22 il Vətənə xidmət etdi, son döyüşü Laçında oldu – Şəhid zabitin həyat hekayəsi - FOTO
8 Noyabr - Zəfər Günü ərəfəsində şəhid ailələri doğmalarının döyüş yolu, son zəngləri və birgə yaşadıqları günlərlə bağlı xatirələrini bölüşürlər. Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilova üçün də onun son mesajı, övladlarına göstərdiyi qayğı unudulmazdır.
Nərmin Xəlilova Trend-ə açıqlamasında bildirib ki, həyat yoldaşı oktyabrın 30-da Laçının Güləbird kəndi istiqamətində şəhid olub, ertəsi gün Göyçay Şəhidlər xiyabanında dəfn edilib.
Onun sözlərinə görə, Vidadi ilə sonuncu dəfə oktyabrın 29-da səhər saatlarında danışıb. Rabitə zəif olduğundan söhbətləri çox qısa çəkib:
"Son dəfə oktyabrın 29-da səhər danışmışdıq. Rabitə çox zəif idi. Qısaca dedi ki, salamatçılıqdır, hər şey yolundadır. Mən də şükür elədim. Ondan əvvəl, oktyabrın 19-dan 25-dək onunla heç cür əlaqə saxlaya bilməmişdik. Çox narahat idik. Ayın 25-də zəng edəndə səsini eşitdiyimiz üçün çox sevindik. Bilməzdik ki, bir neçə gün sonra belə bir hadisə olacaq".
Nərmin Xəlilova həyat yoldaşına özünü qorumasını xahiş etdiyi mesajı və aldığı cavabı da xatırlayıb:
"Ona yazmışdım ki, özündən muğayat ol. Mənə cavabında yazmışdı: "Mən əsgərimi önə verib arxada dayananlardan deyiləm". O mesaj telefonumda qalmışdı".
Şəhidin həyat yoldaşı bildirib ki, Vidadi Xəlilov 22 il hərbi xidmətdə olub, xidmətinə görə müxtəlif medal və sertifikatlarla təltif edilib. O, peşəsini sevən, işinə məsuliyyətlə yanaşan hərbçi olub.
Nərmin Xəlilovanın sözlərinə görə, həyat yoldaşı xidməti ilə bağlı məsələləri evdə müzakirə etməz, ailəsini narahat etməməyə çalışardı:
"Hərbi xidmət haqqında evdə heç vaxt danışmırdı. Hətta döyüşə getməyini də bizdən gizli saxlaya bilmişdi. Həmişə deyirdi ki, hər şey yolundadır, narahat olmağa əsas yoxdur. Xidməti ilə bağlı sirləri ailədə də bölüşməzdi".
Vidadi Xəlilovun iki övladı - qızı Zəhra və oğlu Əli var. Ataları şəhid olanda Əlinin yeddi, Zəhranın isə 12 yaşı olub. Əli birinci, Zəhra altıncı sinifdə oxuyub.
Nərmin Xəlilova bildirib ki, atasının yoxluğu övladları üçün ağır itki olub:
"Çox gözəl həyat yoldaşı, ailə başçısı, ata, oğul, qardaş və dost idi. Onun itkisini uşaqlarım hələ də yaşayırlar, yoxluğunu qəbul edə bilmirlər. Sanki insanın bütün sümükləri ağrıyır. Həm övladlarım, həm də biz o sızıltını, ürəyimizin acısını hiss edirdik".
Onun sözlərinə görə, Vidadi idmanı sevib, rayona gedəndə dostları ilə futbol oynayıb. Asudə vaxtını isə daha çox ailəsinə və övladlarına ayırmağa çalışıb:
"Övladları ilə vaxt keçirməyi çox sevirdi. Axşam saat səkkizdən sonra işdən gəlirdi. Yorğun olsa da, yeməkdən sonra uşaqlarla gəzir, basketbol oynayırdı. Sanki ürəyinə dammışdı ki, ailə xoşbəxtliyi yarımçıq qalacaq. Elə bil bütün sevgisini, qayğısını, diqqətini o müddətdə bizə çatdırmağa çalışmışdı".
Nərmin Xəlilova 12 illik ailə həyatı ərzində həyat yoldaşının xidməti ilə əlaqədar müxtəlif bölgələrdə yaşadıqlarını deyib. Ailə Beyləqan və Füzulidə yaşadıqdan sonra Gəncədə məskunlaşıb.
Vidadi şəhid olduqdan sonra isə Nərmin Xəlilova övladları ilə Göyçaya köçüb. O, bu qərarını həm xatirələrlə dolu evdə yaşamağın çətinliyi, həm də həyat yoldaşının məzarına yaxın olmaq istəyi ilə izah edib:
"Evin divarları belə onu xatırladırdı. Oturduğu masa, yatdığı çarpayı, gəzdiyi yerlər... Orada yaşamaq mənim üçün çox çətin idi. Məzarı Göyçayda olduğuna görə ona yaxın olmaq, ziyarətinə getmək üçün uşaqlarla Göyçaya köçdüm".
Nərmin Xəlilova sonradan övladlarının təhsili ilə əlaqədar Bakıya köçdüklərini bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре