Novruz Məmmədov: "Ədalət prinsipinə əməl edilməməsi nəinki regionu, bütün dünyanı böhrana sürükləyir"

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi isə təkcə Azərbaycanın deyil, eləcə də bütün regionun inkişafı qarşısında duran əsas maneədir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

N.Məmmədov bildirib ki, bu gün Azərbaycanın qarşısında duran ən böyük çağırış Dağlıq Qarabağ probleminin həll olunmasıdır: "Azərbaycanın regional və beynəlxalq səviyyədə fəaliyyətinin qarşısında dayanan birinci dərəcəli məqsəd öz ərazi bütövlüyünün bərpasıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi isə təkcə Azərbaycanın deyil, eləcə də bütün regionun inkişafı qarşısında duran əsas maneədir".

PA rəsmisi qeyd edib ki, 20 ildən çoxdur ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistanın işğalı altındadır: "Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, ölkədə 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

N.Məmmədov əlavə edib ki, lakin təəssüf ki, münaqişə hələ də həll olunmamış qalır: "Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda bu günə qədər irəliləyiş əldə edilməyib. Ermənistan münaqişənin həllində maraqlı deyil. "Nə hərb, nə də sülh vəziyyəti"ni saxlamaq istəyir. Lakin 2016-cı ilin aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində qoşunların təmas xəttində çoxsaylı insan tələfatı ilə müşayiət olunan gərginlik bir daha göstərdi ki, münaqişənin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər. Beynəlxalq vasitəçilər isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, nədənsə bununla bağlı birmənalı mövqe nümayiş etdirmirlər. Biz ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin, eləcə də dünya ictimaiyyətinin münaqişənin ədalətli həlli üçün konkret addımlar atmasını gözləyirik. Ədalət prinsipinə əməl edilməməsi nəinki regionu, bütün dünyanı böhrana sürükləyir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.