8 milyarder dünya əhalisinin yarısı qədər sərvətə malikdir

Day.Az представляет новость на азербайджанском языке

İngiltərənin yardım qurumu olan "Oxfam"ın hesabatına görə, dünyanın səkkiz ən zəngin milyarderi planetin yoxsul əhalisinin yarısı ilə eyni sərvətə sahibdir.

Day.Az azvision.az-a istinadən xəbər verir ki, qlobal yoxsulluğa qarşı mübarizə aparan təşkilat bərabərsizlik tendensiyasını dəyişmək üçün yeni iqtisadi modelin yaradılmasına dair çağırış edib.

"Oxfam" bunun səbəbini əmək haqqının məhdudlaşdırılması, vergi yayınmaları və istehsalçıların şirkətlər tərəfindən sıxışdırılması ilə izah edir. Hazırda əsas diqqət zəngin və reytinqli sahibkarlara daha yüksək gəlirlərin gətirilməsinə yönləndirilib. 

Ötən həftə Dünya İqtisadi Forumunun məlumatında bildirilib ki, artan bərabərsizlik və sosial polyarizasiya 2017-ci ildə qlobal iqtisadiyyata iki böyük təhlükə yaradır və bu, qloballaşmanı təsirsiz hala gətirə bilər. 

Hesabata əsasən, dünyanın kasıb əhalisinin 50 % -i "Microsoft"un sahibi Bil Qeyts, İspan geyim brendi olan "Zara"nın sahibi Amansio Orteqa və "Berkshire Hathaway"in məşhur investor və baş icraçısı olan Varren Baffetin rəhbərlik etdiyi qrupların 426 milyard dollar dəyərində olan aktivləri ilə eyni sərvətə sahibdir. 

Siyahıya Meksika telekom maqnatı və "Grupo Carso"un sahibi Karlos Slim Helu, "Amazon"un yaradıcısı Cef Bezos, "Facebook"un sahibi Mark Zukerberq, ABŞ-ın texnologiya şirkəti "Oracle"ın baş icraçı direktou, Larri Ellison və Nyu-Yorkun keçmiş meri və "Bloomberg" xəbər və maliyyə informasiya xidmətinin sahibi Maykl Blumberq də daxildir. 

"Oxfam"ın ötən ilki hesabatında dünyanın 62 ən zəngin milyarderinin aktivləri dünya əhalisinin yarısı ilə bərabər idi. Lakin cari ilin hesabatında bu rəqəm 8-ə düşüb. Buna səbəb Çin və Hindistanda yoxsulluğun daha da pisləşməsi, varlı və kasıblar arasında fərqin artmasıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.