"Qardaşım helikopterlə Bakıya aparılarkən boğularaq öldürülüb"

Day.Az представляет новость на азербайджанском языке

Ötən əsrin 80-ci illərinin sonları və 90-cı illərin əvvəllərində Bakıda olduğu kimi, ölkəmizin bölgələrində də milli azadlıq hərəkatı geniş vüsət almışdı.

Sovet ordusu azadlıq mücahidlərinin səsini boğmaq üçün 1990-cı il yanvarın 20-də Bakıda qırğın törətdikdən sonra Azərbaycanın bölgələrinə tanklar yeritdi. Yanvarın 24-də Cəlilabad rayonunda həbslər başlandı, yanvarın 25-də Neftçala rayonunda iki nəfər qəhrəmancasına həlak oldu. Bundan iki gün sonra sovet imperiyası Lənkəran şəhərinə qoşun yeritdi. Sovet hərbçilərinin burada törətdiyi vəhşiliklər nəticəsində 6 sakin şəhid oldu.

Yanvar hadisələri ilə bağlı acı xatirələrini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən "20 Yanvar" İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədri Yusif Abdullayev bildirib ki, həmin günlər Lənkəranda sovet hakimiyyətinə, onun ermənipərəst mövqeyinə qarşı etiraz mitinqləri keçirilirdi.

Lənkəranda azadlıq hərəkatı üzvlərinin şəhərdə qırğın törədilməməsi üçün Haftoni meşəliyinə çəkildiyini bildirən Yusif Abdullayev qeyd edib ki, sovet ordusunun çox sayda hərbi qüvvəsi meşədə onları mühasirəyə alıb. Həmin gecə Haftoni meşəliyində 5 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib.

Yusif Abdullayev Lənkəranda milli azadlıq hərəkatının üzvü, qardaşı şəhid Tariyel Abdullayevdən danışarkən gözləri dolur. O, qəhərini boğaraq ailəsinin qardaşının ölümündən uzun müddət xəbərsiz olduğunu bildirir: "Lənkərandan Bakıya helikopterlə 45 əsir apardılar. Qardaşım Tariyel də onların arasında idi. Onun barəsində yalnız fevralın 8-də Respublika Dəfn Komissiyasının köməyi ilə xəbər öyrənə bildik. Məlum oldu ki, qardaşım Bakıya aparılarkən məftillə boğulub və paytaxtda "Salyanski kazarma"nın yanında kimsəsiz kimi küçəyə atılıb. Yanvarın 31-də Şəhidlər xiyabanında "Əli" adı ilə dəfn olunub. Bunu öyrəndikdən sonra fevralın 11-də Bakıda qardaşımın dəfn mərasimini keçirdik...".

"Ölkəmizin bölgələrində, həmçinin paytaxtda baş verən bu qırğınlara, sovet rəhbərliyinin cəhdlərinə baxmayaraq insanların haqq səsini, azadlıq istəyini boğmaq mümkün olmadı. Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən bu qırğınlarda xalqımız qurbanlar versə də, mübarizə əzminin qırılmaz olduğunun sübut etdi", - deyə İctimai Birliyin Lənkəran rayon şöbəsinin sədri vurğulayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.