İçmişəm, sərxoşam mən...
Day.Az представляет новость на азербайджанском языке
Qadınların spirtli içkilərdən istifadə faizi sürətlə artmaqdadır
Prodüser Təranə Səmədovanın avtomobili Dövlət Yol Polisi işçiləri tərəfindən saxlananda xanım sürücünün sükan arxasında içkili olması, üstəlik, özünü apara bilməməsi və polis işçiləri ilə kobud davranışı ilə bağlı telekanallarda yaranan görüntülər insanlar tərəfindən kəskin qınandı. Hərçənd "bu kadrların efirə verilməsinin nə mənası vardı?" deyənlərlə yanaşı, "Qadın da içərmi?", "İçib özünü qadın kimi apar bilmir" deyənlər də çoxdu. Əslində prodüserin içkili vəziyyətdəki davranışı cəmiyyətdə qadınların spirtli içkidən istifadə məsələsini də gündəmə gətirdi. Həm də ziddiyyətli formada. "Müasir qadının spirtli içkidən istifadəsində qüsurlu heç nə yoxdur"- deyənlərə "Qadın nədir, içki nədir?" deyənlərin çoxsaylı etirazları eşidildi.
Fakt odur ki, bu gün spirtli içki içən qadınların sayı kişilərlə bərabər artır. Və artıq bu, təkcə dünyanın yox, həm də bizim problemimizə çevrilib. Məsələn, Birləşmiş Ştatlarda aparılan araşdırmaların nəticələri göstərib ki, qadınlar spirtli içkiləri kişilər qədər içir. Alkoqolizm və Alkoqol Milli İnstitutunun "Alkoqolizm: Kliniki və Eksperimental Araşdırma" jurnalında dərc edilən məqalədə qadınla kişi arasında alkoqol istehlakında fərqin azaldığı deyilir. "Tədqiqat apararkən biz müəyyən etdik ki, bu dövrdə gündəlik içki istehlakı və bir ay ərzində spirtli içki içilən günlərin sayı kimi göstəricilərdə fərq azalır. Bu, alkoqollu içkilərdən doğan problemlər, o cümlədən içkili şəkildə avtomobilin idarə edilməsi hallarına da şamil edilir" - deyə, institutun baş elmi məsləhətçisi Aaron Uayt bildirir. Araşdırmaları apararkən Aron Uayt 2002-ci ildən başlayaraq 2012-ci ilədək hər il aparılan monitorinqin nəticələrinə nəzər salıb. O, son 30 gündə spirtli içki içən qadınların sayının 44.9 faizdən 48.3 faizə qalxdığını aşkar edib. Bu arada isə spirtli içki içən kişilərin sayı 57.4 faizdən 56.1 faizə düşüb. Araşdırmaların nəticələrinə görə, qadınların spirtli içki içdiyi günlərin sayı ayda 6.8-dən 7.3-ə qalxdığı halda, kişilərinki 9.9-dan 9.5-ə düşüb. Araşdırmalar İnstitutunun direktoru Corc Kob nəticələrin narahatedici olduğunu, spirtli içki içən qadınların kişilərlə müqayisədə daha çox təhlükədə olduğunu deyir. O, alkoqolun qadınlarda qaraciyər iltihabına, ürək-damar xəstəlikləri, xərçəng və neyro-toksik xəstəliyə səbəb olma riskinin çox olduğunu bildirir. Araşdırmaların nəticələri əsasən, 18-dən 25 yaşlar arasındakı qadınların daha çox içdiyi məlum olub. Lakin onlar universitet təhsilli deyil. Əksinə, kollecdə oxuyan qadınlar və kişilər daha az içir. Alimlər hələ də qadınların içkini azalda bilməmələrinin səbəbini aydınlaşdıra bilmədiklərini qeyd edirlər. Lakin işlə təmin olunmanın, hamiləliyin və ya analığın bunun qarşısını almadığı məlumdur.
Mövzu ilə bağlı söhbətləşdiyimiz həkim və psixoloqlar da qadınların spirtli içkilərə meyllərinin artmasından narahatdırlar.
Kütləvi təbliğat olsa...
Professor Adil Qeybullanın fikrincə, spirtli içkinin qadın və ya kişi tərəfindən qəbul edilməsinin fərqi yoxdur. Belə ki, hər ikisi insan orqanizmidir və hər kəs özü bunu tənzimləməlidir: "İçkiyə meyllilik həyat tərzidir. İnsan bir müddət buna əməl etməyəndə, sonra bu, asılılığa çevrilir. Müəyyən dövrdə çox içki içən adamlarda alkoqolizmdən kəskin zəhərlənmə olur. Bu cür hallar davam etdikcə insan orqanizmi ona öyrəşir və alkoqol asılılığına və xroniki alkoqola keçir". Professorun bildirdiyinə görə, xroniki alkoqolizmin müalicəsi çox çətindir. Belə ki, orqanizmin özündə elə kimyəvi birləşmələr formalaşır ki, bədən həmin alkoqolu tələb edir: "Elə yerlər var ki, artıq qadınlar alkoqol qəbulunda kişilərdən geri qalmırlar. Spirtli içkinin qəbulu nə qədər erkən başlayırsa, onun problemləri də daha çox olur". Spirtli içkilərin kişilərə də təsirsiz ötüşmədiyini bildirən professorun sözlərinə görə alkoqol qadın orqanizminə daha çox ziyan vurur. Yəni qadın hamiləlik dövründə bətnində uşaq daşıyır. Alkoqol ananın qanından uşağın qanına keçə, körpənin sinir sisteminin pozulmasına səbəb ola, o cümlədən uşağın alkoqolizmə meyllənməsinə gətirib çıxara bilər. Həmçinin, qadınlarda süd vəzi, uşaqlıq boynu, mədə xərçənginə səbəb ola bilər: "Bu cür məsələlər dünyada ciddi şəkildə aktuallıq kəsb edir. Alkoqolun satışı məsələsinə də diqqət yetirilməlidir. Bəzi ölkələrdə alkoqol müəyyən yaş həddinə qədər olan insanlara satılır". A.Qeybullanın fikrincə, belə problemlərin həlli yalnız kütləvi təbliğatdan asılıdır: "Təcrübə göstərir ki, bu istiqamətdə vətəndaş cəmiyyətlərin təqdim etdiyi layihələrin xüsusi önəmi yoxdur. Bu tip təbliğatlar KİV-də və elektron mediada aparılsa daha yaxşı olar. İnsanlar televizoru izləyirlər. Alkoqol təsirindən baş verən fəsadlar mütəmadi təbliğ olunsa, bu, insanları müəyyən qədər çəkindirər. Spirtli içkinin zərəri beyinlərə daim yeridilməlidir ki, insanlar onun aktuallıq kəsb etdiyini bilsinlər".
Psixoloji problem?
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov isə prosesin qadınların siqaretə aludəçiliyindən başladığını bildirir. Belə ki, keçən əsrdə ABŞ-da başlayan hərəkatda qadınların bu istiqamətdə fəallığı özünü göstərib: "Qadınlar aktiv həyata başlayandan sonra siqaret etiraz forması kimi onların həyatında yer aldı. Həm də siqaretin psixoanalitik izahatı kişi xarizması kimi dəyərləndirilir. O dönəmdə də qadınların siqaret çəkməsi, kişilərlə bərabər hüquqa malik olması kimi dəyərləndirilmə başladı. Həmin vaxt mətbuat bununla bağlı fotolar yaydı və proses dolayısı ilə təbliğ olunmağa başladı. Sonra da bu proses dayanmadı. Bu gün siqaret çəkənlər sabah alkoqollu içkilər qəbul etdilər. Onlar daha çox yüngül alkoqol içkilər istifadə edirdilər. Çünki alkoqolun qadın orqanizminə vurduğu ziyan kişi orqanizminə vurduğu ziyandan qat-qat çoxdur. Belə ki, kişi orqanizminə alkoqolun təsiri daha az olur. Məsələn, serroz həmin miqdarda alkoqol qəbul edən kişilərə nisbətən qadınlarda daha tez özünü büruzə verir". Psixoloq hesab edir ki, qadınların aktiv həyatları, çalışmaları ilə əlaqədar kişilərə aid olan "həzz" mənbələrini sınamağa başlayıblar: "Bu, psixoloji problem kimi istər Avropada, istər ABŞ-da, istərsə də Azərbaycanda müşahidə olunur. Qabaqlar qadınlar siqareti gizli çəkirdilər və yaxud alkoqoldan istifadə etmələrini gizlədirdilər. Şübhəsiz ki, bu onların psixologiyasına da təsir göstərir". Psixoloqun sözlərinə görə, spirtli içki ifrat qəbul olunduğu təqdirdə ailədaxili və cəmiyyətdəki münasibətlərə də təsir göstərir: "Bəzən qadın sürücülərin yol polisi tərəfindən məsuliyyətə cəlb olunması, içkili vəziyyətdə avtomobili idarə etmələri narahatedici bir davranış kimi dəyərləndirilir. Yəni, sabah qəza da baş verə və yaxud digər fəsadlar da ola bilər. Amerika cəmiyyəti bu gün geriyə gedir. Artıq bu gün amerikalı xanım "Mən karyera qurmaqdan bezdim, indi xanım olmaq istəyirəm" deyir. Bu baxımdan onlar geri qayıdırlar. Bizdə isə bu meyillik qalxan templə gedir. Yəqin ki, bir müddətdən sonra Azərbaycan qadını da eyni nöqtəyə gəlib çıxacaq". Alkoqola və siqaretə meyllilik daha çox tənha qadınlarda müşahidə olunur: "Həyat yoldaşından boşanan və yenidən həyat qurmayan qadınlar risk qrupuna daxildir. Ancaq bu o demək deyil ki, ailəli qadınlar alkoqollu içkilərdən istifadə etmirlər. Sadəcə, bu, çox vaxt mütəmadi xarakter daşımır və asılılıq səviyyəsinə keçmir. Çünki bunu onların yanında tənzimləyən adam var".
Psixoloqun fikrincə, bu cür proseslərin qarşısının alınması üçün cəmiyyətdə maarifləndirici işlərinin aparılmasına ehtiyac var. Xüsusən, ailə dəyərlərinin qorunub saxlanması istiqamətində işlər həyata keçirilməlidir.
Kaspi.az
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре