən böyük iqtisadi layihəsi ola bilər. Ermənistan bu marşrut vasitəsilə beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya imkanlarını genişləndirmək, xarici investisiyalar cəlb etmək və xüsusilə Sünik bölgəsinin iqtisadi potensialını inkişaf etdirmək niyyətindədir. Burada mühüm bir məqam var: Ermənistanın bu imkanları əldə etməsi üçün regionda sülh prosesinin irəliləməsi və Azərbaycanla münasibətlərin normallaşması vacib idi. Uzun illər Azərbaycanla qarşıdurma şəraitində yaşayan Ermənistan indi məhz sülh gündəliyinin yaratdığı imkanlardan iqtisadi inkişaf üçün yararlanmağa çalışır. Bu baxımdan, TRIPP-in başlanması Azərbaycanın irəli sürdüyü regional əməkdaşlıq modelinin iqtisadi nəticələrinin ortaya çıxması kimi də qiymətləndirilə bilər. Çünki Bakı dəfələrlə bəyan edib ki, Cənubi Qafqazda sülh və əməkdaşlıq bütün ölkələr üçün yeni imkanlar açacaq. Bunun üçün isə ilk növbədə, münaqişənin başa çatması, ərazi bütövlüyünə hörmət və kommunikasiyaların açılması zəruridir", - o bildirib.

Politoloq vurğulayıb ki, TRIPP-in praktiki mərhələyə keçməsində Prezident İlham Əliyevin siyasi strategiyasının rolunu ayrıca qeyd etmək lazımdır. Dövlət başçısı müharibədən sonrakı dövrdə Azərbaycanın maraqlarını əsas götürərək həm sülh danışıqlarını, həm də regional kommunikasiyaların bərpası məsələsini ardıcıl şəkildə gündəmdə saxlayıb.

"Azərbaycanın mövqeyi nəticəsində regionda yeni siyasi reallıqlar formalaşıb. Vaşinqtonda 2025-ci il avqustun 8-də imzalanmış Birgə Bəyannamə də bu reallıqların diplomatik müstəvidə təsdiqi oldu. Sənəddə Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin açılması, regional kommunikasiyaların inkişafı və sülhün möhkəmləndirilməsi istiqamətində mühüm müddəalar yer aldı.

Əslində, bu gün TRIPP-in Ermənistan ərazisində başlanması Azərbaycanın illər əvvəl irəli sürdüyü tələblərin və müəyyənləşdirdiyi strateji hədəflərin praktiki müstəvidə reallaşmasının göstəricisidir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, regionda yeni siyasi reallıqlar yaratdı, Ermənistanla sülh prosesini irəli apardı və kommunikasiyaların açılması məsələsini beynəlxalq gündəliyin mühüm istiqamətlərindən birinə çevirdi.

Digər tərəfdən, layihənin adında ABŞ Prezidenti Donald Trampın adının yer alması və Vaşinqtonun prosesdə iştirakı onun beynəlxalq əhəmiyyətini də artırır. Trampın noyabrın 23-də yayımlanan müraciətində həm Paşinyana, həm də Prezident İlham Əliyevə təşəkkür etməsi də layihənin həyata keçirilməsində hər iki ölkənin liderinin rolunu təsdiqləyir. Bu gün Ermənistan TRIPP layihəsinin praktiki icrasına başlayırsa, bunun arxasında regionda yaranmış yeni siyasi şərait dayanır. Həmin şəraitin formalaşmasında isə Azərbaycanın hərbi-siyasi Qələbəsi, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və sülh gündəliyinin ardıcıl şəkildə irəli aparılması həlledici amillərdən olub.

Nəticə etibarilə, noyabrın 23-də Ermənistanda başlanan prosesə yalnız yeni bir infrastruktur layihəsinin təməlqoyma mərhələsi kimi baxmaq düzgün olmazdı. Bu, Cənubi Qafqazda münaqişədən əməkdaşlığa keçidin, Azərbaycanın regional nəqliyyat xəritəsində mövqeyinin möhkəmlənməsinin və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttin yeni nəticələrinin təzahürüdür. Dünənə qədər bağlı qalan kommunikasiyaların bu gün açılması istiqamətində addımların atılması Azərbaycanın yaratdığı yeni reallıqların nəticəsidir", - A.Qarayev əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости