20 Yanvar hadisələrində Qubanın iki, Xaçmazın bir sakini şəhid olub

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın şimal rayonlarında 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anılıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Xaçmazda minlərlə rayon sakini Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarlarını ziyarət edib.

Ziyarətçilər 20 Yanvar şəhidlərindən olan Xaçmaz rayon Uzunoba kənd sakini Zahid Abdullayevin xatirə lövhəsinin önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Azadlıq yolunda canından keçmiş 20 Yanvar şəhidi Zahid Abdullayev 1959-cu il martın 5-də Xaçmaz rayonunun Uzunoba kəndində anadan olub. Qanlı Yanvar hadisələri zamanı Z.Abdullayev zavoddakı iş yoldaşları ilə birlikdə meydanda etiraz səsini ucaldanlar arasında olub. Həmin gecə o, evə qayıtmayıb. Səhər ailəsi onun şəhid olduğunu öyrənib. Z.Abdullayevi güllə ilə başından vurublar.

İki oğul, bir qız atası olan şəhid Z.Abdullayev Xaçmaz rayonunun Uzunoba kəndində dəfn edilib. Kənddəki orta məktəb şəhidin adını daşıyır.

Bununla yanaşı, rayon icra hakimiyyətinin təşəbbüsü ilə xiyabanda Milli Qəhrəman Yavər Şahbazovun büstü qoyulub.

Xaçmaz rayonu, ümumilikdə, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə 240-a yaxın şəhid verib.

Х Х Х

Quba rayonunda da 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan anım mərasimləri keçirilib.

Mərasim iştirakçıları Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan qubalı şəhidlərin xatirəsini anıblar.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri 20 Yanvar şəhidi Rahib Hüseynovun məzarını ziyarət ediblər. Rahib 8 övlad atası idi. O, həmin gün şəxsi işi ilə əlaqədar rayondan Bakıya gedib. Avtomobildə getdiyi yerdə güllə yağışına tuş gəlib. Ağır yaralardan dünyasını dəyişən şəhid Quba şəhər qəbiristanlığında dəfn edilib.

Quba rayonunun Küçeyi kəndində də anım mərasimi təşkil olunub. Burada doğulub boya-başa çatan 20 Yanvar şəhidi Elçin Qeybullayevin kənd qəbiristanlığındakı məzarını qohumları, həmkəndliləri, icra strukturlarının nümayəndələri və məktəblilər ziyarət ediblər. Şəhid Elçin Qeybullayev 1968-ci ildə doğulub. Hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərində işləməyə başlayıb. Qanlı faciə baş verən gecə yoldaşları ilə birlikdə "Salyanski kazarma" deyilən yerdə tankların qarşısına əliyalın çıxan Elçin qəhrəmancasına şəhid olub. Quba rayonu Küçeyi kənd ümumi orta məktəbi E.Qeybullayevin adını daşıyır.

20 Yanvar hadisələri zamanı Qubanın iki sakini şəhid olub, üç nəfər isə yaralanıb.

Х Х Х

Qusar rayon ictimaiyyəti də 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib.

Şəhər Mədəniyyət Evində Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılara 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar xüsusi kompozisiya təqdim edib. Səhnə əsərində yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın yaşadığı faciə öz əksini tapıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.