Özləri əkib, özləri çəkir

Day.Az представляет новость на азербайджанском языке.

Dünyanın narkotik maddəyə mübtəla olduğu günümüzdə hüquq-mühafizə orqanları onunla hər nə qədər mübarizə aparsa da, tiryəkçilər onu əldə etmənin bir yolunu tapırlar. Filmlərə mövzu olan bəzi epizodlar insanların ona çatması üçün necə var-yoxdan çıxdığını, qətllər törətdiyini ortaya qoyur. Amma narkomanlar və narkomanların "dost"ları onu əldə etmək üçün zaman-zaman orijinal üsullara da baş vururlar.

Ötən həftə villasının həyətində narkotik maddə əkən azərbaycanlı ilə bağlı ilginc məlumat dərc edildi. Amma məlum oldu ki, özünü təmin etmək, narkotik ehtiyacını ödəmək üçün daha orijinal üsullara baş vuranlar var. Özü də ölkəmizdə. Onlardan bir neçəsini yada salaq.

Milyoner qardaşının həyətində narkotik əkilib

Bu ilin əvvəlində Bakı sakininin yaşadığı evdən külli miqdarda narkotik vasitə aşkar edilib. Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şüvəlan qəsəbə sakini Əsgərov Habil Əsgər oğlunun yaşadığı evin həyətindən hər birinin çəkisi 35 qram olan 22 ədəd çətənə kolu, evdən isə 5 kiloqram 167 qram marixuana aşkar edilərək götürülüb. Polislərin narkotik vasitələri tapdıqları həyət evi H.Əsgərovun özünə məxsus deyil. Saxlanılan şəxs həmin evdə qarovulçu işləyib. Mənzil sahiblərinin evə gec-gec gəlməsindən istifadə edən H.Əsgərov həyətdə narkotik vasitələr əkib-becərib.

Narkotik vasitələrin əkildiyi mülk məşhur azərbaycanlı milyarder İsgəndər Xəlilovun qardaşı Ramiz Xəlilova məxsusdur. Saxlanılan H.Əsgərov R.Xəlilovun evində qarovulçu işləməzdən əvvəl, Xəlilov qardaşlarının sahibi olduğu Bakı Əyləncə Mərkəzində (BƏM) aşpaz işləyib.

Həyətini narkotik plantasiyasına çevirənlər

Bu ilin sentyabr ayında həyətində narkotik bitki əkib-becərən 41 yaşlı zərgər saxlanılıb. Sənəti zərgərlik olan Bakı sakini qabiliyyətini başqa sahədə sınayıb. Zərgər bu dəfə peşəsini qızıl-zinətin hazırlanmasına deyil, narkotik vasitələrin əkininə dəyişib. Abşeron Rayon Polis İdarəsi əməkdaşları Novxanı kənd sakini, 41 yaşlı Kənan Quliyevin həyətyanı sahəsinə baxış keçirən zaman əkin sahəsində narkotik bitki olan tiryəkaşk arlayıblar. Saxlanılan şəxs artıq bir neçə müddətdir narkotik vasitədən istifadə etdiyini bildirir. Qeyri-qanuni yolla əkilən narkotik bitkilər polis əməkdaşları tərəfindən yığılaraq maddi sübut kimi götürülüb.
2014-cü ildə isə Masallı sakininin həyətindən külli miqdarda çətənə kolları aşkarlanıb. Maraqlıdır ki, saxlanılan şəxs narkotik vasitədən düz 40 ildir ki istifadə etdiyini və bu narkotik maddələrin onun üçün hələ az olduğunu deyir. Masallı polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininin həyətyanı sahəsindən külli miqdarda narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb. Rayon Polis Şöbəsinin (RPŞ) təhqiqat bölməsinin rəisi Aslan Rzayevin verdiyi məlumata görə, Masallının Ərkivan qəsəbə sakini, 51 yaşlı Lazım Şahrza oğlu Hüseynovun  narkotik vasitələri qeyri-qanuni əkib becərməsi ilə bağlı şöbəyə  məlumat daxil olub.

Daxil olan məlumat əsasında polis şöbəsinin əməkdaşları dərhal hərəkətə keçiblər. Lazım Hüseynovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman ev sahibinin bostan və tərəvəz bitkiləri arasında dibçəklərdə və torpaqda qanunsuz olaraq əkib -becərdiyi və aqrotexniki qaydada qulluq göstərdiyi narkotik xassəli 37 çətənə kolu aşkar edilib. Lazım Hüseynov isə saxlanılaraq şöbəyə aparılıb. O, törətdiyi cinayət əməlini  etiraf edərək, çətənəni şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Ağdam rayon Polis Şöbəsinin əməkdaşları çətənə kollarının əkilib-becərilməsi və alqı-satqısı ilə məşğul olan şübhəli şəxsi saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları rayonun Xındırıstan kənd sakini Firdovsi Allahverdiyevin evində əməliyyat keçiriblər. Nəticədə həmin şəxsin həyətində becərilmiş çətənə kolları aşkarlanıb. 42 yaşlı Firdovsi Allahverdiyev polis tərəfindən saxlanılıb.

Kriminal xronikada isə Kürdəmirdə nar bağında, eləcə də fındıq bağında narkotik maddə əkilməsi ilə bağlı bir çox xəbərə rast gəlmək mümkündür.

Qarabağda da narkotik əkilir...

Baş nazirin müavini Əli Həsənov isə tədbirlərdən birində bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində narkotik əkilir, satılır, bu ərazilər Əfqanıstan narkotikinin beynəlxalq tranzit marşrutuna çevrilib: "O ərazilərdə terror qrupları formalaşdırılıb və dünyanın müxtəlif konflikt zonalarına göndərilir. Bundan müəyyən vəsait qazanırlar. Bu yaxınlarda Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotikləri daşıyan bir neçə şəxsi saxlanılıb. Onlar özləri etiraf ediblər ki, bu orada əkilib, becərilən narkotikdir. 1998-ci ildən Azərbaycan Prezidenti, hökuməti bu problemi beynəlxalq tədbirlərdə qaldırıb və bildirilib ki, həmin ərazilərdə belə hallar, faktlar var. Bu bir daha onu göstərir ki, dünyanın özündə də bu cür faktlara haradasa biganəlik var. Bu biganəlik özü də gələcəkdə həmin dövlətlərin özü üçün ciddi bir problemə gətirib çıxara bilər. Həmin problemlə bağlı BMT-nin narkotiklərlə məşğul olan idarəsinə bu yaxınlarda yenə bir müraciət göndərəcəyik".

Orduda da narkotik yetişdirilir, evlərin damında da...

İtaliya ordusunun marixuana istehsalına başlayacağı barədə məlumat sentyabrda hökumət tərəfindən elan edilmişdi. Ölkədə nəşr olunan "Corriere della Sera" qəzetinin internet saytında artıq yaxşı məhsul əldə edildiyi bildirilir. Florensiya şəhərində hərbi tarlanın ətrafında möhkəm təhlükəsizlik tədbirləri görülüb. Ordu illik 100 kiloqram məhsul əldə etməyi hədəfləyib. Zavodlarda əldə edilən məhsulun qurudulması və qablaşdırılması üçün də xüsusi hazırlıqlar görülür.

Polkovnik Antonio Medica müsahibəsində bildirib ki: "Məqsədimiz getdikcə artan xəstəni daha uyğun qiymətə tibbi narkotiklə təmin etməkdir. Xəstələr hər zaman normal narkotik tapa bilmirlər". Onu da qeyd edək ki, italyan həkimlər xəstəyə qanuni olaraq narkotik yaza bilirlər. Ancaq tibbi narkotikin xərci dövlət tərəfindən qarşılanmır. Apteklərdə satılan narkotik isə olduqca bahalıdır. Nazirlik vəziyyəti dəyişdirmək və qiymətləri aşağı salmaq niyyətindədir. İtaliya hal-hazırda tibbi narkotikanı xarici ölkələrdən, xüsusilə də Hollandiyadan idxal edir və qramı 35 avroya satılır.

Hollandiya polisi Haarlem şəhərində maraqlı bir narkotik əməliyyatı reallaşdırıb. Ətrafdakı binaların damında qar olduğu halda bir binanın damında qar olmaması hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Narkotik maddə olan çətənə kolu becərilərkən isti hava və işığa ehtiyac duyulduğunu bilən polislər evə basqın edib. Şübhələrində yanılmayan hüquq-mühafizə orqanları evdə qeyri-qanuni şəkildə çətənə kolunun yetişdirildiyinin şahidi olub.
Hollandiya polisi daha sonra bu evin fotoşəkilini bir sosial şəbəkədə paylaşaraq bu qeydləri verib: "Əgər qonşunuzun damında qar yoxdursa və qonşunuzun çətənə kolu yetişdirdiyini düşünürsünüzsə, bizə anonim şəkildə bildirin".

Polisin bu paylaşımı ictimai mediada böyük əks-sədaya səbəb olub.

İldə 10 min ton tiryək istehsal edilir

Xaşxaş, yəni tiryək ən bahalı narkotiklərdən olan heroin üçün ilkin xammaldır. Birləşmiş Millətlər Təşkilatının  Narkotik və Cinayətkarlığa qarşı Mübarizə ofisinin məlumatına görə, tiryək istehsalı illik 10 min tona yaxınlaşır. Əfqanıstan isə bunun 90 faizini istehsal edir. Ölkədə narkotik maddələri üçün ayrılan ərazi 250 min hektardır. 9 min tonluq tiryək saqqızından isə ildə təxminən 500 ton heroin əldə edilir. Tiryək saqqızlarından Əfqanıstanın Pakistan və İran sərhədlərindəki laboratoriyalarında heroin əldə olunur. Əldə olunan heroinin isə təxminən 400 tonu digər ölkələrə göndərilir.

400 tonluq "əfqan malı"nın 100 tonunun hər il şimal istiqamətində - Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan marşrutu ilə Rusiyaya çatdırıldığı təxmin edilir. Heroinin 100 tonu da müxtəlif yollarla Çin, ABŞ, Kanada və Afrika ölkələrinə göndərilir. Qalan 200 ton heroinin ünvanı isə Avropadır. Son məlumatlara görə, Əfqanıstanda bir kiloqramı 3 min dollara alınan heroinin qiyməti Türkiyəyə çatanda 12 min dollara çatır. Heroin Türkiyə üzərindən Avropaya çatanda isə qiyməti 45 min dollara satılır. Terror təşkilatları isə narkotikin daşındığı marşrutların "təhlükəsizliyi"nin təmin edilməsi üçün çox əhəmiyyətlidir. Kabil - Nyu York xəttində ilk mərhələ olan Kabil-London marşrutunun "təhlükəsizliyi"ni isə PKK üzərinə götürür.

PKK isə bu işin əvəzində Qərb ölkələrindən aldığı silahlarla hücumlarını davam etdirir. Cənubi Koreyada marixuana ümumiyyətlə narkotik maddə kateqoriyasına daxil deyil. Əsgər və işçilər isə yorğun və gərgin günün sonunda stressdən və günün yorğunluğundan qurtulmaq üçün marixuanadan istifadə edirlər və bu, az qala günün sonunda spirtli içki içməyə bərabər sayılır.

Dünyada narkotik maddənin satışı və istifadəsinin qanuni olduğu ölkələr də var. Bu siyahıya son olaraq Rumıniya daxil olub. O, Avropa Birliyi (AB) ölkələri arasında narkotiki qanuniləşdirən onuncu ölkə sayılır. Tibb məqsədilə narkotikdən istifadənin qanuni olduğu ölkələrin siyahısı aşağıdakı kimidir: ABŞ, Argentina, Avstraliya, Belçika, Braziliya, Kamboca, Kosto-Rika, Xorvatiya, Çexiya, Ekvator, Estoniya, Fransa, Hindistan, İran, Pakistan, Cənubi Koreya, Uruqvay, İspaniya, Hollandiya.

Məsələn, siyahıdakı ölkələrdən biri olan Uruqvay dünya üzrə dövlət nəzarəti ilə marixuana sənayesi quran tək ölkə olmağa hazırlaşır. Plan çərçivəsində marixuana qiymətləri bir xeyli aşağı salınacaq və qara bazar üzərinə təzyiq ediləcək. Nəticədə marixuananın yetişdirilməsi və paylaşdırılması hökumətin nəzarəti altında olacaq. Portuqaliya hökuməti isə narkotik istifadəçiləri üçün tətbiq etdiyi pul cəzasını 2001-ci ildə ləğv edib. Ardınca "Narkotikdən imtina və reabilitasiya" adlı proqramlara keçdi və bu təcrübə ilə olduqca ciddi müvəffəqiyyət əldə etdi.

Marixuana ABŞ-da federal səviyyədə hələ qanundan kənar sayılır. Amma "medikal marixuana" adına hardasa 300 milyon dollar xərclənib. Bununla yanaşı, prezident qanunlara hər hansı dəyişiklik etməyi planlaşdırmır və bu dəyişikliyi dəstəkləmir.

Bu arada narkotik istifadəçilərinin daha bir "maraqlı" çıxış yolu var. Satışı qanunsuz sayılan narkotik maddələrin əvəzinə onların təqlidi olan "psixoaktiv maddə", "bitkisəl narkotik"lər satışa çıxarılır. Bu yeni narkotik maddələr hər həftə müəyyən qrafiklə bazardakı yerini alır. Bəzi ölkələr səhiyyə sistemini qorumaq məqsədilə bu satışın kökünü kəsdikləri halda bir qisim ölkələr bu məsələdə daha rahat davranırlar.

Portuqaliyada müalicə məqsədilə istifadə edilən dərmanların qeyri-tibb məqsədilə istifadəsinə görə sintetik narkotik maddələr satışa çıxarılıb. Ölkənin gəncləri bu maddələri çox asanlıqla əldə edə bildiklərini deyirlər: "Bunları tapmaq çox asandır. Bir dükana girib satın almaq mümkündür. Yeni mal olduğu üçün yeni bir təcrübə sayılır. Polis da buna bir şey deyə, bizi həbs edə bilməz. Ona görə də çatımı asan olan bu dərmanlardan istifadə edərkən özümüzü daha güvəndə hiss edirik".

Bəzi hökumətlərin ciddi cəhdlərinə baxmayaraq, bu dərmanlar hər gün artan internet saytları vasitəsilə satın alına bilir. Bəzi ölkələrdə isə qanuni narkotik maddələr "ağıllı dükan" adı verilən dükanlarda realizə edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. 

"Yeni Müsavat"