Bu tatar oğlu 200 İŞİD-çiyə qarşı təkbaşına döyüşdü

Day.Az представляет новость на азербайджанском языке

Bu günlərdə Suriyada şəhid olması haqqında informasiya yayılmış  türkmənşəli Rusiya zabiti Marat Axmetşinin son döyüşü barədə yeni faktlar üzə çıxıb.  

Day.Az moderator.az-a istinadən xəbər verir ki, onun Palmira yaxınlığında təkbaşına 200 İŞİD-çinin mühasirəsində qaldığı bildirilir. Maraqlıdır ki, tatar döyüşçü 2016-cı il iyunun 3-də həlak olsa da, bu haqda yalnız 2017-ci il yanvarın əvvəlində məlumat yayılıb. Ötən il iyunun 6-da  Marat Qazanda dəfn edilib. İyunun 23-də ona Rusiya qəhrəmanı adı verilib. Avqustun 31-də isə Kremldə Qəhrəman Ulduzu M.Axmetşinin ailəsinə təqdim edilib.

Ancaq KİV tədbirə dəvət edilməyib. Və, ümumiyyətlə, bu barədə heç bir rəsmi məlumat verilməyib.  Rusiya mediası bunu Qərb Hərbi Dairəsinin özüyeriyən artilleriya divizionu qərargahının kəşfiyyat rəisi olan kapitan Marat Axmetşinin Suriyada məxfi şəkildə döyüşməsi ilə izah edir. Jurnalistlər belə bir maraqlı faktı da aşkar ediblər ki, M.Axmetşinə verilmiş Qəhrəman Ulduzu rəsmən 1062 nömrəli olsa da, 1991-ci ildən 2016-cı lin noyabrınadək Rusiyanın mətbuata və geniş ictimaiyyətə bəlli olan 1040 Qəhrəmanı olduğu bilinib. Belə çıxır ki, Rusiyanın hələ 20-dən çox gizli qəhrəmanı var...

Marat Axmetşin barədə geniş məlumat yalnız bu günlərdə Qazanda təhsil aldığı məktəbdə xatirəsinə həsr edilmiş gecədə yayılıb. Atası Radik Axmetşin Maratın son döyüşü barədə bunları danışıb: "O, 200 İŞİD-çiyə qarşı tək qalıb. Onların tank və "BTR"-ləri olub. Maratın isə bir avtomatı, 3 topu (yeri gəlmişkən, nizamnaməyə görə, bir topa 4 hərbi qulluqçu təhkim olunur-red.) və qumbaraları var imiş. Və o, düşmənə döyüşlə cavab verib. O, sərrast atır. Bir neçə tank və "BTR"-i vura bilib. Kömək gəlib çatandan  və terrorçuları geri oturdandan sonra Maratı sağ tapıblar. O, tamam qan içində imiş. Ətrafındakı hər şey yanırmış. Marat əlində həlqəsi çəkilmiş qumbaranı hazır tutubmuş. Görünür, İŞİD-çilərin yaxınlaşacağı təqdirdə özünü partlatmağı düşünürmüş. Bizimkilər qumbaranı əlindən alıb kənara atıblar. Yalnız bundan sonra oğlum huşunu itirib və üzü üstə düz odun içinə yıxılıb. Həkimlər Maratın həyatını xilas edə bilməyiblər. O, ən azı, 3 öldürücü güllə yarası alıbmış..."

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.