20 Yanvar azadlığımızın və milli iradəmizin simvoludur
Day.Az представляет новость на азербайджанском языке
20 Yanvar Azərbaycan xalqının tarixinə tək faciə kimi yox, həm də qəhrəmanlıq zirvəsi kimi yazılıb.
AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikir bölmədə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan "20 Yanvar - azadlığımızın və milli iradəmizin simvolu" mövzusunda keçirilən elmi konfransda səsləndirilib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə bölmənin sədri akademik İsmayıl Hacıyev çıxış edərək SSRİ-nin ermənipərəst rəhbərliyinin Azərbaycan xalqına qarşı məkrli siyasəti nəticəsində 20 Yanvar faciəsinin törədildiyini bildirib. O, ölkəmizin həmin ərəfədə informasiya blokadasında olduğunu və ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində cəsarətli bəyanatı ilə xalqın səsini dünyaya çatdırdığını söyləyib.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov "20 Yanvar faciəsi ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət", institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev "Ümummilli lider Heydər Əliyev və 20 Yanvar faciəsi", şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov "20 Yanvar faciəsi - insanlığa qarşı cinayət" və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova "20 Yanvar hadisələri bədii ədəbiyyatda" mövzularında elmi məruzələrlə çıxış ediblər.
Tədbirdə, həmçinin Bəxtiyar Vahabzadənin Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "Şəhidlər" poemasından parçalar, Qabilin "Mərsiyə"sindən, Məmməd Arazın "Ayağa dur, Azərbaycan", Məmməd Aslanın "Ağla, qərənfil, ağla", eləcə də Asim Yadigarın "Şəhidlik", Xanəli Kərimlinin "Bütövlük" poemalarından parçalar, Vaqif Məmmədovun "Sədərək harayı" və digər şairlərin bu qəbildən olan şeirləri oxunub.
Tədbir iştirakçıları bölmənin elektron kitabxanasında təşkil edilən "Qanlı 20 Yanvar" sərgisi ilə də tanış olublar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре