Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə - YENİLƏNİB
Day.Az представляет новость на азербайджанском языке
----------
12:17
Azərbaycandan bu il həcc ziyarətinə gedəcək zəvvarlar üçün ziyarət xərcləri ötənilki qiymətlərlə müqayisədə manat ekvivalentində təxminən 500 və 1000 manat baha başa gələcək.
APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən ziyarət xərclərinin ABŞ dolları ilə hesablanması ilə əlaqədar, dolların ötən ilin eyni dövründəki məzənnəsi ilə hazırkı məzənnəsi arasında baş verən dəyişiklik nəticəsində, zəvvarlar daha artıq xərc çəkməli olacaqlar.
Builki VİP ziyarətin xərci 4500 dollardır və bu, indiki məzənnə ilə təxminən 7000 manat edir. Otənilki VİP ziyarət xərci isə 5750 dollar olmasına baxmayaraq, həmin dövrün məzənnəsi ilə (1 USD - 1,05-1,07 AZN) təxminən 6000 manat edirdi. Bu il daha az komfortlu mehmanxanalarda qalmağı nəzərdə tutan ziyarətin xərci 3500 dollardır və bu, indiki məzənnə ilə təxminən 5500 manat edir. Ötən il eyni şərtlərlə ziyarətin xərci isə 4700 dollar idi və bu, müvafiq məzənnə ilə təxminən 5000 manat edirdi.
Qeyd edək ki, Azərbaycanda bu gündən etibarən həcc ziyarəti üçün sənəd qəbulu başlayıb.
----------
11:23
Azərbaycanda bu gündən etibarən həcc ziyarətinə sənəd qəbulu başlayır.
Day.Az bildirir ki, Qafqaz Müsəlmanları idarəsindən (QMİ) APA-ya verilən məlumata görə, ölkədə həcc ilə bağlı sənəd qəbulu yalnız idarə tərəfindən aparılır. Zəvvarlardan xarici pasport, qeydiyyatda olduğu ərazi poliklinikasından sağlamlıq haqqında arayış və 4x6 sm 4 ədəd fotoşəkil tələb olunur. Vizalar QMİ tərəfindən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyindən alınacaq.
Qeyd edək ki, ötən gün Azərbaycanda ziyarətin qiymətləri açıqlanıb. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli otellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən otellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı otellərdə qalmaq üçün təklif olunan variant isə 3500 dollardır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AZAL həyata keçirəcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре