AMB və AFCA Orta Dəhlizin maliyyələşdirilməsini müzakirə edib
Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyi Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyasının (AFCA) baş katibi Jianminq Qinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşərək, ölkənin maliyyə sektorunun inkişaf perspektivlərini və dayanıqlı maliyyələşdirmə sahəsində təşəbbüsləri müzakirə edib.
AMB-nin məlumatına görə, görüşdə, eyni zamanda, ehtiyat və suveren fondların investisiya strategiyaları, Orta Dəhliz infrastrukturunun maliyyələşdirilməsi, eləcə də yaşıl maliyyə və enerji keçidi məsələləri diqqət mərkəzində olub.
Bundan əlavə, tərəflər Azərbaycan Mərkəzi Bankı ilə Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyası arasında əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinə dəstək göstərilməsi barədə fikir mübadiləsi aparıblar.
AFCA Çinin Mülki İşlər Nazirliyində qeydiyyatdan keçmiş regional beynəlxalq qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır. Assosiasiya Asiya ölkələri və regionlarının maliyyə sektorunda fəaliyyət göstərən maliyyə institutlarını, sahəvi maliyyə assosiasiyalarını, dövlət qurumları ilə əlaqəli təşkilatları, peşəkar xidmətlər göstərən ixtisaslaşmış qurumları, eləcə də fiziki şəxsləri könüllülük əsasında birləşdirir.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçərək Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu marşrut ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ hesab olunur.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре