Bakıda bir neçə avtobus marşrutunun xətti dəyişdirilib

Day.Az представляет новость на азербайджанском языке

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində sərnişin daşınma sahəsində optimallaşdırma işlərini davam etdirir. Həyata keçirilən optimallaşdırma tədbirləri şəhər mərkəzi, eləcə də ətraf kənd və qəsəbələrdə nəqliyyat və sərnişin axınının real vəziyyətini əks etdirən təhlillərə əsaslanır. Bununla yanaşı Bakı şəhərində sərnişindaşıma sahəsində keyfiyyətin artırılmasına yönələn bu tədbirlər zamanı sakinlərin çoxsaylı müraciətləri də mütləq qaydada nəzərə alınır. Məhz elə qeyd edilən bu amillərə əsaslanaraq Bakı Nəqliyyat Agentliyi 15, 24, 93 və 172 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında dəyişiklik edib.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, əvvəllər 15 saylı marşrut xətti üzrə avtobuslar Keşlə qəsəbəsindən metronun "Qara Qarayev" stansiyası istiqamətində hərəkət edirdi. Dəyişiklikdən sonra isə sərnişinlər 15 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarla Bakı Olimpiya Stadionuna və Böyük Şor Bulvarına gedə biləcəklər.

Bakıətrafı qəsəbələrdən Bakı Olimpiya Stadionuna və Böyük Şor  Bulvarına getmək istəyən sərnişinlər isə 172 saylı marşrut avtobusundan istifadə edə bilərlər. Belə ki, əvvəllər adıçəkilən marşrut xətti Bilgəh, Maştağa və Zabrat qəsəbələrindən keçməklə Heydər Əliyev prospekti ilə metronun "Koroğlu" stansiyası yaxınlığındakı Nəqliyyatı Mübadilə Mərkəzinə (NMM) daxil olurdu. Dəyişiklikdən sonra bu xətt üzrə avtobuslar Heydər Əliyev prospektindən keçməklə Bakı Olimpiya Stadionuna, oradan isə NMM-ə hərəkət edəcək.

Bununla yanaşı metronun "Nərimanov" stansiyasından 24, "Dərnəgül" stansiyasından isə 93 saylı marşrut xətləri üzrə hərəkət edən avtobuslar da Bakı Olimpiya Stadionuna və Böyük Şor Bulvarına daxil olacaq.

Qeyd edək ki, 15 saylı marşrut xətti üzrə dörd, 172 saylı marşrut xətti üzrə iki, 24 saylı marşrut xətti üzrə bir və 93 saylı marşrut üzrə bir avtobus Bakı Olimpiya Stadionuna və Böyük Şor Bulvarı istiqamətində hərəkət edəcək. Bunu nəzərə alaraq sərnişinlərdən xahiş edilir ki, qeyd edilən istiqamətə getmək üçün 15, 24, 93 və 172 saylı marşrut üzrə avtobuslardan istifadə edərkən məlumat löhvələrinə diqqət etsinlər.

Bildirilir ki, bu dəyişiklik Bakı Olimpiya Stadionunda çalışan əməkdaşların, həmçinin burada təşkil edilən yarışlar və müxtəlif kütləvi tədbirlər zamanı tamaşaçıların idman obyektinə rahat gediş gəlişini təmin edəcək. Bundan əlavə bu yenilik istirahət məqsədi ilə stadionun yaxınlığındakı bulvara üz tutan sakinlərin işini də asanlaşdıracaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.